Talıbovun inanılmaz qadağası - Naxçıvanı tərk edə bilməzdilər...

Talıbovun inanılmaz qadağası - <span class="qirmizi">Naxçıvanı tərk edə bilməzdilər...</span>

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun personası ətrafında başlayan müzakirələr davam edir. Talıbovların muxtar respublikadakı hökmranlığının başa çatmasından sonra müzakirələr yeni rəng alıb. Demək olar ki, hər gün Vasif Talıbovun və övladlarının Naxçıvana rəhbərlik etdiyi dövrlə bağlı yeni məlumatlar yayılır. "Sirr pərdəsi"nin ortadan qalxması Azərbaycan ictimaiyyətini Naxçıvan həqiqətləri ilə üz-üzə qoyub.

Yenisabah.az bu qəbildən olan daha bir ilginc məlumat əldə edib. Naxçıvanda yaşayan həkimlərdən biri Vasif Talıbovun tətbiq etdiyi daha bir qadağa haqda saytımızı məlumatlandırıb. Onun sözlərinə görə, Talıbovun bu qadağası əsasən Naxçıvan həkimlərinə, alimlərinə və yaradıcı adamlara şamil olunub.

Mənbə deyib ki, Prezident İlham Əliyev Bakıda yaradıcı adamlara, cəmiyyətin inkişafında xidmətləri olan ayrı-ayrı şəxslərə ev bağışladığı kimi, Vasif Talıbov da Naxçıvanda yaşayan ziyalıların, sənət adamlarının, həkimlərin və bu kateqoriyaya daxil olan digər peşə sahiblərinin sosial vəziyyətinin yaxşılaşmasının qeydinə qalıb. O, hər il 10-a yaxın müxtəlif peşə sahibinə ev bağışlayıb.

Maraqlısı odur ki, Vasif Talıbovun bu yaxşılığı təmənnasız olmayıb. O, ev verdiyi alimlərdən, həkimlərdən, sənət adamlarından, müəllimlərdən muxtar respublikanı tərk etməməyi tələb edib. Buna cəhd edənlərin evləri dərhal əllərindən alınıb: "Vasif Talıbov tanıdığım bir həkimə ev vermişdi. Sonradan Türkiyənin və İranın məşhur klinikaları həmin həkimi işə dəvət etdi. Bunun üçün Naxçıvandakı işindən ayrılmalı, muxtar respublikanı tərk etməli idi. Ancaq nə qədər çalışsa da, buna nail ola bilmədi. Onu evini əlindən almaqla və özünü həbs etməklə hədələdilər. O cümlədən, Naxçıvan Dövlət Universitetinin bir neçə müəllimi qardaş Türkiyənin aparıcı təhsil ocaqlarından iş təklifi almışdı. Vasif Talıbovun qorxusundan onların heç biri Naxçıvanı tərk edə bilmədi. Həmin alimlərin arasında Vasif Talıbovun ev verdikləri də vardı, ev vermədikləri də. Amma son illər onun üçün fərq etmirdi, təkcə ev verdiklərinin deyil, vermədiyi tanınmış adamların, alimlərin də muxtar respublikadan çıxmasına imkan vermirdi".

Mənbə: www.baki-xeber.com