3 dekabr Beynəlxalq əlillər günüdür

3 dekabr Beynəlxalq əlillər günüdür<span class="qirmizi"></span>

Beynəlxalq Əlillər Gününün hər il dekabrın 3-də qeyd olunması 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 47/3 saylı qətnaməsi ilə elan edilmişdir. Bu, cəmiyyətin inkişafının bütün sahələrində əlilliyi olan şəxslərin hüquqlarını və rifahını qorumaq, siyasi, sosial, iqtisadi və mədəni həyatın bütün aspektlərində əlillərin vəziyyəti haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır.

BMT-nin əlillik sahəsində uzun illər davam edən işinə əsaslanaraq, 2006-cı ildə qəbul edilmiş Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiya (CRPD) 2030 Gündəliyinin həyata keçirilməsində əlilliyi olan şəxslərin hüquq və rifahını təmin etmək işini daha da təkmilləşdirmişdir.
Beynəlxalq Əlillər Günü münasibəti ilə müsahibimiz “ÇIRAQ” Humanitar İnkişaf İctimai Birliyinin təsisçisi və direktoru Nadir Cəfərovdur.

Nadir müəllim, ən ümumi mənada əlillik nə deməkdir?

Nadir Cəfərov: BMT buna belə bir tərif verir: “Əlillik, öz qrupunun fərdlərinin adi standartına nisbətən əhəmiyyətli dərəcədə pozulmuş bir vəziyyət və ya funksiyadır. Termin tez-tez fiziki qüsurlar, duyğu pozğunluqları, idrak pozğunluqları, intellektual pozğunluqlar, ruhi xəstəliklər və müxtəlif növ xroniki xəstəliklər də daxil olmaqla fərdi fəaliyyətə istinad etmək üçün istifadə olunur.”

Əlilliyi olan insanlar daha hansı problemlərlə üzləşirlər və cəmiyyətin onlara köməyi nədən ibarət olmalıdır?

N.C.: Əlillər əlilliyi olmayan insanlara nisbətən daha zəif sağlamlığa, aşağı təhsil nəticələrinə, daha kiçik iqtisadi imkanlara və daha yüksək yoxsulluq dərəcələrinə malikdirlər. Onların öz hüquq və ehtiyaclarını ödəməsi qarşısında maneələr müxtəlif formalarda ola bilər. Ona görə də dövlət və cəmiyyət həmin insanların hüquq cə ehtiyaclarını təmin etmək üçün bunları öyrənməli və müvafiq tədbirlər həyata keçirməlidir.

Nadir müəllim, “ÇIRAQ” Humanitar İnkişaf İctimai Birliyi əlilliyi olan insanların ayrıca kateqoriyasının, mina və hərbi sursat partlayışı nəticəsində yaralanaraq əlil olmuş insanların ehtiyaclarının ödənilməsi ilə xeyli müddət məşğul olmuşdur.


N.C.: Elədir. Bu insanların əlilliyi, ümumiyyətlə, ölkəmizdə mina və partlamamış hərbi sursat probleminin əsas səbəbi, Azərbaycanın ərazi bütövlüyü uğrunda, Qarabağ uğrunda müharibələrdir. Sovet dövründə sursat anbarı, hərbi bazaların mühafizə sonası və ya böyük hərbi təlim keçirilmiş ərazilər də nəzarətsiz qaldığından ciddi təhlükə mənbəyi olmuşlar.

“ÇIRAQ” HİİB Birinci Qarabağ müharibəsinin döyüşləri keçmiş ərazilərdə mina və hərbi sursat partlayışı nəticəsində yaralanaraq əlil olmuş insanların ehtiyaclarının ödənilməsi işinə ANAMA, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin maliyyə dəstəyi əlil arabalarının paylanması layihəsində başlamışdır.

Həmin adamların hamısı müharibə zamanı partlayış nəticəsində zərər çəkənlər idi?

N.C.: Dünyanın bir çox yerlərində olduğu kimi hərbi əməliyyatlar keçmiş ərazilər uzun illər boyu Azərbaycanda da təhlükə mənbəyi olaraq qalırlar. Həmin ərazilərdə təsərrüfat fəaliyyəti ilə məşğul olanlar üçün, oralara gəzməyə və istirahət məqsədi ilə gələnlər üçün. Təəssüf ki, mina və partlamamış hərbi sursat təhlükəli ərazilərin sərhədləri və təhlükəlilik dərəcəsi bir çox səbəblərdən ancaq təxminən məlum olur, bundan xəbərdar olmayan və ya xəbərdarlığa məhəl qoymayaraq riskli davranışa yolverən mülki şəxslərin başına gələn bədbəxt hadisələrdən sonra aşkara çıxır.
Deməli, mülki əhali arasında mina təhlükəsindən xəbərdarlıq təlimatları aparılmalıdır.

N.C.: Bəli, o cümlədən təhlükəli ərazilərin xüsusi xəbərdaredici nişanlarla işarələnməsinə əlavə diqqət yetirilməlidir. Bu zaman “Toxunma!”, “Dayan! Mina!” xəbərdarlıq sözləri mülki əhali üçün başlıca göstəriş olmalıdır.


