Roman yazır, şahmat oynayır: "ChatGPT" insanın rəqibi, yoxsa DOSTU?

Roman yazır, şahmat oynayır: "ChatGPT" insanın rəqibi, yoxsa DOSTU?<span class="qirmizi"></span>

Heç bir sualın qarşısında aciz qalmayan sınaq mərhələsindəki süni intellekt tətbiqi ChatGPT son zamanlarda diqqəti öz üzərinə çəkməyi bacarıb.

Mütəxəssislərin yaxın vaxtlarda bir çox sektorlara yayılacağını açıqladığı texnologiyadan istifadə edənlərlə yanaşı, nə olduğunu bilməyənlər hələ də var.

ChatGPT hələ sınaq mərhələsindədir. Amma artıq bir çox sahələrdə istifadə olunur. Xüsusilə, tələbələr ondan daha çox yararlanmağa çalışır.

Chat GPT-ə veb sayt vasitəsilə daxil olmaq mümkündür. Üzv olduqdan sonra sistemdən istifadə etmək pulsuzdur.

Mobil cihazlar üçün isə hələ ki, heç bir proqramı yoxdur.

Zərər görməmək üçün necə istifadə etməli?

Sosial media mütəxəssisi Fərid Ağazadə Bizim.Media-ya açıqlamasında ChatGPT adı verilən süni intellekt vasitəsinin hazırki dövrdə yeni nəslin “Google” sistemi kimi şərh edildiyini deyib:

“Google”da lazım olan məlumat qarşına çıxırsa, indiki sistem məlumatla yanaşı, onun barəsində süni intellektin öz şərhini də verir. ChatGPT-nin bir çox funksiyası var.

Yeni vasitə sosial şəbəkələrdə, “Google” və yaxud da digər axtarış vasitələrində olan bütün məlumat bazasını özündə saxlamaqla bərabər, həmin baza haqqında elektron şəkildə informasiya vermək xüsusiyyətinə sahibdir. Deyək ki, ChatGTP-dən hansısa yazıçının yazı üslubunda yazı yazmağını istəyirsən. Tətbiq elektron versiyalar üzərində qısa bir təhlil aparararaq həmin yazarın dəsti-xəttinə uyğun şəkildə roman yazmağa başlayır”.

Ekspert deyir ki, süni intellekt tətbiqinə bütün yaradıcılıq sahələrində insana bərabər şəkildə mübarizə gücü yüklənsə də, hər insanın öz dəsti-xəttinin olması robotların onu əvəz etməsinə imkan vermir:
“Ümumiyyətlə, ChatGPT insanı əvəzləmək üçün yox, ona kömək üçün lazım olan vasitədir. Düzgün şəkildə istifadə etməklə ondan öz işlərimizdə faydalana bilərik. ChatGPT özündə yalnız məqalə, şeir, roman və s. resursları toplamır, eyni zamanda şahmat da oynaya bilir. Bütün şahmatçıların oyunlarının tarixi onun beynində olduğu üçün istənilən şahmatçı ilə rahat oynaya bilər. Çünki o, artıq hansı oyunçunun hansı gedişi edəcəyini bilir. Amma bu yenə də hər zaman ChatGPT-nin qalib gələcəyi anlamına gələ bilməz. Belə ki, oyunçu yeni fəndlərdən istifadə edə bilər. Əgər həmin fəndlər sosial şəbəkələrdə hansısa bir oyunlarda istifadə edilməyibsə, bu zaman proqram şahmatçı qarşısında aciz qala bilər”.

Müsahibimiz deyir ki, robotdan doğru şəkildə faydalana bilmək və insanın üstünlüyünü göstərmək üçün doğru sualı vermək, nə istədiyimizi bilmək vacibdir:

“Hansısa bir mövzuda tam funksiyalı araşdırma aparmaq lazımdır ki, süni intellektin bizə təqdim etdiyi 100 minlərlə nümunələrin içərisində “başımızı itirməyək”.

F.Ağazadənin sözlərinə görə, ChatGPT, ümumiyyətlə süni intellekt doğru şəkildə istifadə edənlər üçün heç bir təhlükə yaratmır.
 

Mənbə: bizim.media