Almaniyada ictimai nəqliyyatda maska rejimi ləğv olunub

Almaniyada ictimai nəqliyyatda maska rejimi ləğv olunub<span class="qirmizi"></span>

 

Bakı, 2 fevral, AZƏRTAC

Bu gündən etibarən Almaniyanın bütün ərazisində avtobus və qatarlarda maska rejimi ləğv olunub.

AZƏRTAC Deutsche Welle teleradio kompaniyasına istinadla xəbər verir ki, üç il davam edən pandemiya məhdudiyyətlərindən sonra doqquz federal əyalətdə indiyə qədər qüvvədə qalan ictimai nəqliyyatda məcburi maska rejimi tamamilə aradan qaldırılıb. Almaniyanın səhiyyə naziri Karl Lautrebax sərnişinlərə könüllü şəkildə maska taxmağı tövsiyə edib.

İctimai nəqliyyatda maska rejiminin ləğvi əhali arasında fikir ayrılığına səbəb olub. Bəziləri maskasız sərnişinin yanında oturmaq istəməyənlər üçün xüsusi zonaların yaradılmasını tələb edir.

Xəstəxanalarda, əlillər və qocalar evlərində isə maska rejimi aprelin 7-dək qüvvədə qalacaq. Eyni zamanda, bu tibb müəssisələrinə girmək üçün koronavirus testinin mənfi nəticəsi barədə sənəd tələb olunacaq.

Mənbə: azertag.az