“Yoncalıq”da yol problemi: Seçicilərinin səsinə hay verməyən deputat - FOTO

Hər dəfə yağış yağanda Lütfəli Abdullayev küçəsindəki yol sakinlər üçün keçilməz bataqlığa, palçığa, su gölməçələrinə çevrilir. Yolsuzluq səbəbindən sakinlər öz evlərinə gedib-gəlməkdə çətinlik çəkirlər. Sakinlərin sözlərinə görə, taksi xidməti göstərən şəxslər də müxtəlif bəhanələrlə əraziyə gəlməkdən imtina edirlər.

Abşeron rayonu Masazır kəndi Lütfəli Abdullayev küçəsinin bir qrup sakini redaksiyamıza müraciət edərək yolsuzluq problemindən əziyyət çəkdiklərini bildiriblər. Qeyd ediblər ki, el arasında “Yoncalıq” kimi tanınan bu ərazidə 10 ildən artıqdır yeni yaşayış məhəllələri salınıb.

“Kaspi” qəzeti sözügedən ərazinin problemini işıqlandırıb:

Öz evlərinə gedib-gəlməkdə çətinlik çəkən sakinlər

Onların iddialarına görə, həmin vaxtdan indiyə qədər Abşeron İcra Hakimiyyəti Başçısının Masazır icra nümayəndəliyi və Masazır bələdiyyəsi tərəfindən bu problemin həlli üçün hər hansı tədbir görülməyib. Sakinlər şəxsi büdcələri hesabına dəfələrlə yola mişar daşı, kərpic və aqlay qırıntıları, şeben tökdürüblər. Lakin bu, ciddi effekt verməyib. Hər dəfə yağış yağanda yol yenidən keçilməz bataqlığa, palçığa, su gölməçələrinə çevrilib. Yolsuzluq səbəbindən sakinlər öz evlərinə gedib-gəlməkdə çətinlik çəkirlər. Sakinlərin sözlərinə görə, taksi xidməti göstərən şəxslər də müxtəlif bəhanələrlə əraziyə gəlməkdən imtina edirlər. Hətta xəstələnən biri üçün təcili tibbi yardım çağıranda yoldakı zığ-bataqlıq səbəbindən həkimlər ünvana gəlib çıxa bilmirlər.

Yolda hər hansı tikinti-təmir işləri aparılmayıb

Sakinlər vurğulayıb ki, 2022-ci il sentyabrın 14-də Masazır kəndində 960 şagird yerlik 6 nömrəli yeni məktəbin açılışı olub. Açılışdan əvvəl yalnız məktəbin qabağı və 569 saylı marşrut avtobusun sonuncu dayanacağına qədər olan hissəyə, yəni "Abşeron" küçəsinin gözlə görünə biləcək yerlərinə asfalt örtük döşənib. Lakin yolun 569 saylı marşrut avtobusun sonuncu dayanacağından üzü aşağı – transformatora qədər olan hissəsində hər hansı tikinti-təmir işləri aparılmayıb. Beləliklə də yolun yarısı asfaltlanıb, amma geridə qalan hissəsi, eləcə də Lütfəli Abdullayev və digər küçələr asfaltlanmayıb. Sakinlər mövzunu ictimailəşdirmək, aidiyyəti qurumların diqqətini çəkmək, bu minvalla problemin həllinə nail olmaq üçün qəzetimizə müraciət etmək məcburiyyətində qaldıqlarını vurğulayıblar.

Masazır bələdiyyəsində söz verib ərşə çəkildilər

Mövzu ilə bağlı əvvəlcə yerli özünüidarəetmə orqanının münasibətini öyrənmək istədik. Masazır bələdiyyəsi ilə əlaqə saxlayıb vətəndaşların şikayətini çatdırdıq. Bələdiyyənin xanım işçisi Masazır kəndi Lütfəli Abdullayev küçəsi sakinlərinin gündəmə gətirdiyi problemi, həmçinin redaksiyamızın əlaqə nömrəsini qeyd edərək söz verdi ki, bələdiyyə sədri gələn kimi məruzə ediləcək, ardınca da bizimlə əlaqə saxlanılıb mövqe bildiriləcək. Lakin bələdiyyə sədrinin səsini eşitmək, Masazır sakinlərinin probleminin həllinə dair hansısa tədbirlərin görülüb-görülməyəcəyinə dair mövqe öyrənmək bizə nəsib olmadı.

Seçicilərinin səsinə hay verməyən deputat

Masazır kənd sakinlərinin müraciətini 45 saylı Abşeron Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Oqtay Əsədova çatdırmaq, seçicilərinin üzləşdiyi problemə dair onun mövqeyini öyrənmək istədik. Əfsuslar olsun ki, Milli Məclisin iclaslarında üzünü görə bilmədiyimiz deputatın səsini də eşitmək bizə qismət olmadı. Parlamentin meclis.gov.az saytında deputatın köməkçisi kimi ad-soyadı, mobil telefon nömrəsi qeyd olunan Rauf İrzayevlə əlaqə saxlamağa çalışdıq. Ancaq o da telefon zəngimizə cavab vermədi.

İcra Hakimiyyətindən sakinlərə şad xəbər

Abşeron Rayon İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova isə qəzetimizə açıqlamasında bildirdi ki, Abşeron rayonunda təmirə ehtiyac duyulan, həmçinin asfalt örtük vurulacaq yeni yolların siyahısı hazırlanıb. O, bu istiqamətdə proqramın reallaşdırıldığını diqqətə çatdırdı. Bildirdi ki, rayondakı hər bir inzibati ərazi üzrə yeni yolların çəkilməsi, asfalt döşənməsi və təmiri planlaşdırılıb və bu iş ardıcıllıqla həyata keçirilir: “Çalışırıq ki, ötən il olduğu kimi cari ildə və qarşıdakı illərdə plana uyğun olaraq rayon ərazisindəki yolları təmir edək. Biz də istərdik ki, bu işlər ən qısa zamanda, yüz faiz nəticə ilə həyata keçsin, vətəndaşların rahatlığı təmin olunsun, yolsuzluq problemi tamamilə həllini tapsın. Yeni salınan yaşayış məhəllələrində yol problemi daha qabarıq şəkildə özünü göstərir. Bundan da xəbərimiz var və bir qədər əvvəl söylədiyim kimi, mərhələ-mərhələ yol problemi həllini tapacaq. Şübhə yoxdur ki, bu tədbirlər çərçivəsində Lütfəli Abdullayev küçəsinin sakinlərinin də yol problemi həllini tapacaq. Amma bəzi hallarda yol çəkilişini, təmirini bizdən asılı olmadan gecikdirən amillər olur. Buna misal olaraq kommunikasiya xətlərinin qurulmasını, hava şəraitini və sairi göstərmək olar. Lakin bütün bunlara baxmayaraq, çalışırıq ki, planlı şəkildə işləri başa çatdıraq”.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Kürdə meyiti tapılan şəxslə bağlı DİN-dən AÇIQLAMA

SONRAKI XƏBƏR

Ukraynanın müdafiə naziri istefa verdi