Vaşinqton Universitetdə keçirilən konfransda İmadəddin Nəsimi haqqında məruzə oxunub

Vaşinqton Universitetdə keçirilən konfransda İmadəddin Nəsimi haqqında məruzə oxunub<span class="qirmizi"></span>

 

Kiyev, 5 dekabr, AZƏRTAC

1861-ci ildə təsis edilmiş Vaşinqton Universitetində (University of Washington) ukraynalı görkəmli filosof, mütəfəkkir, şair, bəstəkar və pedaqoq Qriqori Skovorodanın anadan olmasının 300 illiyinə həsr edilmiş “The Spirit of Freedom is born within us” mövzusunda onlayn konfrans keçirilib. Qeyd etmək lazımdır ki, bu il Ukraynada dövlət səviyyəsində Qriqori Skovoroda ili elan edilib. Bununla əlaqədar Ukraynada və dünyada bu məşhur mütəfəkkirə həsr edilmiş tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, belə tədbirlərdən biri Vaşinqton Universitetinin (Sietl, ABŞ) Slavyan dilləri və ədəbiyyatları kafedrası və “Skorovada İnstitutu” (Kiyev, Ukrayna) ictimai təşkilatı tərəfindən keçirilib. Tədbir çərçivəsində “Skovoroda kodu” beynəlxalq layihəsi də təqdim edilib.

Dəvət edilmiş spikerlər arasında mədəniyyət və ədəbiyyat sahəsində Ukrayna-türk layihələrinin kuratoru Marına Qonçaruk da vardı. O, “Görkəmli filosoflar Qriqori Skovoroda və Seyid İmadəddin Nəsiminin həqiqət yolları” adlı məruzə ilə çıxış edib. Spiker öz məruzəsində əsas diqqəti Nəsiminin və Skovorodanın maarifçilik fəaliyyəti üzərində cəmləşdirib. Marına Qonçarukun sözlərinə görə, idrak, özünüdərk və həqiqət görkəmli Azərbaycan mütəfəkkiri Nəsiminin poeziyasının əsas motivləridir. Eyni vəziyyət ukraynalı filosofun yaradıcılığında da müşahidə olunur. Spiker Nəsimi Skovoroda yaradıcılığında ruh, materiya və Tanrı kateqoriyaları üzərində ətraflı dayanıb.

Tədbirin moderatoru qismində 2021-2023-cü illər üçün Fulbrayt proqramının iştirakçısı, Taras Şevçenko adına Kiyev Milli Universitetinin aspirantı, Ukrayna dili müəllimi, “Skovoroda kodu” layihəsinin həmtəsisçisi Sofiya Fecora olub. Kiyev-Mogilyansk Akademiyasının (Kiyev) və Fridrix Şiller adına Yena Universitetinin məzunu, ingilis dili müəllimi, “Skovoroda kodu” layihəsinin və Ukraynadakı “Çay süfrəsi arxasında” ədəbiyyat klubunun həmtəsisçisi Olqa Makuxa–Bulls məruzələri ingilis dilinə sinxron tərcümə edib.

Görüş çərçivəsində Qriqori Skovorodanın həyat yolu, onun “Ürək fəlsəfəsi”nin əsas ideyaları, o cümlədən azadlığın dəyəri barədə də söhbət olub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Mənbə: azertag.az