Deyəsən, məktəblərdə direktor təyinatının son metodu da özünü doğrultmur - Nazir yeni metodun anonsunu verdi

Deyəsən, məktəblərdə direktor təyinatının son metodu da özünü doğrultmur  - Nazir yeni metodun anonsunu verdi<span class="qirmizi"></span>

Elşən Qafarov: “Məktəb direktorlarının işə qəbul formatı düzgün deyil”

Bəzi məktəblərdə direktorların fəaliyyəti ilə bağlı narazılıqlar müşahidə olunmağa davam edir. Müəllim və valideynlər arasında müəyyən direktorlardan pul yığımları, məktəb heyəti ilə davranış qaydaları və s. ilə bağlı şikayətlər hələ də davam edir. Xüsusilə bayram ərəfələrində bu narazılıq və şikayətlər daha da artır və ciddi hal alır.

Bu kimi hallara son qoyulması üçün məktəb direktorlarının təyinat qaydası dəyişəcək.

Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında məktəb direktorlarının təyinatı ilə bağlı qeyd edib ki, məktəb direktorları istedadlı və əxlaqlı müəllimlər sırasından seçilməlidir: “Məktəb direktorlarını sertifikatlaşdırma müsabiqəsində yüksək nəticə göstərən isdedadlı müəllimlərimizin arasından təyin etməliyik”.

Maraqlıdır, direktorların təyinat sistemində hansı dəyişikliklər olmalıdır?

“Yüksək nəticə göstərən müəllimlərin məktəb direktoru olması məsələsi də düzgün deyil, çünki bu işdə savadla yanaşı, idarəetmə bacarığı da önəmlidir”

Təhsil eksperti Elşən Qafarov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, məktəb direktoru sıradan bir vəzifə deyil. Cəmiyyətdə aparıcı rolu olan ziyalını əxlaq göstəricisinə görə təyin etmək fikri düzgün deyil: “Cənab nazir çıxışında qeyd edib ki, məktəb direktorları istedadlı və əxlaqlı müəllimlər sırasından seçilməlidir. Bu düzgün yanaşma deyil. Bu ifadədən belə anlaşılır ki, məktəblərdə əxlaqsız müəllimlər direktor olur. Ancaq nəzərə almaq lazımdır ki, ən böyük əxlaqsızlıq rüşvət almaq, rüşvət verməkdir. Direktorların təyinatı zamanı müəyyən tapşırıq və rüşvətin qarşısını almalıyıq”.

Həmsöhbətimizin sözlərinə görə, məktəb direktorlarının işə qəbulunda sertifikasiyada yüksək nəticə qazanan müəllimlərin təyin olunması məsələsi qanunvericilikdə də qeyd edilib. Ancaq yüksək nəticə göstərən müəllimlərin məktəb direktoru olması məsələsi də düzgün deyil. Çünki bu işdə savadla yanaşı, idarəetmə bacarığı da önəmlidir: “2013-cu ildən bugünə kimi təhsil sahəsində aparılan islahatların əsas mahiyyəti kadrlarla bağlıdır”.

Ekspert hesab edir ki, məktəb direktorlarının işə qəbul formatı düzgün deyil: “İllərdir bu məsələ ilə bağlı təklif edirik ki, məktəb direktorlarının və direktor müavinlərinin işə qəbulu imtahan formasında həyata keçirilməlidir. Təcrübə göstərir ki, müəllimlikdən birbaşa direktorluğa keçən şəxslər bu işin öhdəsindən gəlməkdə böyük çətinlik çəkir. Onların bu təcrübəsizliyi işin gedişatına da təsir edir. Məktəb direktoru və ya direktor müavini işləyəcək şəxslər idaraetmə ilə bağlı əlavə təhsilə cəlb olunmalıdır. Bu onlayn şəkildə də həyata keçirilə bilər”.

E.Qafarov bildirdi ki, imtahanla şəxs işə götürülür. Ancaq o kadrın necə işləməsini öyrətmədən onu məktəbə göndərmək yanlış addımdır.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com