Mina təmizləmə ilə yanaşı partlayış təhlükəli əşyalardan zərər çəkmiş əhaliyə onların ehtiyaclarının ödənilməsinə yardım imkanları necə yarandı?
N.C.: 2009-cu ilin noyabrında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Sloveniya Respublikası Prezidenti Danilo Türkün iştirakı ilə ANAMA və Sloveniyanın Beynəlxalq Etimad Fondunun direktorları humanitar minatəmizləmə tədbirləri ilə bağlı Əməkdaşlıq haqqında Memorandumu imzaladı.

Bundan sonra 2010-2012-ci illərdə başqa tərəfdaşlarla birlikdə “ÇIRAQ” HİİB mina və hərbi sursat partlayışı nəticəsində yaralanaraq əlil olmuş qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və onların sağlamlıqlarının qorunması üçün ANAMA, Beynəlalq Etimad Fondu (BEF -maliyyə dəstəyi), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birlikdə respublikanın ayrı-ayrı rayonlarında (Tərtər, Goranboy, Bərdə, Ağcabədi, Beyləqan, Füzuli, Biləsuvar və s.) mikrokreditlərin veriməsi layihəsini həyata keçirilmişdir.

Müalicə üçün mikrokreditlər mina və hərbi sursat partlayışı nəticəsində əlil olmuş şəxslərin maddi problemlərinin tam həlli deyil yəqin. Aldıqları təqaüd də. Onalara daimi gəlir mənbəyi, iş yerləri ilə təmin olunması ilə bağlı layihələr həyata keçirilirmi?
N.C.: Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Komitəsinin 1996-cı ildə apardığı araşdırmalardan məlum olmuşdur ki, əlil mina/PHS qurbanları üçün rəsmi iş əldə etmək, xüsusilə kənd/rayon yerlərində çox çətindir. Onların 74-88%-i işsizdir. Buna görə ən münasib variant öz gəlirlərini əldə etmək üçün onlara şərait yaratmaqdır.

2013-2014-cü illərdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) maliyyə dəstəyi ilə ANAMA, BMqT və “ÇIRAQ” HİİB respublikanın Beyləqan, Ağcabədi, İmişli, Saatlı və Biləsuvar rayonlarında “Azərbaycanda minadan zərər çəkənlər üçün kiçik biznes təlimləri və mikrokredit dövriyyə fondu” adlı layihə çərçivəsində mina partlaması nəticəsində əlil olmuş şəxslər üçün müvafiq təlimlər keçirilmiş və onlara mikrokreditlər verilmişdi.

Məqsəd minadan zərər çəkmiş şəxslərin və onların ailə üzvlərinin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün onların kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dəstəyin verilməsi idi.

Bununla belə illər ötdükcə əlilliyi olan insanların, o cümlədən mina və hərbi sursat partlayışı nəticəsində əlil olmuş şəxslərin müalicəyə ehtiyacları yox olmur, bəlkə də kəskinləşir, eləmi?

N.C.: Elədir. Onu da qeyd etmək lazımdır ki, məsələn, uşaq yaşlarından böyüyənədək 6 dəfə protez dəyişmək lazım gələ bilər. Həmin insanların keçirdiyi sarsıntı və düşdükləri vəziyyət onlara ömür boyu psixoloji təsir göstərir. Ona görə də ortopedik vasitələrlə (protezlərlə), əlil arabaları ilə yanaşı psixoloji bərpa tədbirləri xüsusi yer tutur.

Bununla əlaqədar olaraq 2015-2016-cı illərdə ANAMA-nın maliyyə dəstəyi ilə mina partlaması nəticəsində əlil olmuş şəxslərin sanatoriya şəraitində tibbi müalicələrinin təşkili layihəsi həyata keçirilmişdir.

 Son günlərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində nəinki 1992-94-ci illərin Birinci Qarabağ müharibəsinin, 44-günlük, İkinci Qarabağ, Vətən müharibənin mina və partlamamış hərbi sursatların təhlükəsindən, ermənilərin yeni basdırdığı minaların təhlükəsi ilə də üzləşmişik.
N.C.: Elədir. Bununla bağlı Azərbaycan öz etiraz səsini qaldırmış, müxtəlif yüksək kürsülərdən öz qətiyyətli sözünü demişdir. Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Yaşar Əliyevin təşkilatın Baş katibinə ünvanladığı məktubunu və Azərbaycan Respublikası Ombudsmanı Səbinə Əliyevanın mətbuatda dərc olunmuş dünya ictimaiyyətinə müraciətini buna misal göstərmək olar. Azərbaycan vətəndaş cəmiyyəti, onun qabaqcıl dəstəsi olan QHT-lər də konfransda toplaşaraq xüsusi Bəyanatda ermənilərin törətdiyi müharibə cinayətlərinə siyasi qiymət vermişdir.
Vətən Müharibəsində Zəfər çalmış Azərbaycanın dövlət strukturları və geniş ictimaiyyət daha mütəşəkkil olduğu göz qabağındadır və inanmaq olar ki, işğaldan azad olunmuş ərazilərdə dinc quruculuq işlərinin, daha sonra yerli əhalinin öz doğma yurdlarına Böyük Qayıdışının təhlükəsizliyini təmin etmək üçün mina təhlükəsi ilə mübarizə tədbirləri tam kompleks halda aramsız olaraq yerinə yetiriləcək və mina qurbanlarının ən müxtəlif ehtiyaclarının ödənilməsi vəzifələri uğurla həll ediləcək.

