Talıbov repressiyasının daha bir "neqativ irsi" aradan qalxdı - Onun tapşırığı ilə...

Talıbov repressiyasının daha bir "neqativ irsi" aradan qalxdı - <span class="qirmizi">Onun  tapşırığı ilə...</span>

Tural Səfərov: “Mən Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun tapşırığı ilə qanunsuz şəkildə həbs edilmişdim”

Məlum olduğu kimi, 2 fevral tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasında jurnalist Tural Səfərova bəraət verilməsi üçün kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Tural Səfərov barəsində çıxardığı qanunsuz qərar ləğv edilib.

Qeyd edək ki, Ali Məhkəmənin bəraət vermək hüququ olmadığından, iş baxılması və bəraət verilməsi üçün yenidən Apellyasiya Məhkəməsinə qaytarılıb.

“Vasif Talıbov ölkə rəhbərliyinin fəaliyyəti ilə bağlı qəzetdə yazıların dərcində maraqlı deyildi və mən buna etiraz edirdim, ona görə də…”

Məlumat üçün bildirək ki, Tural Səfərov 2021-ci ilin iyun ayında Vasif Talıbovun tapşırığı ilə Naxçıvanda qanunsuz şəkildə həbs edilmişdi. Nə səbəbdən həbs olunması, məhkəmə prosesinin gedişi barədə Tural Səfərovla həmsöhbət olduq.

- Sosial şəbəkədə yazılan hər hansı fikrə, statusa görə jurnalistin tutulması düzgün deyil. Sizcə, bu siyasi sifarişli idi? Tural bəy, nə baş vermişdi? Sizi nə üçün həbs etmişdilər?

- Əvvəla onu deyim ki, mənim həbsimə səbəb olan status tənqidi status idi. Mənim əməlimdə heç bir cinayət tərkibi yoxdur. Ölkədə hər gün minlərlə belə statuslar paylaşılır, tənqidi yazılar dərc edilir, açıqlamalar verilir. Bu məntiqlə yanaşsaq, gərək hər gün Azərbaycanda yüzlərlə sosial şəbəkə istifadəçisi, jurnalist həbs edilə. Yəni demək istədiyim odur ki, “Facebook”da yazdığm status həbsim üçün bəhanə idi. Mən Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun tapşırığı ilə qanunsuz şəkildə həbs edilmişdim. Həbsimin isə çox ciddi siyasi səbəbləri vardır. Mən Vasif Talıbovun Naxçıvanı Azərbaycandan necə qopardığını, dövlətə və ölkə rəhbərliyinə necə xəyanət etdiyini bilirdim və bu barədə danışmaq qərarı vermişdim. Vasif Talıbov məni susdurmaq, hələ 2017-ci ildə “Şərq qapısı” qəzetinin baş redaktoru olduğum dövrdə etdiyim “özbaşınalığın” cəzasını vermək üçün həbs edilməyim barədə tapşırıq verdi. İstintaq təcridxanasında açıq şəkildə deyirdilər ki, sən Vasif Talıbovun tapşırığı ilə burdasan. Ona görə də səni heç kim xilas edə bilməz.

- 2017-ci ildə nə baş vermişdi? Vasif Talıbov sizdən nəyin acığını çıxırdı?

- Bilirsiniz ki, 2017-ci ilin fevral ayında Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib. Biz bu xəbəri “Şərq qapısı” qəzetində manşetdən dərc etdik və bu da Talıbovun xoşuna gəlmədi. Ümumiyyətlə, Vasif Talıbov ölkə rəhbərliyinin fəaliyyəti ilə bağlı qəzetdə yazıların dərcində maraqlı deyildi və mən buna etiraz edirdim. Ona görə də 2017-ci ilin aprel ayında tutduğum vəzifədən istefa verdim. Bu da Talıbovun xoşuna gəlmədi və məni cəzalandırmaq üçün fürsət axtarırdı. Belə bir “fürsət” isə 2021-ci ilin may ayında əlinə keçdi.

- Talıbovun əlinə keçən “fürsət” nə idi? Sizi hansı maddə ilə təqsirli bilərək həbs etdilər?

