BDU və “LU-MUN HOLDİNG” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

BDU və “LU-MUN HOLDİNG” arasında əməkdaşlıq müqaviləsi imzalanıb<span class="qirmizi"></span>

 

Bakı Dövlət Universiteti (BDU) və “LU-MUN HOLDİNG” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni BDU-nun rektoru Elçin Babayev və “LU-MUN HOLDİNG” MMC-nin İdarə Heyətinin sədri Rüfət Tabasaranksi imzalayıblar.

BDU-dan AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimində çıxış edən rektor Elçin Babayev elm və təhsilin sənaye və bizneslə əlaqələndirilməsinin, dövlət-özəl tərəfdaşlığının, alınmış elmi nəticələrin kommersiyalaşdırılmasının BDU-nun əsas hədəflərindən olduğunu bildirib. Rektor vurğulayıb ki, “Tədqiqat universiteti” statusu almağa hazırlaşan, ölkənin ən böyük universiteti olan BDU-nun ölkənin ən müasir şirkətlərindən olan “LU-MUN HOLDİNG”lə müqavilə imzalaması uğurlu nəticələrə səbəb olacaq: “Şirkətin fəaliyyət sferası BDU-da tədris olunan biokimya, biotexnologiya, biomühəndislik, genetika kimi ixtisaslarla kəsişir. Bu ilin sonunda BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin binası da istifadəyə veriləcək. Bu, birgə elmi tədqiqatların sürətini daha da artıracaq”.

“LU-MUN HOLDİNG” MMC-nin İdarə Heyətinin sədri Rüfət Tabasaranksi isə BDU ilə birgə əməkdaşlığın həm elmi, həm praktik nəticələr verəcəyini qeyd edib. Bildirib ki, rəhbərlik etdiyi şirkət ölkədə ərzaq təhlükəsizliyi, Azərbaycanda kənd təsərrüfatı və qida istehsalı sahələrində irimiqyaslı layihələr həyata keçirən investisiya şirkətidir. Holdinqin əsas missiyası Azərbaycanın milli resurslarını dirçəltməkdir.

Qeyd edək ki, müqavilənin məqsədi qarşılıqlı anlaşma əsasında elmi-texniki fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsindən ibarətdir. BDU və “LU-MUN HOLDİNG” intellektual, elmi-texniki və texnoloji potensiallarının daha da artırılması məqsədilə müştərək elmi-tədqiqat layihələrinin icrası və elm, texnika və texnologiya sahələrində əldə olunan nailiyyətlərin tətbiqi, qarşılıqlı istifadə olunması istiqamətində əməkdaşlıq edəcəklər. Müqaviləyə əsasən, biologiya, biotexnologiyalar, biotibb, biokimya, akvakultura, histologiya, genetika və digər qarşılıqlı maraq doğuran elm sahələrində birgə layihə və elmi-tədqiqat işlərinin aparılması, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların və təlimlərin təşkili, əqli mülkiyyət hüquqları qorunmaqla elmi informasiya və nəşrlərin mübadiləsi, elmi əsərlərin birgə nəşr edilməsi, müştərək layihələrin və proqramların həyata keçirilməsi nəzərdə tutulur.

Mənbə: azertag.az