Bu gün Gömrükçülərin Peşə Bayramıdır

Bu gün Gömrükçülərin Peşə Bayramıdır<span class="qirmizi"></span>

Bügün Gömrük İşçilərinin Peşə Bayramıdır.

BAKU.WS xəbər verir ki, hər il yanvarın 30-u Azərbaycanda Gömrükçülərin Peşə Bayramı Günü kimi qeyd edilir.

Azərbaycanda gömrük xidməti zəngin tarixi yol keçib. Hələ Çar Rusiyası dövründə 1807-ci il fevralın 7-də Bakı Gömrük İdarəsi təsis edilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra təşəkkül tapmış yeni strukturlardan biri gömrük sistemi olub. 1992-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsi (DGK) yaradılıb və 28 ildir ki, müstəqil gömrük xidməti ölkəmizin təhlükəsizliyi istiqamətində mühüm rola malikdir.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti, gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələri və bu qurumun daha da modernləşməsinə yönələn iqtisadi siyasəti nəticəsində Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşıb.

Prezident İlham Əliyev hər bir sahədə olduğu kimi, gömrük sisteminin də bütün istiqamətlər üzrə daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, son illər Azərbaycan gömrük xidməti dinamik inkişaf edir və yeni, müasir layihələr həyata keçirməklə beynəlxalq standartlara cavab verən nümunəvi təşkilat kimi inamla irəliləyir. Azərbaycan gömrük xidməti öz fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verərək bu sahədə köklü islahatlar aparıb.

Son illər Azərbaycan gömrük xidməti nümunəvi qurum kimi formalaşıb. Bəllidir ki, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan gömrük orqanlarının və onun əməkdaşlarının əsas məqsədi göstərilən etimadı doğrultmaq, dövlətə, dövlətçiliyə sədaqət nümayiş etdirməklə qarşıya qoyulan vəzifələri vicdanla yerinə yetirməkdir. Son illərdə gömrük sistemində şəffaflığın təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi, elektron xidmətlərin sayının artırılması və digər sahələrdə islahatların əhatə dairəsi genişləndirilib ki, bu da xidmət mədəniyyətinin yüksəldilməsində, xarici ticarət iştirakçılarında könüllü riayət prinsiplərinin formalaşdırılmasında və beynəlxalq ticarətin asanlaşdırılmasında əhəmiyyətli rol oynayıb.

Gömrük orqanlarının ən vacib fəaliyyət sahələrindən biri də qaçaqmalçılığa qarşı mübarizə, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasıdır. Son 2 ildə 4 tondan çox, ötən il isə 2 tondan çox narkotik vasitənin aşkar edilərək dövriyyədən çıxarılması gömrük orqanlarının bu sahədə də səmərəli fəaliyyətindən xəbər verir. Keçən il qaçaqmalçılıq yolu ilə gətirilərkən aşkarlanan malların ümumi dəyəri 300 milyon dollardan artıq olub.

Gömrük xidməti respublikamızın iqtisadi inkişafına təkan verməklə, ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin yeni-yeni uğurlar qazanmasında mühüm rol oynayacaq. Azərbaycan gömrükçüləri dövlət başçısının müstəqil Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, xalqımızın firavan gələcəyinin təmin edilməsi uğrunda göstərdiyi fəaliyyətdə yaxından iştirak edəcək, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarıqlarını sərf edəcəklər.

Mənbə: baku.ws