Xanım qazini avtomobili ilə vuran sürücü hadisə yerindən qaçdı

Xanım qazini avtomobili ilə vuran sürücü hadisə yerindən qaçdı<span class="qirmizi"></span>

Birinci Qarabağ qazisi, 1-ci qrup əlil, "Tutu" ləqəbli Rüxsarə Cumayeva yaşadığı evin yaxınlığında avtomobil qəzası keçirib. Milli.Az xəbər verir ki, bu barədə qazinin özü musavat.com-a açıqlamasında bildirib.

Xanım qazi bildirib ki, martın 15-də səhər saatlarında evdən çıxıb, taksiyə minmək istəyərkən "Toyota Pirus" markalı avtomobili tərəfindən vurulub. Onun sözlərinə görə, sürücü hadisə yerindən qaçıb:

"Taksiyə yaxınlaşarkən, qəfil arxadan gələn "Toyota Pirius" avtomobili məni belimdən vurdu. Zərbənin təsirindən yolun ortasında huşsuz vəziyyətdə qaldım. Sürücü əvvəl maşından enərək, mənə yaxınlaşdı, daha sonra heç nə olmamış kimi tələsik avtomobilə əyləşərək uzaqlaşdı.

Ətrafdakıların köməyi ilə məni xəstəxanaya yerləşdirdilər. Məlum oldu ki, zərbə nəticəsində bel nahiyəmdə fəqərə sümüyüm sınıb".

Rüxsarə Cumayeva bildirib ki, hadisəni törədən Razi adlı şəxs artıq aşkarlanıb, lakin məsuliyyətə cəlb olunmayıb:

"Aidiyyəti orqanlar tərəfindən artıq cinayət işi açılıb. Hadisəni törədən şəxs maşını idarə edərkən telefona baxdığından qəza törətdiyini bildirib. Artıq 8 gündür ki, ağır vəziyyətdə yataq rejimində müalicə alıram. Bu müddət ərzində həmin şəxs bir dəfə də olsun vəziyyətim ilə maraqlanmayıb. Bu azmış kimi xəbər göndərib ki, "arxalıdır", kimlərinsə "tapşırığı" ilə məhkəməni öz xeyrinə həll edəcək".

Xanım qazi vəziyyətinin kritik olduğunu deyib: "8 gündür ki, yataqdayam, şiddətli ağrılara görə gündə iki dəfə ağrıkəsici qəbul edirəm. Həkimlər bildirir ki, hələ azı iki ay yataq rejimində müalicə almalıyam. Müalicələrimin xərcini də aldığım borcların sayəsində ödəyirəm.

Aidiyyəti orqanlara, o cümlədən Daxili İşlər Nazirliyi, Baş Prokurorluğa üzümü tutub xahiş edirəm, hadisəni törədən şəxsin məsuliyyətə cəlb olunması üçün tədbirlər görülsün".

Mənbə: news.milli.az