Vətən müharibəsi qazisi: “Maşının qarşısına raket düşdü, amma partlamadı” - FOTO

Onun hərbi xidməti 2002-2004-cü illərə təsadüf edib. Arzusu hərbi xidmət dövründə yerinə yetmir. “Ürəyimdə qalmış o arzu 2020-ci ildə reallaşdı” deyir. İkinci Qarabağ Savaşı başlayanda, o da ordu sıralarına cəlb olunur, ilk gündən döyüşlərə qatılır. Söhbət qazi Fəxri Ağayevdən gedir. Qeyd edək ki, polkovnik F.Ağayev Fövqəladə Hallar Nazirliyinin Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsində Rəqəmsallıq və innovasiyalar idarəsinin rəisidir.

“Kaspi” qəzeti F.Ağayevlə hərbi xidmət dövrü və müharibədə iştirakı ilə bağlı söhbətləşib.

Fəxri Ağayev bildirib ki, hərbi xidmətdə tank əleyhinə tağım komandiri olub:

“Ağdamda xidmət edirdim. Ağdamın Çıraqlı kəndində atəş mövqeyimiz var idi. Ermənilərin postu ilə üzbəüz idi. Çox yaxın məsafə idi, səslə danışmaq olurdu. Atəşkəs dövrü olsa da, Ermənistan tərəfi Azərbaycan mövqelərinə atəş açırdı. Biz atəşkəs dövrünün tələblərinə uyğun olaraq təmkin göstərirdik. Ancaq daxilən çox istəyirdim ki, onların layiqincə cavabını verək, torpaqlarımızı geri alaq, mən də o prosesdə iştirak edim”.

O qeyd edib ki, hərbi xidmətdən sonra ehtiyatda olan zabit kimi hər zaman içində o arzu olub:

“O vaxt universitetlərdə hərbi kafedra var idi, bizə hərbi dərsi də keçirilirdi. Ona görə biz orduya birbaşa zabit olaraq gedirdik. Magistr təhsilimi başa vurub 2002-ci ildə zabit kimi hərbi xidmətə çağırıldım. 1,5 il xidmət etdim. Sonra artıq ehtiyatda olan zabit idim. Hər zaman o günü gözləyirdim ki, Ali Baş Komandan əmr versin, biz də ordu sıralarında olaq. O gün gəldi və müharibə başlayan kimi də ilk çağrılanlardan oldum. Belə şərəfli bir işdə payım olduğu üçün sevinirəm”.

F.Ağayev bildirib ki, düşmənin hər qarışına bələd olduğu ərazidə döyüşmək, irəliləmək heç də asan iş deyildi:

“Elə ərazilərdə döyüşürdük ki, 30 ildir düşmən tapdağında olub. Həmin əraziləri düşmən gözəl tanıyırdı. Biz irəlilədikcə, bələd olmadığımız yerlərdə qısa zamanda təzə mövqe hazırlayırdıq. Döyüş zamanı mövqe dəyişmək də asan deyil. Deməli, Talış kəndi ətrafında ağır döyüş gedirdi. Məlumat daxil oldu ki, mövqeyiniz aşkarlanıb, sizin batareyanın durduğu yeri bir saat ərzində tərk etməlisiniz. 6 topdur, hər topun öz maşını, heyəti, mərmiləri var. Top batareyasının yerini dəyişmək o qədər də sürətli proses deyil. Amma qısa zamanda yeni mövqe hazırladıq və həmin ərazini tərk etdik. Axırıncı maşın ərazidən təzəcə aralanmışdı ki, köhnə mövqeyimizi vurdular. Bir neçə saniyə geciksəydik, kifayət qədər çox itkimiz olardı”.

“Filmlərdə, kitablarda, II Dünya Savaşının iştirakçılarının söhbətlərində istər-istəməz insanın beynində, düşüncəsində müharibə canlanır. Amma müharibənin içində olmaq başqadır. Müharibə çox ağrılı, dəhşətlidir” deyən müsahibimiz əlavə etdi ki, nə qədər ağrı, acı olsa da, ordunun ruh yüksəkliyini saxlamaq lazım idi: “Əsgərlərin qida təminatı vaxtında olmalı idi. Təminat yolu isə ermənilər tərəfindən daim vurulurdu. Təminat yolu da birdir. Yemək maşını sürətlə gedir, istər-istəməz yayına bilir. Su ağır olduğu üçün su maşınını sürətlə sürmək də olmur. 20 tonluq su maşınından söhbət gedir. Təminat maşınında hər dəfə bir gizir də gedir. Bir dəfə maşını vurdular, gizir ağır yaralandı. Gecə rəhmətə getdi. Ani də olsa, döyüş yoldaşlarında ruh düşkünlüyü yarandı. Bizə isə ani də olsa, ruh düşkünlüyü yaşamaq olmazdı. Çünki qisasımızı almalı idik. Ruh yüksəkliyi əsgərlərdə qısa zamanda qaldırılırdı və qələbə qazandıq”, - deyə F.Ağayev qeyd edib.

