Azadlığa buraxılan generallarla bağlı şok qərar gözlənir – SƏBƏB

Azadlığa buraxılan generallarla bağlı şok qərar gözlənir – <span class="qirmizi">SƏBƏB</span>

Bir il öncə həbs olunan Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov və Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov ev dustaqlığına buraxılıblar. Məlumata görə, hər iki şəxs dövlətə vurulan ziyanı dövlət büdcəsinə ödəyiblər.

Mövzunu Globalinfo.az-a şərh edən hüquq müdafiəçisi Çingiz Qənizadə deyib ki, hər iki şəxsin azadlığa çıxması istintaq zamanı təyin olunub.

O bildirib ki, M.Rəsulov və E.Xəlilovun cinayət işi yekunlaşıb, dəymiş zərərin ödənilməsi ilə bağlı qərar dəyişdirilib:

Çingiz Qənizadə

“Hər iki şəxsin də azadlıqda olması məqsədəuyğundur. İstintaq dövründə belə halların olması normaldır. Şəxslərə təklif olunur ki, dövlətə, vətəndaşa dəymiş ziyanı ödədikdə, qətimkan tədbirlərinin dəyişdirilməsi mümkündür. Amma bu, o demək deyil ki, hər iki şəxs məsuliyyətdən azad olunur. Məsuliyyət məsələsinə məhkəmə baxacaq”.

Ç.Qənizadə bildirib ki, M.Rəsulov və E.Xəlilov gələcəkdə bəraət və ya yüngül cəza ala bilər:

“Hər halda dəymiş zərərin dövlətə ödənilməsi müsbət hal kimi dəyərləndirilir. Bu baxımdan da qanun və hüquq icazə verir ki, şəxslər barəsində qətimkan tədbirinin başqa növü tətbiq edilsin. İstintaq dövründə həbsxanada yox, evdə olması qanuna uyğun və mümkün olan haldır. Məndə olan məlumata görə, hətta onlardan birinin səhhətində çox ciddi problemlər var”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, görünür azadlığa buraxılan generallar günahsız olublar:

Hafiz Hacıyev

“Çox güman ki, onlar kimlərinsə sifarişi əsasında həbs ediliblər. Ona görə də, araşdırmalar yekunlaşdıqdan sonra azadlığa çıxıblar. Əgər doğrudan da mənimsədikləri pulları dövlətə qaytarıblarsa, bunun özü də böyük örnəkdir. İstərdim ki, Azərbaycanda olan bütün korrupsioner məmurlar tutulsun, dörd divarın dadını görsün və Azərbaycan xalqından oğurladıqları pulları geri qaytarsınlar”.

H.Hacıyev deyib ki, belə bir ənənənin davam etməsi daha yaxşı olar:

“Düşünürəm ki, həbsdə yatmaqla nəsə dəyişmir. Dövlətdən, vətəndaşlardan oğurladıqları pulları bu cür səviyyədə ödəsələr yaxşıdır. Bunun özü də xalqımızın xeyrinədir. Son zamanlar gömrük orqanlarında şəffaflıq yaranır. Hər halda Azərbaycan reallığında hər şeyi hesablamağı bacarmalıyıq. Ona görə də, sizli-bizli cənab prezidentin yanında olaraq bu işlərin öhdəsindən gələ bilək. Bir nəfər hər şeyi görə bilməz. Ona görə də, hər şeyi bir nəfərin üzərinə atmaq olmaz. Bunun üçün də siyasətçilər, media işçiləri birgə mübarizə apararaq böyük uğurlar əldə edə bilərik”.

Qeyd edək ki, gömrük generalları külli miqdarda mənimsəmə cinayətlərində təqsirləndirilir.

Mənbə: globalinfo.az