Bu 7 rayonda QİÇS-in geniş yayılmasının səbəbləri bunlardı

Bu 7 rayonda QİÇS-in geniş yayılmasının səbəbləri bunlardı<span class="qirmizi"></span>

Nazim Əliyev: “Gözəllik salonları və qadın məsləhətxanaları virusun yayılması üçün potensial mənbədir”

Dünyada yayılmaqda olan qorxulu infeksion xəstəliklərdən biri də QİÇS-dir. Bu xəstəliklə mübarizədə mühüm elmi uğurlar əldə edilsə də, hələ ki, tam müalicəsinə nail olmaq mümkün olmayıb. Hər il dünyada 2 milyon insan QİÇS-dən vəfat edir, o qədərdən də çox insan İİV infeksiyasına yoluxur, 400 min körpə bu virusun daşıyıcısı kimi dünyaya göz açır.

Qeyd edək ki, İİV insanın immunçatışmazlığı virusudur, QİÇS isə qazanılmış immun çatışmazlığı sindromudur. Məlumatlara görə, adıçəkilən xəstəlik keçən əsrin ortalarında Mərkəzi Afrikada peyda olub və yerli əhaliyə meymunlardan keçib. Sonradan isə Haiti adalarına, oradan da Amerika və Qərbi Avropaya yayılıb. QİÇS ilk dəfə Azərbaycanda 1987-ci ildə müəyyən edilib.

Təəssüf ki, bu gün də ölkəmizdə qeyd edilən xəstəlikdən əziyyət çəkənlər az deyil. Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov 1 Dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş tədbirdə deyib ki, ölkə ərazisində bu xəstəliyin daha çox Şirvan, Hacıqabul, Sumqayıt, Astara, Lənkəran, Masallı, Yevlax rayonlarında yayıldığı müşahidə olunur: "Yoluxma mənbəyi ərazi olaraq qiymətləndirilir. Bölgələrdə xəstəliyin aşkar edilməsi üçün labaratoriyalarımız mövcuddur. Xəstəliyə yoluxma ehtimalı olan insanlar müəyyən olunur və müalicəsi aparılır".

Maraqlıdır, Şirvan, Hacıqabul, Sumqayıt, Astara, Lənkəran, Masallı, Yevlax rayonlarında QİÇS xəstəliyi niyə sürətlə yayılır?

“Vena daxilinə inyeksiya yolu ilə eyni iynədən istifadə olunduqda yoluxma ehtimalı var, adıçəkilən rayonlarda da…”

İnfeksionist Nazim Əliyev qeyd etdi ki, virus orqanizmin 4 mayesində - qan, sperma, vaqinal maye və ana südündə olur: “Virus ətraf mühitin amillərinə qarşı davamsızdır və onların təsiri altında qısa bir zamanda məhv olur. Tüpürcək, tər, göz yaşı, sidikdən praktiki olaraq insanın immun çatışmazlığı virusuna yoluxması mümkün deyil. Çünki bu mayelərdə virusun miqdarı yoluxma üçün kifayət deyil”.

Həkimin sözlərinə görə, gözəllik salonları və qadın məsləhətxanaları virusun yayılması üçün potensial mənbədir: “Son vaxtlar dəbdə olan tatuaj və pirsinq zamanı qeyri-steril ləvazimatlardan - iynə, şpris və sairdən istifadə edilir ki, bu da virusa yoluxma ilə nəticələnə bilir. Bundan təkcə qadınlar sığortalanmayıb, bərbərxanada saçını, üzünü təraş etdirən kişilərin də virusa yoluxma təhlükəsi var. Bura inyeksiya və qorunmamış cinsi əlaqə də daxildir.

Qeyd olunan bölgələrdə bu faktorların hər hansı birinin və ya bir neçəsinin üstünlük təşkil etməsi həmin ərazilərdə QİÇS xəstəliyinin intensivliyini artıra bilər”.

Həmçinin onu da deyim ki, virusun kişidən qadına ötürülmə təhlükəsi qadından kişiyə ötürülmə təhlükəsindən 4 dəfə çoxdur. Əgər insan cinsi yolla yayılan digər infeksiyaya yoluxubsa, onun İİV-ə tutulma ehtimalı artır”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, vena daxilinə inyeksiya yolu ilə eyni iynədən istifadə olunduqda yoluxma ehtimalı var. Adiçəkilən rayonlarda xəstəliyin geniş yayılması da bu səbəblə bağlı ola bilər: “Onu da qeyd edim ki, Azərbaycanda bu virusla yaşayan, lakin bundan xəbərsiz olan hələ nə qədər insan var. Hətta bir çox hallarda bu virusa yoluxan insanlar əbəs yerə müxtəlif xəstəliklərdən müalicə alır. Bu müalicələr də effekt vermədiyi üçün dünyasını dəyişir. Halbuki, müalicəsi yararsız olduğu müddətdə bir dəfə də olsun, virusa qarşı analiz vermək ağlına gəlmir. Çünki cəmiyyətdə maarifləndirmə aşağı səviyyədədir və bu cür yoluxucu xəstəliklərdən şübhələnmirlər”.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com