Canavarların yaşadığı “Qurd yuvası” mağarasından - ÖZƏL FOTO-REPORTAJ

Canavarların yaşadığı “Qurd yuvası” mağarasından - ÖZƏL FOTO-REPORTAJ<span class="qirmizi"></span>

“Qurd yuvası” mağarası insanların daş dövründə məskunlaşdığı yaşayış məskəni olub. Mağara Abşeron rayonunun Məhəmmədi kəndində, Qırməki vadisinin sol hissəsində yerləşir.

Məhəmmədi kənd məscidinin imamı Bəşir Mənsurov Moderator.az-a bildirib ki, mağara hamının marağına səbəb olub.

“Məhəmmədi kəndi Abşeronun ən qədim kəndlərindən biri hesab olunur. Kənddə olan tarixi abidələr, həmçinin qədim qəbirlər, ovdanlar, insanların yaşayış məskənləri də bunu sübut edir. Adının Məhəmmədi olması isə islamdan sonrakı dövrə təsadüf edir. Abşeron yarımadasının müxtəlif yerlərində “qurd” adları ilə bağlı müəyyən ərazilər mövcuddur. Məsələn “Qurd qapısı”, digər qonşu kənddə “Qurd vadisi” deyilən ərazilər var. Buradakı mağaranın adı isə “Qurd yuvası” dır. Kənd sakinlərinin dediyinə görə yaxın keçmişə qədər burada qurd, canavar sürüləri məskən salıb. Belə ehtimal olunur ki, “qurd” adının bu əraziyə bağlı olması tək canavara görə deyil. Əslində o vaxtkı qaçaqların da, qoçuların da gizləndiyi sığınacaq yeri kimi də bu mağaralardan istifadə olunub” deyə o bildirib.

Kənd sakini bildirib ki, qədim dövrdə burada insanların yaşadığı da ehtimal olunur.

“Qobustandan Abşerona qədər olan ərazilərdə, həmçinin bizim qonşu kəndlərdə olan bu tipli məskənlərdə vaxtilə qədim insanların yaşayış yeri olduğu haqda da məlumatlar var. Təbii ki, o dövrdəki insanların ev tikmə qabiliyyəti yox idi. Ona görə də onlar təbii üsulla yaranmış mağaralarda yaşayırdılar. Böyük ehtimallardan biri də budur ki, insanların daş dövründə yaşadığı mağaraladan biri də “Qurd yuvası” mağarasıdır. Ətraf ərazilərdə də mağaralar olub, amma hal-hazırda onlardan əsər-əlamət qalmayıb. Lakin qarşı tərəfdə də, dərənin bir hissəsində kiçik bir mağara qalmaqdadır. Çox təəssüflər olsun ki, mağarada tarixi, arxeoloji qazıntılar aparılmayıb. İçərisi kiçikdir, hər hansısa otaqlar olubsa da zaman-zaman qumla dolub. Çünki bura küləyin ən çox tutduğu yerdir. Bu mağaranın içərisi də

qumlaq dolmaqdadır, boşaldılmasa müəyyən müddətdən sonra içərisi tamamilə qumla dola bilər. Mağaranın içi 3-4 metr, insanın uzanaraq keçə biləcəyi otaqdan ibarətdir. İki tərəfli mağara sayılır, yuxarıdan da, aşağıdan da giriş-çıxışı var” deyə kənd sakini bildirib.

Mağaradan özəl fotoları sizlərə təqdim edirik.

Mənbə: moderator.az