Eyni imza, eyni “kalaş”...

Eyni imza, eyni “kalaş”...<span class="qirmizi"></span>

 

Dünən gecə baş verən hadisə son 20 ildə presedenti olmayan hadisə idi.

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən terror aktı insanlarda qəzəb yaratdı. Halbuki, sui-qəsdə cəhdin sifarişçisi daha çox qorxu yaratmaq məqsədi güdürdü.

Sifarişçinin isə kim olduğunu anlamaq heç də çətin deyil. Eyni imza, eyni “kalaş”.

Yanvarın 27-də Tehranda Azərbaycan Səfirliyinə edilən hücum, hipermarketdə soyğunçuluq adıyla silahlı basqın və dünən gecə Milli Məclisin deputatına tuşlanan “kalaş”. Bu dəst-xət ən bəsit düşünən adam üçün də aydındır.

Bu aktın arxasında isə terror təşkilatının atası olan İran İslam Respublikasının dayandığı heç şübhə doğurmur. Hər üç epizodla bağlı hüquq-mühafizə orqanlarının araşdırması getdiyi halda bizə nəsə demək düşməz. Əminəm ki, qısa zaman ərzində bütün daşları yerinə oturdacaqlar. Elə qatilləri, onların sifarişçilərini də...

Məsələnin isə səbəb və nəticəsi daha dərindir. Əgər fərqinə vardınızsa İranın dişlərinin Azərbaycan dövlətinə qarşı qıcaması məhz 44 günlük şərəfli müharibə və müzəffər qələbədən sonra başladı. Çünki Azərbaycan öz göbəyini özü kəsərək hər iki ölkə ilə sərhədlərini müəyyənləşdirdi. Bu müəyyənləşmədə isə açıq deyəcəyəm, paz Ermənistandan daha çox İrana girdi. Niyə?

Çünki, Azərbaycan həqiqətən də coğrafiya taleyindir (Coğrafya kaderdir – red.) ifadəsinə yüzdə-yüz oturan dövlətdir. Azərbaycan dövlətinin sərhədləri bu gün onun və xalqı üçün olduqca müstəsna rol oynayır. Belə ki, dünyada baş verən geo-siyasi hadisələr, əl altından aparılan oyunlar, bu gün Azərbaycanı daha yüksək səviyyəyə qaldırır. Bir biznes partnyoru kimi, siyasi tərəfdaş kimi, strateji həmkar kimi.

Ölkə Başçısı İlham Əliyevin Zəngəzur dəhlizinin açılacağı barədə dünyaya mesaj verməsindən sonra İran anladı ki, regiona yeni oyunçu girdi. Özü də həm masada, həm də sahədə əli güclü və bərk. Və burada İranı ağlamaq tutdu. Əvvəlki kimi mərsiyə deməklə, ağı deməklə bu iş həll olunası deyil. Ona görə də “qardaş”, “müsəlman” ölkəsi başladı əzələ nümayiş etdirməyə.

Gah Azərbaycanın sərhədində hərbi təlimlər keçirtdi, gah da Araz çayına ponton körpülər atdı və s. və ilaxır. Bütün bu hərbə-zorba, dron-quş uçuşu bir nəticə vermədiyi halda İran ən gözəl bacardığı işi terroru ortaya qoydu. Onu da üstünə-başına bulaşdıra, bulaşdıra.

Çünki ortada milyardlarla pul olanda İranın başı qaçmağa başladı. Həqiqətən də dünya yeni düzənə girir, dünyanın yeni loqistika, iqtisadi damarı müəyyən olunur. O damar ki, uzaq Çindən gəlir. Şah damarın adı isə “Bir kəmər, bir yol” dur.

Və bu, oyunun əsas məqamıdır. Çünki bu layihədən yararlanan hər bir ölkə beynəlxalq səviyyədə yüklərin daşınmasına, milli gəlirlərin artmasına, regional inkişafa nail olacaq. Trilyonlarla para-pul sərf olunacaq bu layihəyə. Azərbaycan İranla müqayisədə balaca ölkə olaraq çəki baxımından ağır oyunçuya çevrilir. Danılmaz faktdır ki, buna nail olmaq üçün ölkə başçısı uzun illərdir əmək və güc sərf edir.

Bir faktı yadınıza salmaq istərdim. İlham Əliyevin və Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin Pekində görüşü zamanı ÇXR sədri çox maraqlı mesaj vermişdi.

Cənab Prezident Əliyev, Sizi Pekində bir daha salamlayıram, qarşıdakı “Bir kəmər, bir yol” ikinci Beynəlxalq Əməkdaşlıq Forumuna xoş gəlmisiniz. Azərbaycan tərəfi və şəxsən Siz Çin-Azərbaycan münasibətlərinin inkişafına, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə reallaşdırılmasına böyük diqqət yetirirsiniz. Biz bunu yüksək qiymətləndiririk.

Yəni ki, görünən kəndə bələdçi lazım deyil. 2020-ci ildən sonra da Azərbaycanın nə dərəcədə strateji tərəfdaş olması da göz qabağındadır. Bu gün İranın çabası da odur ki, rəsmi Bakıya təzyiq göstərərək onu geri addım atmağa məcbur etsin. Və coğrafiyanı öz istiqamətinə yönləndirsin.

Amma ki, fars-molla rejimi bütün gedişləri ilə daha çox fiaskoya uğrayır, hər addımında suqsvanq vəziyyətinə düşür. Çünki dini pərdə altında Azərbaycanda yığdığı “aftafa-ləyən”ləri ölkə əhalisi özü məhv edir və edəcək. Azərbaycan sivil - multikultural dövlətdir, din dövlətdən ayrıdır və hər zaman ayrı tutulacaq.

Biz dünyəvi cəmiyyətə və düşüncəyə malikik və biz qalib ölkəyik. Əziklik kompleksindən çıxmışıq. Həm də onu bilirik ki, bu, İranın ölümqabağı sayıqlamasıdır.

Azərbaycan regionda yeni və güclü oyunçudur. Silahları da müasir və dəqiqdir. Hədəfi də qəşəng vurur, LORA kimi.

Mənbə: www.oxu.az