FHN-in əməkdaşları metropolitenin işçilərinə yanğınların söndürülməsi üsullarını izah ediblər

FHN-in əməkdaşları metropolitenin işçilərinə yanğınların söndürülməsi üsullarını izah ediblər<span class="qirmizi"></span>

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin dəmir-beton konstruksiyaları istehsalatı sahəsində təlim keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin mövzusu istehsalat sahəsinin ərazisində baş vermiş şərti yanğının “söndürülməsi” olub.

Əvvəlcə, baş vermiş şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib. Məlumatdan sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə “yanğının söndürülməsinə başlanılıb” və FHN-in 112 - qaynar telefon xəttinə “məlumat verilib”.

Daha sonra nazirliyin müvafiq yanğınsöndürmə qüvvələri şərti yanğın hadisəsi baş vermiş ünvana operativ çataraq qısa müddətdə “yanğını söndürüblər”.

Sonda təlimin nəticələri müzakirə olunub. FHN-in əməkdaşları metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri döyüş hərəkətləri, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını izah ediblər.

 

 

 

Mənbə: azertag.az