- 2021-ci ilin may ayında valideynlərimi ziyarət etmək məqsədilə Naxçıvana getdim. Muxtar respublikadan Bakı şəhərinə qayıdarkən Naxçıvan Beynəlxalq Hava Limanında bir sıra xoşagəlməz hadisələrlə rastlaşdım. Bilirsiniz ki, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində təyyarə reyslərində hər sərnişin üçün 23 kiloqram yükün ödənişsiz daşınmasına icazə verilir. Mənim isə, səhv etmirəmsə, təqribən, 70 kiloqram yüküm var idi. Oxucularımız üçün sual yaranar ki, Tural Səfərov 70 kiloqram nə gətirirdi? May ayı Naxçıvanın yaxşı vaxtıdır, bir sıra nemətlərin bol olduğu dövrdür. Məhz bu ayda yetişən Naxçıvan göycəsi, cacığı, uşqunu Bakıda yaşayan naxçıvanlılar üçün əvəzsiz nemət hesab olunur. Odur ki, mən də dost-tanışa bir az bu nemətlərdən gətirirdim. Nə isə. Biletimi kəsdirib yükü təhvil verdim. Ödədiyim pulun qəbzini tələb etsəm də mənə qəbz təqdim olunmadı. Sonra minik salonuna keçərkən daha bir xoşagəlməz hadisə baş verdi. Sanki terrorçu yoxlayırmışlar kimi məni yoxlamağa başladılar. Kompüterimi açdırıb fayllara baxmaq istədiklərini bildirəndə etiraz etdim. Bunun guya qanuni olduğunu dedilər. Bir neçə gün bundan əvvəl Naxçıvana gəldiyimi, Heydər Əliyev Beynəlxalq Aeroportunda belə tələblər irəli sürülmədiyini xatırlatdım. Hava limanı işçilərinin kompüterin açılıb-bağlanmasını tələb etməsini yanlış hesab etmirəm. Ola bilər ki, mövcud qaydalar belədir. Amma bu qaydalar sərnişinə izah edilməli idi. Hava limanında ödədiyim pulun qəbzinin verilməməsi, gördüyüm natəmizlik, işçilərin sərnişinlərlə kobud rəftarı məndə bu qənaəti formalaşdırdı ki, burda nöqsanlar var və ictimailəşdirilməlidir. Elə hava limanında olarkən öz “Facebook” səhifəmdə bir status yazdım. O status ki, məni həbsə apardı. Bakıya qayıtdıqdan sonra hava limanında yükümü gözləyərkən xeyli ləngidim. Bütün sərnişinlər yükünü götürüb getdi. Mən bir saatdan çox idi ki, öz yükümü gözləyirdim. Nəhayət, hava limanının işçiləri mənim nə üçün gözlədiyimi soruşdular. Baqajımın gəlmədiyini bildirdim. Bir neçə dəqiqə sonra aydınlaşdı ki, mənim yükümün çoxu ayrı-ayrı sərnişinlərin adına rəsmiləşdirilib. Bunun səbəbləri barədə öz “Facebook” səhifəmdə növbəti statusu yazdım.

Bu hadisə may ayının 15-də baş verdi. Mənim Naxçıvan Beynəlxalq Hava Limanının direktoru tərəfindən məhkəməyə verilməyimdən, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə ittiham olunmağımdan iyunun 4-ə qədər xəbərim olmayıb. Halbuki, məhkəmə xüsusi ittiham qaydasında şikayəti mayın 21-də icraata götürüb, mayın 25-i və 27-də iştirakım olmadan iclaslar keçirilib. Naxçıvan şəhərində qeydiyyatda olduğum və illərdir ki, yaşamadığım ünvana dəfələrlə bildiriliş göndərilib və həmin ünvanda yaşamadığımla bağlı cavab alınıb. Çox böyük təəssüf hissi ilə qeyd edirəm ki, həmin bildirişləri həbs olunduqdan iki gün sonra Naxçıvan Şəhər Məhkəməsinin məhkmə zalında imzalamışam. Bu, Azərbaycan hüquq sistemində analoqu olmayan biabırçı hadisədir.

- İttiham ərizəsi ilə tanış idiniz?

