Adil Əliyev: “Azərbaycanda zəlzələ olarsa, bu, enerji toplamış palçıq vulkanlarına 100 faiz təsir göstərəcək”

Adil Əliyev: “Azərbaycanda zəlzələ olarsa, bu, enerji toplamış palçıq vulkanlarına 100 faiz təsir göstərəcək”<span class="qirmizi"></span>

Son dövrlərdə İsrailin, Qazaxıstanın, Gürcüstanın, İranın müxtəlif şəhərlərində 4-5 bal gücündə silsilə yeraltı təkanlar baş verir. Ən dəhşətlisi isə Türkiyədə qeydə alınan 7,7 bal gücündə zəlzələdir. Yeraltı təkanın afterşokları, təəssüf ki, hələ də davam edir.

Yeraltı təkanlar şəhərlərdə çoxmərtəbəli binaların, xəstəxanaların və məscidlərin dağılmasına səbəb olub.

Yeraltı təkanların Azərbaycanda hiss olunub-olunmayacağına və mövcud ocaqların oyanmasına təkan verib-verməyəcəyinə dair AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuata açıqlama verib. O, insanları narahat olmamağa səsləyib və bildirib ki, yaxın günlərdə Azərbaycanda güclü zəlzələnin başvermə ehtimalı olmasa da, xırda zəlzələlər, hiss olunanı-olunmayanı, onsuz da, həmişə var.

Bəs əgər yaxın bir neçə gün ərzində Azərbaycanda xırda da olsa, yeraltı təkanların olacağına ehtimal verilirsə, bu ölkə ərazisindəki palçıq vulkanlarına necə təsir göstərəcək? Vulkan püskürməsi gözlənilə bilərmi?

Oxu.Az-ın suallarını cavablandıran AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bildirib ki, əgər Seysmoloji Xidmət Mərkəzi Azərbaycanda yeraltı təkanların ola biləcəyinə ehtimal verirsə, bu mütləq palçıq vulkanlarını oyada bilər:

“2000-ci ilin noyabr-dekabr aylarında Xəzərdə baş verən zəlzələnin afterşoku 2001-ci ildə həm quruda, həm də dənizdə hiss olundu. Biz zəlzələni hiss etdik. O zəlzələlərin nəticəsində 2001-ci ildə Şərqi Azərbaycanda - Abşeron yarımadası, Qobustan, Şamaxı ərazilərində 16 vulkan püskürməsi baş verdi. Onlar hamısı Xəzərdə baş verən zəlzələ ilə əlaqəli idi. Biz buna yeraltı təkanlar sönəndən sonrakı afterşok deyirik. Ona görə də əgər güman edilirsə ki, zəlzələ ola bilər, bunu yalnız Seysmoloji Xidmət Mərkəzi deyə bilər”.

Bəs yeraltı təkanlar olarsa, məhz hansı palçıq vulkanlarını oyada bilər?

A.Əliyev qeyd edib ki, ölkəmizdə yeraltı təkanlar olarsa, uzun müddət yatmış, enerji toplamış palçıq vulkanlarına 100 faiz təsir göstərəcək:

“Ortalama 4-5 baldan yuxarı yeraltı təkanları nəzərdə tuturam. 2000-ci ildə Xəzərdə müşahidə edilən zəlzələnin amplitudu təxminən 6 baldan bir qədər çox idi. Türkiyədə baş verən zəlzələ 7 baldan yuxarıdır, çox dəhşətlidir. Allah qardaş ölkəyə kömək olsun, ölənlərə rəhmət eləsin”.

Mənbə: www.oxu.az