Çox sağ olun, Nadir müəllim, geniş və maraqlı müsahibəyə görə! Sizə və “ÇIRAQ” Humanitar İnkişaf İctimai Birliyinə ictimai təşəbbüslərinizin həyata keçirilməsində yeni-yeni uğurlar arzulayırıq.

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbərinin təşkilatın Baş katibinə ünvanladığı məktub Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

“Ermənistan minaların yerləşdirilməsini davam etdirməklə və əvvəllər işğal olunmuş Azərbaycanın tarixi torpaqlarında bütün minalanmış sahələr haqqında dəqiq və hərtərəfli məlumatları bölüşməkdən imtina etməklə, qəsdən insan həyatını hədəfə alır və münaqişədən sonrakı reabilitasiya, bərpa və humanitar səylərə, eləcə də köçkünlərin öz evlərinə təhlükəsiz şəkildə geri qaytarılmasına mane olmağa çalışır. Nəticədə münaqişədən sonrakı son iki ildə 260-dan çox azərbaycanlı mülki və hərbi qulluqçu mina partlayışları nəticəsində həlak olub və ya yaralanıb”, - diplomat qeyd edib.

Məktubda Ermənistanın bu hərəkətlərinin beynəlxalq hüququn açıq şəkildə pozulması olduğu bildirilib və bunu törədənlərin məsuliyyətə cəlb olunması tələb edilib: “Ermənistan mina terrorizminə son qoymalı və bu kimi əməllərindən əl çəkməli, beynəlxalq hüquq normalarına uyğun olaraq qeyri-qanuni əməlləri nəticəsində dəymiş zərəri ödəməli, xəsarət alan vətəndaşlara tam təzminat verməli və bu kimi əməllərin təkrarlanmaması üçün müvafiq təminat verməlidir”.

Ombudsman Səbinə Əliyeva mətbuata verdiyi geniş yazıda belə qeyd edir: “Cəzasızlıqdan ruhlanan Ermənistan hərbi-siyasi rəhbərliyi regionda ədalətli sülhün və təhlükəsizliyin təmin olunmasına ciddi təhdid yaradır. Azərbaycanın qonşu Ermənistan tərəfindən qanunsuz şəkildə işğal olunmuş Qarabağ bölgəsi və suveren ərazisinin böyük hissəsinə nəzarəti bərpa etməsindən sonra Qafqazdakı son hadisələr bunu təsdiqləyir”.
Qaytarılan torpaqların təmizlənməsi prioritet məsələ olub: bu, evlərindən didərgin salınmış yüz minlərlə məcburi köçkünün öz yurdlarına qayıtmasına yol açıb. Onların köçürülməsi milli qürur məsələsinə çevrildiyi üçün hökumət öz milli ehtiyatlarını bu işə yönəldib.
Azərbaycan iki il əvvəl bölgəni azad edəndən bəri 514 kvadrat kilometr ərazi təmizləyib ki, bu da 2020-ci ildə dünya təmizlənmiş ərazilərlə müqayisədə 1,5 dəfə çoxdur. Bu, irəliləyişdir. Amma 11 270 kvadrat kilometr qalıb.

Ermənistanın işğalçılıq siyasətinin nəticəsi olaraq, ümumilikdə, son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3345 nəfər təşkil edib. 2020-ci il Vətən müharibəsinin başa çatmasından cari il oktyabrın sonuna kimi 266 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist olmaqla 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir. Son 30 il ərzində minalardan zərər çəkənlərin isə 38 nəfəri qadın, 357 nəfəri uşaqdır.

Mina qurbanı olanların sayının artması bir daha sübut edir ki, Ermənistanın bu fəaliyyəti müharibə cinayətidir, beynəlxalq humanitar hüququn ciddi pozuntusudur və bunun qarşısının alınması üçün İrəvan hakimiyyətinə təzyiq edilməlidir.
3 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində QHT-lər işğaldan azad olunmuş ərazilərdən minaların təmizlənməsi ilə bağlı “Minasız Azərbaycan naminə səylərimizi birləşdirək” mövzusunda keçirilmiş Konfransda qəbul olunmuş bəyanatda deyilir:

“Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Ermənistanın törətdiyi müharibə cinayətlərinin beynəlxalq qurumlar tərəfindən araşdırılmasını, ərazilərin minalanması və xəritələrin təqdim edilməməsinə hüquqi-siyasi qiymət verilməsini və beynəlxalq ictimaiyyətdən, beynəlxalq təşkilatlardan Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərə görə cəzalandırılmasını tələb edirik.”

Mənbə: faktor.az