- Qətiyyən. Məhkəmə günü hakimə bildirdim ki, ittiham ərizəsi ilə tanış deyiləm. Təsəvvürünüzə gətirirsinizmi? Barəmdə həbs qətimkan tədbiri seçilib, iyunun 16-dan 18-dək iki gün istintaq təcridxanasında saxlanılmışam, ittiham ərizəsi ilə məhkəmə günü tanış oluram və kimin məni məhkəməyə verdiyini elə həmin gün öyrənirəm.

- Aydındır. Xahiş edirəm, söhbətimizə bir az əvvəl qaldığımız yerdən davam edək.

- Mən Naxçıvanda kifayət qədər tanınmış adamam və illərdir ki, həmin ünvanda yaşamadığımı muxtar respublikada bilməyən dövlət yetkilisi, demək olar ki, yoxdur. Məqsəd məhkəməyə gəlmədi görüntüsü yaradıb barəmdə həbs qətimkan tədbiri seçmək idi. Naxçıvan Şəhər Polis İdarəsindən əlaqə yaradılıb məhkəməyə dəvət olunduğum bildirildi, amma nə məqsədlə çağırıldığım deyilmədi. Naxçıvanda qeydiyyatla bağlı bir məsələ var idi və elə bildim ki, onunla əlaqədar dəvət edirlər. Bakıda dostlarımızdan xahiş etdim ki, məhkəməyə nə məqsədlə çağırıldığımı öyrənsinlər. Çox keçmədən dedilər ki, məni xüsusi ittiham qaydasında məhkəməyə veriblər, Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə ittiham olunuram. Sonra elektron məhkəmə portalı vasitəsilə bununla mən də tanış oldum. Maraqlıdır ki, məhkəmə portalında mənim adım qeyd olunsa da, şikayət verənin adı yazılmamışdı. Mənimlə əlaqə saxlayan polislərdən dəfələrlə tələb etsəm də, hətta vəkilim hakimlə şəxsən danışıb ittiham ərizəsinin təqdim olunmasını xahiş etsə də, ittiham ərizəsini bizə göndərmədilər. Niyə? Ona görə ki, qurama və əsassız idi. İndi dediklərimi inkar etmək fikrinə düşənlər bilsin ki, bu müsahibədə səsləndirdiyim hər bir sözün arxasında fakt var, sənəd var. Müasir dövrdə yaşayırıq. Müvafiq orqanlar telefon danışıqlarını, yazışmaları bir neçə saata əldə edə bilir.

- Sizə ittiham ərizəsi göndərilməyib, ittihamın da əsassız olduğunu bilirdiniz. Sizin mediada hər zaman geniş imkanlarınız və media cameəsində böyük nüfuzunuz olub. Həmin vaxt isə populyar bir informasiya agentliyinə rəhbərlik edirdiniz. Niyə bu məsələni o vaxt ictimailəşdirmədiniz? Nəyə görə öz ayağınızla gedib həbsə girdiniz?

- Bu barədə geniş danışmaq istəmirəm. Onu deyə bilərəm ki, məni o vaxt üçün çox doğma bir adamın vasitəsilə aldatdılar. Həmin şəxsin kreslosunu qorumaq üçün öz doğmalarına xəyanət edəcəyini ağlıma belə gətirməzdim.

- Naxçıvana gedəndən sonra nə baş verdi? Bildiyim qədərilə, tamamilə qanunsuz və absurd bir məhkəmə prosesi olub.

- İyunun 15-də Naxçıvana getdim. İyunun 9-da barəmdə həbs qətimkan tədbiri seçilsə də, məni həmin gün həbs etmədilər. Onun səbəbkarını dəqiq bilirəm, amma ad çəkməyəcəyəm. Hər kəs Vasif Talıbov kimi vicdansız və Allahsız deyil ki. Naxçıvanda vicdanlı məmurlar da var. Naxçıvana yeniyetmə oğlumla birlikdə getdim. Məqsədimiz bu xətadan sovuşub bir neçə gün orada valideynlərimin yanında qalmaq idi. Adını çəkmək istəmədiyim yüksək çinli məmur tapşırıq veribmiş ki, Tural Səfərov övladının yanında həbs olunmayacaq. Mənim həbsimlə bağlı Naxçıvanda ən ali səviyyədə qərar verildiyindən, onun bu prosesin qarşısını alacaq gücü yox idi.

