Tanınmış şəxslərin “öldü” xəbəri - kimlər və niyə yayır...

Tanınmış şəxslərin “öldü” xəbəri - kimlər və niyə yayır...

Fevralın 28-də tanınmış siyasətçi, ləğv edilmiş Azərbaycan Liberal Partiyasının keçmiş lideri Lalə Şövkət haqqında sosial şəbəkələrdə iddialar yayılıb. Belə ki, bəzi şəxslər tərəfindən onun dünyasını dəyişdiyi ilə bağlı paylaşımlar edilib. Lalə Şövkətin oğlu isə yayılan məlumatları təkzib edib. “Lalə Şövkətin dünyasını dəyişməsi ilə bağlı yayılan informasiyalar boş söhbətlərdir. Hazırda Lalə Şövkətin səhhətində hər şey normaldır”, - o deyib. Qeyd edək ki, Lalə Şövkət hazırda 73 yaşındadır. 

Yada salaq ki, bundan bir neçə gün əvvəl də Türkiyədə müalicə olunan Cavanşir Quliyevin vəfat etməsi xəbəri yayılmış, sonradan təkzib edilmişdi.

Zaman-zaman həbsdə olan siyasətçilərlə bağlı da belə xəbərlər yayılıb. Məsələn, 2012-ci ilin sentyabrında o zaman həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun 13 saylı cəzaçəkmə müəssisəsində vəfat etdiyi xəbəri yayılmışdı. Bu cür feyk-xəbərlərə yalnız bizim ölkəmizdə deyil, dünya mediasında da rast gəlinib.

SSRİ-nin birinci və sonuncu prezidenti, Azərbaycan xalqına qarşı erməni soyqırımının təşkilatçılığını etmiş Mixail Qorbaçovun da bir neçə dəfə ölüm xəbərləri yalan çıxmışdı. Qeyd edək ki, Qorbaçov 2022-ci ildə 91 yaşında vəfat edib. ABŞ-ın sabiq prezidenti Barak Obamanın iki dəfə ölüm xəbəri çıxıb. 2011-ci ilin iyulunda naməlum şəxs ABŞ-ın “Fox Nevs” telekanalının siyasət şöbəsinin rəsmi twitter səhifəsini ələ keçirərək orada prezident Barak Obamanın öldürüldüyü barədə məlumat yerləşdirib.  Gecə saatlarında telekanalın foxnevspolitics səhifəsi özünün 33 minlik oxucularına Barak Obanın öldürülməsinin təfərrüatlarını məlumat verməyə başlayıb. “Barak Obama indicə aramızdan getdi. Prezident qətlə yetirilib. İyulun 4-ü üçün bu çox kədərli məlumatdır”, - deyə yazılarda deyilib.  

Məşhur ulduz Rikki Martinin ölüm xəbəri ABŞ-ın “ABC-10" kanalından verilib. Qısa bir zaman kəsiyində bütün sosial şəbəkələr Martinin ölüb-ölmədiyini müzakirə ediblər.  Xəbərdə polis zabiti kameraların qarşısına çıxaraq Martinin Los Ancelesdə keçirdiyi qəza nəticəsində öldüyünü açıqlayır. Onun danışdığından dərhal sonra qəzanın görüntüləri efirə verilib. Bir müddət sonra Rikki Martinin nümayəndələri müğənninin ölüm xəbəri ilə bağlı şayiələri təkzib ediblər.

Bu cür iddiaları yayanlar psixoloji xəstədirmi? 

İntim Münasibətlərdə Psixalogiyanın Rolu – Psixoloq Ülviyyə Murtuzova -  7Times.Az – Son Xəbərlər, Dünya Xəbərləri və Multimedia

 Ülviyyə Murtuzova

Tanınmış psixoloq Ülviyyə Murtuzova mövzu ilə “Yeni Müsavat”a dedi ki, burada ilk olaraq qeyri-peşəkarlıq özünü göstərir: “Peşəkar jurnalist heç zaman faktı araşdırmadan yaymaz. Sosial mediada təəssüf ki, bəzi kütlənin beyninə göz yaddaşı vasitəsilə bu cür xəbərləri oxumağa sürüklənmə gedir. Bəzi kütlələrdə bu tip xəbərlərə maraq oyadılır. Cəmiyyətdə "öldü" və  “öldürüldü” tip xəbərləri oxuyaraq bundan zövq alan manyaklaşmış kütlə yaranıb. Bunlara jurnalist də demək olmaz, sosial medianın müəyyən daşıyıcılarıdır ki, bir-biriləri yarışa girərək, bu xəbəri tez yayım, daha çox oxucu kütləsi, reytinq olsun deyə düzgün olmayan xəbərləri yayırlar. Haqqında yanlış xəbər çıxan insanların yaxınlarının keçirdiyi təşvişə, qorxuya məhəl qoymamaq da anormallıqdır. Bunların göstəriciləri birbaşa normal insanların göstəricilərinə dəlalət etmir. Əgər bu xəbərləri araşdırmadan yazırsa, demək ki, sağlam düşüncəyə sahib olmayan insandır. Bunlar özlərindən başqa heç kəsi düşünməyən, onların həmin anda yaşadığı travmanı gözə almırlarsa, onda insani dəyərlərdən də kənardadırlar. Mənə elə gəlir ki, bu tip insanlarda ciddi şəxsiyyət pozuntusu var. Ya bu insanlar ciddi müalicə olunmalıdırlar, bu da mümkün deyil. Çünki onlar heç bir zaman özlərində qeyri-normal heç bir şey hesab etməyəcəklər ki, onları biz müalicə edək. Bu cür insanlarla mübarizə aparmağın ən gözəl yolu müəyyən məbləğdə təzminatla cərimələnməsidir. Çünki bunlar hər bir gedişatı pulda gördüklərinə görə maddiyyat onlar üçün şərəf və vicdandan önə çıxdığına görə, o insanları bu cür əməllərdən çəkindirən yeganə yol yüksək məbləğdə təzminatın cəza olaraq çəkilməsdir. Nə qədər ictimai qınaq olsa da, onların şüuruna təsir etməyə çalışsaq da, onlara təsir etməyəcək. Haqqında yalan xəbər çıxan şəxslər məhkəməyə müraciət edib, onların bu şəkildə cəzalandırılması barədə məsələ qaldırmalıdırlar. Yaxşı olardı ki, hüquq- mühafizə orqanları, məhkəmələr bununla bağlı ciddi tədbir görsünlər. Fikrimcə, çox ciddi tədbirlər görüləcək, bu da lazımdır. Bu, psixoloji xəstəlikdirmi? Bu, əslində ciddi şəxsiyyət pozuntusudur. Bunun da müalicəsi uzun müddət aparılmalıdır". 

Mənbə: musavat.com