BMqT-nin Azərbaycan nümayəndəliyi ilə Dövlət Sosial Müdafiə Fondu arasında protokol imzalanıb

BMqT-nin Azərbaycan nümayəndəliyi ilə Dövlət Sosial Müdafiə Fondu arasında protokol imzalanıb<span class="qirmizi"></span>

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov əməkdaşlığa dair niyyət protokolu imzalayılar.

AZƏRTAC xəbər verir ki, sənədə əsasən BMqT ilə DSMF arasında bir sıra sahələrdə, o cümlədən münaqişələrdən zərər çəkmiş insanlar da daxil olmaqla həssas əhalinin, readmissiya edilmiş vətəndaşların və könüllü qayıdanların sosial yardımla səmərəli şəkildə təmin edilməsi üçün beynəlxalq standartlara və qabaqcıl təcrübələrə uyğun sosial müdafiə tədbirlərinin hazırlanması nəzərdə tutulur.

Niyyət protokolunda, həmçinin Bakıdan kənar regionlara diqqəti yönəltməklə, həssas əhali və BMqT-nin benefisiarları arasında DSMF tərəfindən təklif olunan mümkün sosial və iqtisadi yardım imkanları və hüquqi vasitələr haqqında maarifləndirmə işlərinin aparılması, ucqar ərazilərdə yaşayan həssas əhaliyə elektron sosial xidmətlər əksini tapır. Sənəd, eləcə də DSMF-nin xidmətlərinə asan çıxışın təmin edilməsi üzrə hazırlanmış təlim, bilik və bacarıqların artırılması, DSMF tərəfindən göstərilən xidmətlərin monitorinqi və qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsinin dəstəklənməsi, xaricdə yaşayan azərbaycanlı əməkçi miqrantlarla bağlı sosial müdafiə sahəsində məlumatların yayılması, bilik və bacarıqların gücləndirilməsi, habelə onların Azərbaycan Hökuməti tərəfindən göstərilən sosial xidmətlərə çıxış imkanlarının təkmilləşdirilməsi sahələrində əməkdaşlığı ehtiva edir.

İmzalanma mərasimində çıxış edən DSMF-in İdarə Heyətinin sədri Himalay Məmişov DSMF və BMqT-in Azərbaycan nümayəndəliyi arasında imzalanan protokolun insanların rifahının artırılması və sosial təminat sahəsindəki islahatlara dəstək, həssas insan qruplarına, xüsusən də ölkəyə könüllü qayıdan Azərbaycan vətəndaşları olan miqrantlar üçün kiçik biznesin yaradılmasına dəstək verilməsi sahəsində, habelə fondun təklif etdiyi mümkün yardım imkanlarını və hüquqi sənədləri əldə etmək üçün internetə çıxışı olmayan kənd yerlərində insanlar arasında maarifləndirmə fəaliyyəti kimi sahələrdə faydalı əməkdaşlığın genişləndirilməsinə geniş imkanlar açdığını qeyd edib.

BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev çıxışında bildirib ki, DSMF ilə əməkdaşlıq əhalinin həssas təbəqələrinə sosial və iqtisadi yardımların göstərilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinə imkan verəcək. Bu protokoldan irəli gələn gələcək fəaliyyətlər həm də nümayəndəliyin Dayanıqlı İnkişaf Məqsədlərinin prioritetləri, BMT və ölkə hökuməti arasında imzalanmış Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi və BMT-nin Azərbaycandakı Miqrasiya Şəbəkəsinin işi ilə uzlaşan strategiyası çərçivəsində məqsədlərə çatmağa töhfə verəcək. O, BMqT-nin səlahiyyətlərinə aid miqrasiya, reinteqrasiya, reabilitasiya, həssas icma üzvləri, insan alveri və gender əsaslı zorakılıqların qurbanlarının biznes təşəbbüslərinə dəstək, texniki yardım və qanunvericiliklə bağlı maarifləndirmə fəaliyyətləri kimi sahələrdə DSMF ilə sıx əməkdaşlığa və dəstək verməyə hazır olduqlarını vurğulayıb.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar. Niyyət protokoluna uyğun olaraq gələcək təşəbbüslər üzərində işləmək üçün fəaliyyət planının hazırlanması barədə razılığa gəliblər.

Mənbə: azertag.az