İyunun 16-da Naxçıvan Şəhər Məhkəməsinə getdim, hakimlə görüşmək istədiyimi bildirdim. Hardan bilim ki, məni aldadıb Naxçıvana gətirmək və həbs etmək üçün nə hoqqalardan çıxıblar? Əvvəlcə məhkəmə olacağını dedilər və müxtəlif xəstəxanalarda müəyyən sağlamlıq müayinələrindən keçirdilər. Mən ürək xəstəliyindən müalicə alırdım, amma orda mənim tam sağlam olduğumu yazdılar. Halbuki, sonra istintaq təcridxanasında müalicəni davam etdirdim və bu, apellyasiya məhkəməsinin hökmündə də öz əksini tapıb. Saxta sağlamlıq müayinələrindən sonra məni istintaq təcridxanasına apardılar. Təqribən saat 16 radələri idi. Səhər saat 10-dan o vaxta qədər, polis maşını Naxçıvan şəhərindən çıxıb Böyükdüz adlanan ərazidə yerləşən təcridxanaya gedənə qədər mənim hara aparılacağım barədə məlumatım olmayıb. Bu xırda detallara qədər ona görə danışıram ki, oxucular prosesin necə baş verdiyini anlasın, həbsimin qanuni yaxud qanunsuz olduğunu ayırd edə bilsin. Bu, Naxçıvanda hüquq sisteminin necə işlədiyini aydınlaşdırmaq baxımından da önəmlidir.

Nəhayət, iyunun 18-də o məşhur məhkəmə prosesi keçirildi. Məhkəmə iclasında hakim Gülnar Səfərəliyevaya dedim ki, mən ittiham ərizəsi ilə tanış deyiləm. Xahiş etdim ki, ittiham ərizəsi ilə tanış olmağıma şərait yaradılsın. Barəmdə may ayının 21-də cinayət işi qaldırılıb, iyunun 16-da həbs edildim, iki gün istintaq təsridxanasında saxlanıldm və mənə məhkəmə gününə qədər ittiham ərizəsi təqdim edilməyib. Heç Mozambikdə, hansısa vəhşi qəbilələrin yaşadığı yerlərdə də belə məhkəmə prosesləri olmur. Hakimə dedim ki, bu məhkəmə Azərbaycan hüquq sistemində qara ləkə kimi qalacaq. Nəhayət, mənə şərait yaradıldı və ittiham ərizəsi ilə tanış oldum. Bunun heç bir əhəmiyyəti yox idi. Çünki mənə nə qədər cəza veriləcəyini də artıq Vasif Talıbov müəyyənləşdirib. Beləliklə, mən 4 ay müddətinə azadlıqdan məhrum edildim. Bir ay istintaq təcridxanasında saxlanıldıqdan sonra apellyasiya şikayəti verdim və Azərbaycanın müvafiq dövlət orqanlarının müdaxilə ilə şərti azadlığa buraxıldım. Həmin ilin dekabr ayında amnistiya tətbiq edildi və məhkumluğum götürüldü.

Mən cinayətkar deyildim və Naxçıvan məhkəmələrinin bu qərarları ilə razılaşa bilməzdim. Ona görə də mənə bəraət verilməsi xahişi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verdik.

Fevralın 2-də Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasında kassasiya şikayətimiz üzrə məhkəmə iclası keçirildi.

Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin barəmdə çıxardığı qanunsuz qərar ləğv edildi. Ali Məhkəmənin bəraət vermək hüququ olmadığından, iş baxılması və bəraət verilməsi üçün yenidən Apellyasiya Məhkəməsinə, yəni Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə qaytarıldı. Artıq mənim həbsim barədə siyasi sifariş verənlər tarixin zibilliyinə atılıb. Ona görə də Naxçıvan Ali Məhkəməsində ədalətli qərar çıxarılmasına heç bir maneə yoxdur. Ümid edirəm ki, Naxçıvan məhkəməsi Azərbaycan Ali Məhkəməsinin qərarına sayğı ilə yanaşacaq, əvvəlki səhvini düzəldəcək, ədaləti bərpa edəcəkdir.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com