Azərbaycanda həyət evlərinin qiyməti bahalaşıb? - AÇIQLAMA

Azərbaycanda həyət evlərinin qiyməti bahalaşıb? - AÇIQLAMA<span class="qirmizi"></span>

Türkiyədə baş verən zəlzələ ötən gündən etibarən bütün dünya mətbuatının gündəmindədir. Hadisə bir çox ölkələrdə tikinti qaydalarına nə dərəcədə əməl edilməsi, çoxmərtəbəli binaların zəlzələ anında dayanıqlılıq dərəcəsi, həyət evlərinin daha təhlükəsiz olması və s. əsas müzakirə edilən mövzulara çevrilib.

Bəs maraqlıdır, Türkiyədəki zəlzələnin fəsadları Azərbaycanda həyət evlərinin qiymətinin bahalaşmasına təsir edə bilərmi? İnsanlar həyət evlərinin daha təhlükəsiz olduğunu düşünərsə, bu, alqı-satqı göstəricilərinə necə təsir edəcək?

Bununla bağlı Oxu.Az-a danışan daşınmaz əmlak eksperti Nüsrət İbrahimov qeyd edib ki, Azərbaycanda ev alqı-satqısında bina evləri üstünlük təşkil edir. O qeyd edib ki, zəlzələnin baş verməsindən cəmi 1 gün keçib və bu zaman qiymətlərin bahalaşmasına təsir üçün çox qısa müddətdir:

“Cəmi bir günə həyət evlərinin bahalaşdığını demək əsassızdır. Azərbaycanda, xüsusilə Bakıda insanlar ən çox bina evlərini üstün tuturlar. Onsuz da evlərin qiyməti pik nöqtədədir. Həyət evlərinin alqı-satqısı minimuma düşüb. Camaat daha çox kiçik sahəsi olan mənzillər alır, çünki pulu ona çatır. Sənədsiz həyət evləri belə 100-120 qiymətə satılır. Bu pulu həmin evə verməkdənsə, insanlar şəhərdə yeni tikilmiş binada mənzil almağı üstün tutur”.

N. İbrahimov Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycanda tikinti qaydalarına nəzarətin artırılacağını, qaydaların sərtləşdiriləcəyini düşünür:

“2000-ci ildə Azərbaycanda baş verən zəlzələni xatırlatmaq istəyirəm. O zaman da belə təlatümlər olmuşdu. Amma tez unuduldu və təsirləri aradan qalxdı. 2-3 aydan sonra camaat yenə axınla bazara qayıdıb, binalarda mənzillər alır.

Türkiyədə baş verən zəlzələ isə başqa tərəfdən təsirlərini göstərəcək. Tikintiyə nəzarət güclənəcək, yoxlamalar artırılacaq, təkrar yoxlamalar güclənəcək, Fövqəladə Hallar Nazirliyinin tələbləri sərtləşəcək. Amma vəziyyətin həyət evlərinin qiymətinə təsir edəcəyini söyləmək əsassızdır”.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara səbəb olub.

Dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 3 549-a, yaralıların sayı isə 22 168 nəfərə çatıb.

Aysel Aslan

Mənbə: www.oxu.az