Bakıda qan tökən çempionun məhkəməsi oldu - FOTO

Bakıda qan tökən çempionun məhkəməsi oldu - FOTO<span class="qirmizi"></span>

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

İttihama görə, Elman Muxtarov ötən il Bakıda Mikayıl Məmmədov adlı şəxsi bıçaqlayıb. Bir müddət sonra həmin vətəndaşın evinə qanunsuz daxil olaraq onu yumruqla vurub, bədən xəsarətləri yetirib. Daha sonra evdən 2800 manat pulu götürərək hadisə yerini tərk edib. Barəsində şikayət olunduqdan sonra ötən ay həbs olunub.

Elman Muxtarova qarşı Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə), 181 (quldurluq) maddələri ilə ittiham irəli sürülüb. E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. I Avropa Oyunlarının gümüş mükafatçısı, Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi, Azərbaycan çempionu olub. 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında iştirak edib.

Hakim Səbinə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkmiş şəxsin müdafiəçisi vəsatət qaldıraraq prosesdə kütləvi informasiya vasitələrinin iştirakına etiraz edib və qapalı keçirilməsini istəyib. Məhkəmə iclasın açıq keçirilməsinə və çəkiliş aparılmamasına qərar verib. Təqsirləndirilən şəxsin vəkili məhkəməyə daha bir vəsatət təqdim edib. O, Elman Muxtarovun əməlində cinayət tərkibinin olmadığını bildirib. Müdafiəçi məhkəmə heyətini diqqətinə çatdırıb ki, təqsirləndirilən şəxs özünü təqsirli bilmir. Onun əməlində 181-ci maddənin olmadığını deyib. O bildirib ki, təqsirləndirilən şəxsin 128-ci maddə ilə həbsdə qalmasına heç bir əsas yoxdur. Bu səbəbdən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Məhkəmə vəsatətə münasibət bildirmək üçün müşavirəyə gedib.

Məhkəmənin növbəti iclası fevralın 7-nə təyin olunub.

Mənbə: olke.az