"Yəqin ki biz nə vaxtsa Qərbi Azərbaycana qayıdacağıq" - MÜSAHİBƏ

"Yəqin ki biz nə vaxtsa Qərbi Azərbaycana qayıdacağıq" - MÜSAHİBƏ<span class="qirmizi"></span>

Qərbi azərbaycanlı şair, publisist əməkdar jurnalist, elmlər doktoru Avtandil Ağbabanın SİA-ya müsahibəsini təqdim edirik:

Qərbi Azərbaycan folklorunu bugünkü gündə necə dəyərləndirmək olar? Bu folklordan nələr miras qalıb? Ümumiyyətlə, folklor hadisəsi çox qədim və zəngin bir hadisədir. Azərbaycan folklorunun ən zəngin tarixi qollarından biri Qərbi Azərbaycan folklorudur. Qərbi Azərbaycan folkloru çox təəssüf ki, müstəqillik illərinə qədər dərindən araşdırılmayıb. Qismən Göyçə folkloru araşdırılıb ki, bu da ancaq Aşıq Ələsgərlə məhdudlaşıb. Amma müstəqillik illərində Qərbi Azərbaycan folkloru müxtəlif aspektlərdən araşdırılmağa başladı və bu iş davam etdirilir. Elə regional folklor örnəkləri var ki, yalnız ora məxsusdur. Hazırda Ağbaba folkloru, Zəngəzur folkloru, İrəvan folkloru və s. Ayrı-ayrı cildlər şəklində çap olunur. Bu çox böyük bir işdir. Amma hələ toplanası, sistemləşdiriləsi çox şey var. Cənab İlham Əliyev bir qrup Qərbi Azərbaycandan olan ziyalılarla görüşündə qeyd etdi ki, Qərbi Azərbaycanda İrəvan mədəni mərkəz idi. Amma ermənilər o mədəni mərkəzi dağıdıblar. Təəssüf ki, Qərbi Azərbaycan folkloru ermənilər tərəfindən ağır zərbələrə düçar qalıb. Məsələn, bu gün İrəvan aşıq mühiti, Göyçə aşıq mühiti yoxdur. Azərbaycan folklorşünaslıq tarixində ilk folklor toplusu 1899-cu ildə məhz İrəvanda çap olunub. Hətta bu barədə Həsən bəy Zərdabi “Kaspi” qəzetində ziyalılarımızı örnək gətirərək geniş məqaləylə çıxış etmişdir. Qərbi Azərbaycanla bağlı tədqiqatlar hələ çox davam etdirilməlidir. Hesab edirəm ki, bu proses mümkün qədər qısa müddətdə başa çatdırılmalıdır. Çünki xalq haradadır, folklor da oradadır. Xalqın sinəsi xəzinəsidir. Yaşlı adamlar dünyadan köçürlər və onlar köçdükdə sinə dəftərlərini də əldən veririk.

 

 

Siz də qeyd etdiniz ki, yalnız Qərbi Azərbaycana məxsus bəzi regional folklor örnəkləri var. Bunlara misal göstərə bilərsiniz? Məsələn, Qərbi Azərbaycan folkloruna məxsus nanaylar var. Toy şənliklərində əsasən gənc qızlar, gəlinlər tərəfindən xüsusi ritmlə oxunan nəğmələrdir. Bu nəğmələrdən biri olan Xınalı nanayı misal göstərə bilərəm:

Ay Xınalı, Xınalı, Xınalı,

Səni ya bəy alı, ya xan alı, Xınalı,

Arpa gölü sərindir, suları çox dərindir,

Ya gözlərin şəvədir, ya şəvə gözlərindir.

Ay Xınalı, Xınalı, Xınalı,

Səni ya bəy alı, ya xan alı, Xınalı

 

Bu Ağbaba mahalından toplanmış bir nanaydır. Bu nanayda gözlər şəvəyə bənzədilib. Şəvə çox parlaq qapqara bir daşdır. Gözəlin gözləri də o yerlərə məxsus olan şəvəyə bənzədilib.

Eyni zamanda, Qərbi Azərbaycana məxsus tırınqı janrı var. Tırınqı qoşmanın bir növü sayılır, amma ondan fərqli olaraq mürəkkəb qafiyə sisteminə malikdir. Birinci misra necə başlayırsa, digər bəndlər də həmin misranın ilk yarısı ilə başlayır və sonuncu misra təkrar olunur. Bu, sırf regional janrdır. O regionun özünəməxsus xüsusiyyətlərini, dialektini, adət-ənənəsini özündə əks etdirən bir janrdır.

