Göz nurunu itirənlərin işıq dolu ürəkləri

Ölkəmizdə 50 minə yaxın görmə məhdudiyyətli insan var. Onların 15 min nəfərə yaxını 18 yaşınadək olan uşaqlardır. Təkcə son iki ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə növbəlik əsasında görmə məhdudiyyəti olan 450 nəfərə mənzil verilib. 2020-2022-ci illərdə 100 nəfərə yaxın görmə məhdudiyyəti olan Bakıda və regionlardakı xəstəxana və poliklinikalarda masajçı, orta və orta ixtisas məktəblərində pedaqoji fəaliyyətə başlayıblar. Peşə hazırlığı kurslarında müəyyən ixtisaslara yiyələnən gənclərin də işlə təmin olunması üçün layihə həyata keçirilir. Vətən müharibəsi qazilərinin cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür, onlardan bir neçəsinin məşğulluğu təmin edilib və bu proses davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Əlillər Günü münasibətilə keçirilən tədbirdə Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev məlumat verib.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, ADA Universitetinin əcnəbi tələbəsi Jeyms Azimohanın təşəbbüsü və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər Beynəlxalq Əlillər Gününün mahiyyəti barədə bəhs edib, gözlərinin nurunu itirmiş və bu sahədə müəyyən problemi olanların qayğıları, reabilitasiyası, peşə və ixtisas seçimi, məşğulluğu ilə əlaqədar görülən tədbirlərdən danışıblar.

Tədbir iştirakçılarına görmə qabiliyyətini itirmiş qazilər haqqında “Gözümün nuru Vətən” adlı sənədli film nümayiş etdirilib. Həmin filmin qəhrəmanları olan Vətən müharibəsində gözlərinin nurunu itirmiş Saməddin Məmmədov, İsmayıl Hüseynov, Amil Əliyev və Kamil Səfərov, eləcə də yeni çəkilən filmin qəhrəmanı Vətən müharibəsi qazisi Kamran Baxşızadə çıxış edərək torpaq və Vətən sevgisindən danışıb, üzləşdikləri məhdudiyyətin onların həyata, insanlara, dünyaya olan sevgisinə xələl gətirmədiyini ifadə ediblər.

Daha sonra “Dədə Qorqud” parkında ADA Universitetinin yerli və xarici tələbələrinin müşayiəti ilə görmə məhdudiyyəti olan gənclərin, Vətən müharibəsi qazilərinin iştirakı ilə “Göz işığını sev” şüarı altında “Güvənli gəzinti” adlı yürüş keçirilib. Yürüş iştirakçıları Vətənimizin tarixi, mədəni irsi, din və təhsil barədə fikir mübadiləsi aparılıblar.

... Qışın nəfəsinin duyulduğu payız günü bu mövsüm üçün xas olmayan parlaq Günəş ətrafı nura qərq etmişdi. Ən parlaq işıq isə onların həyat eşqi ilə döyünən ürəklərində idi...

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Narkotik qəbul edib xidmət göstərən “Prius” sürücüsü tutuldu

SONRAKI XƏBƏR

BMqT-nin Azərbaycan nümayəndəliyi ilə Dövlət Sosial Müdafiə Fondu arasında protokol imzalanıb