F.Ağayev bildirib ki, döyüşdə iştirak edən hər kəsdə qələbə arzusu yüksək olduğu üçün çətinliklər gözə görünmürdü:

“Döyüşçülərimizə baxanda görürdün ki, hər bir əsgər illər boyu bu qələbəni arzulayıb və Ali Baş Komandanın əmrini gözləyib. Hava soyuq idi, yağışlı olurdu, amma bu çətinliklər gözə görünmürdü. Heç kim döyüş mövqeyini tərk etmək istəmirdi. Arxadan başqa qüvvə gəlib əvəz edəndə, döyüşənlər müəyyən qədər istirahət etməli idilər. Amma döyüşçülərimiz istirahətə də getmək istəmirdilər. Yaralılarımız da döyüş bölgəsindən çıxmaq istəmirdilər. İlkin yardım göstərilən kimi “Həkim, yaram yüngüldür, məni incitmir, döyüşə qayıtmaq istəyirəm” deyirdilər. Bəzən ağır hallar olurdu, həkimlərimiz yaralıları döyüşdən məcbur çıxarırdılar, hospitala yerləşdirirdilər. Hospitalda 2-3 gün qalıb bir az düzələn kimi qayıdırdılar. Bu hallar var ikən döyüşün qələbəsiz başa çatması mümkün deyildi”.

“Arxa cəbhədəki insanların dəstəyi isə döyüşənlərin gücünə güc qatırdı” deyən F.Ağayev bunu müharibənin ilk günlərindən hiss etdiklərini bildirib:

“Müharibə yeni başlamışdı, Naftalanda idik. Gəncədən bir sahibkar maşınını qida məhsulları, isti geyimlərlə doldurub gəlirdi. Biz qışqırırdıq ki, bura mərmi düşür, girmə. Məcbur keçirdi, maşının arxa qapısını açırdı, qazı basıb sürətlə gedirdi. İçindəkilər yerə tökülürdü. 2-3 gün keçirdi, yenə gəlirdi. Sonra müəyyən nöqtələr yaradıldı, insanlar nə isə gətirirdisə, ora çatdırırdılar. Dövlət hər şeyi artıqlaması ilə təmin edirdi, amma insanlar da nələrsə etmək üçün çalışırdılar. Bir dəfə Gəncəyə silah gətirməyə getdik. 3 maşın idik. Tapşırıq verilib ki, cəld getməli, qısa zamanda qayıtmalıyıq. Yol kənarında yaşlı qadınlar, uşaqlar əllərində sumkada nələrsə gətirmişdilər ki, bizə versinlər. Bizə də təlimat var, saxlaya bilmərik. Yanımızla səki ilə maşını sürətlə sürür, işarə edir ki, şüşəni aşağı salın. Şüşəni açan kimi əlindəki bağlamanı maşına tulladı. “KamAZ”ın yük yerinə də atırdılar. Adamın gözü yaşarırdı. Hiss edirdik ki, xalqımız ordumuzladır”.

O qeyd edib ki, an etibarilə həyatlarının xilas olması halları çox yaşanıb:

“Bir dəfə mövqe dəyişəndə maşının qarşısına raket düşdü. Bəxtimiz gətirdi ki, raket partlamadı. Raket düşəndə bunu görürdük, amma düşünürdük ki, bunu biz yox, ruhumuz görür. Amma sonra gördük ki partlamayıb. Dəfələrlə bu hallar oldu, mərmi atıblar, partlamayıb. Bu, düşmən ordusunun yararsız, keyfiyyətsiz silahlardan istifadə etdiyinin göstəricisi idi”.

Döyüşdə iştirak etdiyindən isə atası və qardaşından başqa yaxınlarından heç kimin xəbəri olmur:

“Mən birinci dəfə təlimə cəlb olunanda müharibə zonasında yox, başqa bir ərazidə idik. Ailəm, doğmalarım elə bilirdi ki, həmin zonadayam. Müharibədə olduğumu yalnız atam və qardaşım bildi. Tez-tez əlaqə saxlayırdılar, deyirdim ki, bizi dərs keçməyə çağırıblar. Müharibənin sonuna yaxın təsadüfən ailədə hamı müharibədə iştirak etdiyimi bildi”.

F.Ağayev müharibə dövründə kifayət qədər yaxşı dostlar qazandığını da bildirib:

“Mən sentyabrın 21-i getdim, dekabrın 30-u tərxis olundum. II Qarabağ Savaşı 44 gün davam etsə də, oradakı insanlarla 44 il yoldaşlıq etmişik kimi gəlir. Təsəvvür edin ki, müharibədə çiyin-çiyinə döyüşən insanların çoxu əvvəldən bir-birini tanımırdı. Amma həmin adamlar sənə görə ölümə getməyə hazırdır. Bir insan öz doğması, əzizi üçün buna gedə bilər, tanımadığı, qısa müddətdə tanıdığı bir adama qarşı bunu edirsə, bu, onun yüksək keyfiyyətlərə sahib insan, vətənpərvər olduğunun göstəricisidir. Orda bunu çox gördüm və çox dost qazandım. Hazırda zabit yoldaşlarımızla yaxşı ünsiyyətimiz var, tez-tez yığışırıq”.

Qeyd edək ki, F.Ağayev Prezident İlham Əliyev tərəfindən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Dövlət qulluğunda çalışdığı üçün müharibədən sonra “Dövlət qulluğunda fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə də təltif olunub.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanlı deputata AĞIR İTKİ: həyat yoldaşı vəfat etdi - FOTOLAR

SONRAKI XƏBƏR

Kalın: "Ukrayna məsələsi Rusiya ilə Qərb arasında yeni soyuq müharibəyə səbəb olub"