Orucluqda necə qidalanmalı? - Türkiyəli mütəxəssislərdən XƏBƏRDARLIQ

Orucluqda necə qidalanmalı? - Türkiyəli mütəxəssislərdən XƏBƏRDARLIQ<span class="qirmizi"></span>

 

Sabahdan Ramazan ayı başlayır. Bu ayın vacib məqamlarından biri də sağlamlığa zərər vurmadan düzgün qidalanmaqdır. Mütəxəssislər imsak vaxtı qalxmağın vacibliyini vurğulayır.

Bizim.Media türkiyəli həkim-dietoloq Gökçən Efe Aydının Ramazanda qidalanmaqla bağlı tövsiyələrini təqdim edir:

“Ramazanda oruc tutanlar iftara yüngül yeməklərlə başlamalıdır. 10-15 dəqiqədən sonra az yağlı ətli, tərəvəzli yemək və ya salatla davam etmək daha yaxşı olar. Enerji verən, lakin qan şəkərini sürətlə artıran ağ çörək, düyü plovu kimi qlisemik indeksi yüksək olan qidaların yerinə bulqur plovu, tam buğda çörəyi və ya tam buğda unundan hazırlanmış makaron kimi lifli qidalara üstünlük verilməlidir. Oruc tutanların imsak üçün qalxması da vacibdir. Buna əməl olunmayanda orucluq müddəti ən az 20 saata çatacaq ki, bu ciddi sağlamlıq problemlərinə səbəb ola bilər”.

Dietoloq Xədicə Kübra Ekti isə bildirib ki, bəzi insanlar üzürlü səbəblərdən imsak üçün qalxmaqdansa, yemək yeyib bir az gec yatmağa üstünlük verirlər:

“Bu, yanlışdır. İmsakda istehlak etdiyimiz qidalar bizi gün boyu tox tutacaq və maye itkisinə məruz qalmamızı minimuma endirəcək. İmsak olmazsa, qanda şəkərin aşağı düşməsi, həzmdə çətinlik, mədə və bağırsaqlarda həddindən artıq qaz yığılması, qan təzyiqinin ani yüksəlməsi, orqanizmin susuzlaşması kimi sağlamlıq problemləri bizi ciddi şəkildə narahat edə bilər. Çünki təxminən 14-15 saat ac qalırıq və bir dəfə qidalanan insanlar demək olar ki, bütün günü ac qalmış olurlar. Bu səbəbdən imsakı vaxtında və ötürmədən etmək lazımdır”.

Həkimlər vurğulayıb ki, ümumiyyətlə qan şəkərinin aşağı düşməsi, daha sıx aclıq hissi, yorğunluq, iş performansında azalma, uzun müddət aclıqdan yarana biləcək narahatlıq və əsəbilik kimi bəzi problemlərin qarşısını almaq üçün oruc tutanlar mütləq imsak vaxtı qalxmalı və yemək yeməlidirlər.

 

Mənbə: bizim.media