 

Bildiyimiz qədərilə sizin də dədə-baba yurdunuz olan Qərbi Azərbaycan haqqında şeir kitablarınız dərc olunub. İstərdim ki, o şeirləri yazarkən hansı hisləri keçirdiyinizdən, nələri göz önünə gətirdiyinizdən danışasınız.. Siz mənim kövrək yerimə toxundunuz... Mən ixtisas olaraq folklorşünasam, elmlə məşğul oluram, ancaq mən ədəbiyyata şeirlə gəlmişəm. Orta məktəbdə oxuyandan etibarən şeirlərim çap olunub. İlk şeirlər kitabım da “Ağbabaya gedən yollar” adlanır. Yəqin ki biz nə vaxtsa Ağbabaya gedəcəyik. Şübhəsiz ki, insan doğma yurddan yazanda kövrək hislər keçirir, orada yaşadığı günləri xatırlayır. Onu da qeyd etməliyəm ki, o günlərə qayıtmaq olduqca xoş olur.

 

Ermənilər Qərbi Azərbaycanda olan dini ziyarətgahları, tarixi abidələrimizi məhv ediblər. Bununla nəsə əldə edə biliblərmi?

 

Ermənilər orada olan müqəddəs ocaqları, abidələrimizi yerlə-yeksan ediblər. Çünki onlarda böyük bir tarix var. Onlar bizim mənəvi xəzinəmiz, izlərimiz idi. İstəyirlər ki, o yerlərdə azərbaycanlıların izi qalmasın. Bu abidələri dağıtmaqla xalqımızın tarixi, maddi-mənəvi irsini silmək istəyirlər. Guya ki orada elə qədimdən ancaq ermənilər yaşayıb. Amma Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, tarix var, sənədlər, xəritələr var. Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır.

 

Hazırda ermənilər Qərbi Azərbaycanda tarixi-coğrafi adlarımızı dəyişdirməkdə davam edir. Onların əsas məqsədi nə idi? Xüsusilə, 1935-ci ildən başlayaraq ermənilər dövlət səviyyəsində toponimlərin dəyişdirilməsi prosesinə başlayıblar. Son olaraq 1991-ci ildə imzalanmış fərmanla artıq bir dənə belə olsun Azərbaycan toponimi qalmayıb. Hələ təkcə 1946-cı ildə ermənilər Qərbi Azərbaycanda 104 kənd, şəhər və qəsəbə adı dəyişdirilmişdi. Sonrakı illərdə də bu dəyişdirilmə prosesi baş verib. Amma sırf 1946-cı ildə bu prosesə diqqət yetirilməsinin səbəbi 1948-ci ildən başlayaraq xaricdən gələn erməniləri şirnikləşdirmək idi. Onlara deyirdilər ki, siz öz doğma yurdunuza gəlirsiniz, burada erməni adları, erməni kəndləridir. Ona görə də həmin ildən artıq azərbaycanlılara məxsus izləri tamamilə silmək istəyirdilər. Bu adların ya kobud səslənməsi, ya da köhnə olmasını bəhanə edərək erməniləşdirmə prosesi həyata keçirirdilər. Onlar türksüz Ermənistan yaratmağın birinci pilləsini elə adlardan başladılar.

 

Qeyd etdiniz ki, hələ yalnız 1946-cı ildə 104 ad dəyişdirilib. Maraqlıdır ki, ümumilikdə Qərbi Azərbaycan ərazisində nə qədər toponimlər saxtalaşdırılıb? Məndə olan məlumata görə, Qərbi Azərbaycan ərazisində 900-dən çox yaşayış məntəqəsinin adları dəyişdirilib. Ermənilər özləri də bilmədən bunu etiraf edirlər. Məsələn, Zaven Korkodyan adlı erməni aliminin kitabında İrəvan və ətraf ərazilərində olan məhələ, küçə adlarının hamısı qədim Azərbaycan sözləridir. Qaraqoyunlu, Dərələyəz, Göyçə və s. tamamilə türk mənşəli sözlərdir. Bunu ermənilərin özləri də etiraf edir. Onlar bizim adların, sözlərin mənalarını heç başa düşmürlər. Ona görə də hətta mahnılarımızı belə mənimsəmək istəyirlər. Amma o ideyaların, düşüncələrin bizim olmasını dəyişdirə bilməzlər. Təəssüf ki, sovet dövründə bu məsələnin üstünə düşmədilər və onlar bu dəyişdirmə prosesinə nail oldular.

Mənbə: sia.az