Dövlət Komitəsinin sədri diplomatla görüşdü

9 dekabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Gevara ilə görüşü keçirilib.

Qonaqları salamlayan Komitə sədri bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələr üzrə qurulan qarşılıqlı, faydalı münasibətlər bu gün də uğurla davam etməkdədir. Bu münasibətlərin vacib sahələrindən biri olan Dövlət Komitəsinin fəaliyyət istiqamətlərinə aid məsələlərdən bəhs edən Bahar Muradova qeyd edib ki, bütövlükdə ailə, qadın və uşaq məsələləri ilə bağlı siyasətin müəyyənləşdirilməsi, bu siyasətin reallaşdırılaşdırılması üçün səlahiyyəti olan qurumlar arasında işin əlaqələndirilməsi, həssas qrupa daxil olan təbəqə və onların hüquqlarının müdafiəsi üzrə görülən işlər bizim gündəliyimizin əsas bəndlərini təşkil edir.

Vətən müharibəsindən sonrakı yenidənqurma dövründə, Azərbaycan Respublikasının “İşğaldan azad olmuş ərazilərində Böyük Qayıdışa dair l Dövlət Proqramı” çərçivəsində Zəngilan və Füzuli rayonlarında “Ailə Mərkəzi”lərinin tikiləcəyini və Laçında İcma Resurs Mərkəzinin açılmasının planlaşdırıldığını diqqətə çatdıran Komitə sədri, həm müvafiq mexanizmlərin yaradılması, həm də texniki dəstəyin göstərilməsi istiqamətində əməkdaşlıq üçün bir sıra yeni istiqamətlər yarandığını əlavə edib. O, həmçinin sülh quruculuğu dövründə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, eləcə də məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının Azərbaycan üçün prioritet məsələ olduğunu bildirib və danışılan mövzuların hazırkı dövrdə xüsusilə diqqət tələb etdiyini, bu sahədə əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.

Səmimi qəbula görə təşəkkür edən ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Gevara Azərbaycandakı fəaliyyətlərinin əsas istiqamətlərindən birinin qadın, uşaq və gender məsələsi olduğuna diqqət çəkib.

Dövlət Komitəsinin fəaliyyətini müsbət qiymətləndirən H.Gevara fəaliyyət istiqamətləri üzrə birgə əməkdaşlığa açıq olduqlarını qeyd edib. Bir neçə Qadın Resurs Mərkəzinə səfər etdiyini vurğulayan H.Gevara, Mərkəzdə gender əsaslı zorakılıq qurbanlarına psixoloji və hüquqi dəstək xidmətləri göstərilməsi ilə yanaşı, qadınların şəbəkələşməsi, onların məşğulluğunun, bilik və bacarıqlarının artırılmasına dəstək vermək istiqamətində fəaliyyətini yüksək qiymətləndirib.

Tərəflər həmçinin qarşıdakı dövr üçün digər mühüm sahələr üzrə həyata keçiriləcək birgə layihələr barədə müzakirə aparılıb və əməkdaşlıq perspektivlərindən danışılıb.

Görüşdə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov, ABŞ-ın Azərbaycandakı siyasi məsələlər üzrə müşaviri Brett Dvorak iştirak edib.

Faktor.az

ƏVVƏLKİ XƏBƏR

Qarabağda Azərbaycanın istədiyi proseslərə start verildi...

SONRAKI XƏBƏR

Bu 3 ölkə dünyanın ən bahalı, süni intellektə malik qırıcısını hazırlayır