"O universitetin məsuliyyətsiz əməkdaşlarına elə bir dərs vermək lazımdır ki..."

"O universitetin məsuliyyətsiz əməkdaşlarına elə bir dərs vermək lazımdır ki..."<span class="qirmizi"></span>

"O universitetin məsuliyyətsiz əməkdaşlarına elə bir dərs vermək lazımdır ki..."

Bir azərbaycanlı tələbə keçən il Ankarada bir dövlət universitetinə qəbul haqqı qazanıb. Ancaq universitetin qeydiyyat şöbəsi müxtəlif bəhanələr gətirərək qeydiyyatdan imtina edib. Tələbə universitetin cavabından rəsmi formada öncə rektora, sonra Türkiyə Ali Təhsil Şurasına (YÖK) müraciət edib. YÖK universitetə məktub yazıb məsələni araşdırmasını tələb edib. Universitet tələbəyə yenə cavab yazaraq qeydiyyatdan imtina edib. Tələbə bu dəfə Ankara Cümhuriyyət Prokurorluğuna müraciət edərək universitetin qeydiyyat şöbəsinin iki əməkdaşının vəzifədən sui-istifadə etdiyini və onun universitetə qeydiyyatına maneçilik törətdiyini bildirib. Tələbə hüquqlarının pozulduğunu və Prokurorluq tərəfindən təhqiqat aparılmasını tələb edib. Prokurorluq sənədləri araşdıraraq vəzifədən sui-istifadə halının baş verdiyinə qənaət gətirib, qeydiyyat şöbəsinin əməkdaşları ilə bağlı soruşdurma açılmasını və tələbənin qeydiyyat hüququnun tanınmasını rektordan tələb edib. Bu dəfə rektor özü tələbəyə cavab yazaraq qeydiyyat şöbəsinin əməkdaşlarının özbaşınalığını müdafiə edib. Özətlə yazıb ki, prokurorun tələbini yerinə yetirmirəm, bu qərarımdan narazısınızsa məhkəməyə müraciət edə bilərsiniz.

Sağduyulu dostlarımızın köməkliyi ilə məsələnin müsbət həllini tapacağına ümid etdiyim üçün universitetin və onun qanun tanımayan rektorunun adını yazmıram. Ancaq burada bir neçə nüans var ki, konstruktiv bir şəkildə tənqid etməliyik.

Əvvəla, son illər Türkiyənin dövlət universitetlərində xarici tələbə qəbulunda neqativ hallar hədsiz çoxalıb. Bununla bağlı çoxlu faktlar var. Bu sahədə nəzarətsizlik işbazlara da geniş imkanlar açıb. İşbazlarla universitetlərin qeydiyyat şöbəsinin əməkdaşları arasında bağlanan gizli sövdələşmələr minlərlə xarici tələbənin hüquqlarının pozulmasına gətirib çıxarıb. Sadəcə ilk dəfə bu cür hüquq pozuntusundan Türkiyədə prokurorluğa şikayət edilib. Bu tələbənin cəsarəti həqiqətən təqdirəlayiqdir. Çox güman ki, bu tələbənin hüquqları həmin gizli sövdələşmə ucbatından pozulub. Yəni, bu tələbənin “halal” yerinə başqa bir tələbə yerləşdirilib. Nəyin müqabilində? Prokurorluq bu istiqamətdə araşdırma aparsa, yaxşı olar. Bu azərbaycanlı tələbənin haqlı mübarizəsi gələcəkdə minlərlə xarici tələbənin Türkiyədə üzləşəcəyi özbaşınalığın qarşısını ala bilər.

İkinci bir nüans, rektor nə tabe olduğu YÖK-ün tələbini yerinə yetirir, nə də dövlətin prokurorunun tələbinə məhəl qoyur. Bu rektor məgər qanunüstü bir şəxsdir ki, dövlətin prokurorunun tələbini saya saymır? Necə deyərlər, balıq başdan iylənər. Yəqin, qeydiyyat şöbəsinin özbaşınalığının səbəbkarı rektor özüdür.

Üçüncü bir nüans, Türkiyədə ali təhsil almaq arzusunda olan bir azərbaycanlı tələbənin daha universitetə qeydiyyat mərhələsində özləşdiyi haqsızlıqdır. Tələbəni şəxsən tanıyıram. Nəinki o universitetdə, Türkiyənin, hətta dünyanın ən yaxşı universitetində oxumağa layiqdir. Ancaq bu universitetin məsuliyyətsiz əməkdaşları azərbaycanlı tələbənin qeydiyyatından imtina edərək sadəcə o tələbədə deyil, bizim hamımızda böyük bir məyusluq yaradır. Bəlkə də bu qanun pozuntusu sadəcə bir məsuliyyətsizlik deyil, həm də Azərbaycan-Türkiyə dostluq-qardaşlıq münasibətlərinə xələl gətirmək üçün bilərəkdən edilmiş təxribatdır. Ona görə də bu qanun pozuntusu ilə bağlı Türkiyə Prezident Administrasiyasındakı və Türkiyə parlamentindəki dostlarımızı məlumatlandırdım. O universitetin məsuliyyətsiz əməkdaşlarına elə bir dərs vermək lazımdır ki, bir daha heç kim Türkiyədə azərbaycanlı tələbələrin hüquqlarını pozmağa cəsarət etməsin.

Mənbə: moderator.az