BİZİM TƏQVİM: 26 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 26 fevralda baş vermiş tarixi hadisələr

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib, soyqırımı törədiblər. 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla, 613 nəfər vəhşicəsinə qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb, 197 nəfər itkin düşüb.

Bəs, fevralın 26-da dünyada daha nələr olub?

1. 26 fevral 1797-ci ildə İngiltərə Bankı ilk funt-sterlinqi tədavülə buraxıb.

2. 1815-ci ilin bu günündə Napoleon Bonapart Elba adasından sürgündən qaçıb.

3. 26 fevral 1921-ci ildə Sovet Rusiyası ilə İran arasında diplomatik münasibətlər haqqında müqavilə imzalanıb. Müqavilədə Xəzərdən istifadə haqqında bənd də yer almışdı. Çar Rusiyasının İrana tətbiq etdiyi əsas qadağalar (o cümlədən Xəzərdə hərbi donanma saxlamağa qadağa) yeni müqavilədə qüvvədə qalmışdı.

4. 26 fevral 1925-ci ildə "Tütün rejimi” ləğv edildi.

5. 1926-cı ilin 26 fevralı Sovet dövründə Azərbaycanın paytaxtı Bakıda I Türkoloji Qurultay keçirildi.

6. Türkiyə kinosunun görkəmli aktyorlarından biri olan Tarık Akan 1985-ci ilin bu günü 35-ci Berlin film tədbirində Münsiflər Heyətinin Xüsusi Mükafatını aldı. Bu mükafat aktyora Zeki Öktenin rejissoru olduğu “Pəhləvan” (Pehlivam) filmdəki roluna görə verilib. Amma 12 Sentyabr Çevriliş Cəhdi zamanı mövqeyi ilə bağlı təhlükəli görünən Tarık Akana pasport verilmədi və o, mükafatı almağa gedə bilmədi.

7. 2004-cü ilin 26 fevralında Makedoniya prezidenti Boris Trajkovski və başçılıq etdiyi 8 nəfərlik heyəti daşıyan təyyarə Bosniya-Hersoqovinanın Mostar şəhəri yaxınlığında qəzaya uğradı və ölkənin rəhbəri dünyasını dəyişdi.

26 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 1802-ci ilin bu günü romantizm cərəyanının görkəmli nümayəndəsi, Fransa yazıçısı Viktor Hüqo anadan olub(1802-1885).

2. 26 fevral 1892-ci isə məşhur musiqiçi Leopold Rostropoviç (1892 - 31.7.1942) Rusiyanın Voronej şəhərində doğulub. 1925-ci ildə ailəsi ilə Bakıya köçüb, 1931-ci ilədək burada yaşayıb, Azərbaycan Dövlət Konservatoriyasının professoru kimi pedaqoji fəaliyyət göstərib. Azərbaycanda ilk simli kvartetin yaradıcılarından biri olub.

3. 26 fevral görkəmli Azərbaycan şairi Əli Tudənin xatirə günüdür. Hələ 13 yaşından onun şeirləri almanaxlarda, qəzetlərdə çap olunmağa başlayıb. Cənubi Azərbaycanda Milli Hökumət qurularkən Maarif Nazirliyində Təhsil şöbəsinin müdiri işləyən Əli Tudənin ana dilində kitabların tərtib və çap edilməsində böyük rolu olub.İran tarixində ilk dəfə yaradılan filarmoniyanın - Təbriz filarmoniyasının əsasını qoyub. Milli hökumətin ən ali mükafatına – “21 Azər” medalına layiq görülüb. Bakıya köçəndən sonra da ədəbi fəaliyyətini davam etdirən Əli Tudənin 40-a yaxın kitabı nəşr olunub. (1924-1996)

4. 26 fevral 1927-ci ildə aktyor, rejissor, teatr təşkilatçısı Ələkbər Süheyli (1879-1927) vəfat edib. Akademik Dram Teatrında, Bakı Türk İşçi Teatrında çalışıb. Milli aktrisaların olmadığı illərdə qadın rollarını oynayıb.

5. Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayev 26 fevral 1968-ci ildə anadan olub.

6. Türkiyə Cümhuriyyətinin Prezienti Rəcəb Tayyib Ərdoğanın bu gün 70 yaşı tamam olur. O 26 fevral 1954-cü ildə Qasımpaşada anadan olub.

Surxay Atakişiyev

Mənbə: bizim.media