Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri fövqəladə hallarla mübarizə üzrə əməkdaşlığı genişləndirir

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri fövqəladə hallarla mübarizə üzrə əməkdaşlığı genişləndirir<span class="qirmizi"></span>

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, K.Heydərov qonağa Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini xatırladıb. Bu çərçivədə, iki ölkənin uyğun qurumları arasında fövqəladə hallarla mübarizə üzrə əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu qeyd edən nazir müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və keçirilən görüşlərin münasibətlərin inkişafına faydalı təkan verdiyini vurğulayıb.

Nazir daha sonra səfirə FHN-in fəaliyyəti, fövqəladə halların idarə edilməsi üzrə görülən işlər haqqında ətraflı məlumat verib, iki ölkənin uyğun qurumları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə birgə təlim və seminarların keçirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin Birləşmiş Ərəb Əmirliklərinin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının əməkdaşlarının Azərbaycan FHN-in Akademiyasında təhsil imkanları da qeyd edilib.

Səfir Məhəmməd Əl Bluşi hər iki ölkə arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətləri çərçivəsində fövqəladə halların idarə olunması sahəsində aidiyyəti qurumların əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Səfir bu istiqamətdə rəhbər və ekspertlər səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mənbə: azertag.az