Ətin qiyməti niyə hər gün artır? – Fermer səbəbləri AÇIQLADI

Ətin qiyməti niyə hər gün artır? – Fermer səbəbləri AÇIQLADI<span class="qirmizi"></span>

Bayram günlərində Şimal-Qərb bölgəsində mal ətinin qiyməti 11-12 manatdan 14 manata qalxıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bahalaşma təkcə ətin qiymətində deyil digər kənd təsərrüfatı məhsullarında da müşahidə olunur. Qiymət artımını bölgələrdə müxtəlif səbəblərlə izah edirlər.

Qaxlı fermer Mustafa Saatov deyir ki, iki il əvvəl 100 baş iribuynuzlu mal-qarası olub. Lakin otlaq sahələrinin olmaması, ot və yem məhsullarının qiymətinin bahalaşması nəticəsində mal-qarasının yarısını satıb. Əldə etdiyi vəsaitlə yem alaraq qalan heyvanları qışdan çıxarmağa çalışıb. Müsahibim bildirir ki, maldarlıqda əsas problem örüş yerinin olmamasıdır.

“Ləkit kəndində ümumiyyətlə örüş yeri yoxdur. Qiymətlər çox bahadır. Bir il əvvəl 2 ya, 1 manat 50 qəpiyə aldığımız ot bağlaması indi 6 manatadır. Arpanı biçin sahəsindən 10 qəpiyə alırdıq, indi isə 50-60 qəpiyə alırıq. Ləkit kəndində 2-3 il əvvəl min baş mal-qara vardısa bu gün bu say 300-ə enib. Bu azlma hələ də davam edir”.
Bir baş heyvanın saxlanılması üçün 900 manat lazım gəlir

Mustafa Saatov bildirib ki, bir baş iribuynuzlu heyvanın gündəlik xərci 5 manatdır.

“Buna təkcə arpanın və otun qiyməti daxildi. Bir heyvanı saxlamaq üçün bir aya 150 manat lazımdır. Hələ istifadə olunan dərmanların qiymətini demirəm. Payız-qış aylarında heyvanlar tövlədə bəslənir. Payız-qış aylarında bir heyvana çəkilən xərc 900 manata gəlib çatır. Bu il məsələn mən 1200 ot, 1000 ədəd küləş bağlaması toplamışdım. 15 ton da arpa-buğdam vardı. Bir ay qabağa hamısı qurtarıb, indi başlamışam almağa. 50 baş mala bu çatmadı. Hesablayanda topladığım ot, arpa və buğdanın qiyməti 20 min manat edir. Götürdüyüm gəlir isə 10 min manat olub. 10 min manat ziyandayam. Hələ çəkilən zəhməti demirəm”.

Mustafa Saatovun sözlərinə görə hazırda heyvan alqı-satqısı ilə məşğul olan insanlar daha çox pul qazanır.

“Bizdən 9 manata əti alırlar, Bakıda 15-16 manata aparıb satırlar. Ona görə də bizdə maldarlıq zəif inkişaf edir. Süd 10 il qabaq 60 qəpik idi, bu gün də belədir. 1 litr süd istehsal eləmək üçün 2 manat maya qoyuruq əvəzində 60 qəpiyə satırıq. Süd heç cür sərf eləmir”.

Fermer probleminin həllini nədə görür?

“Əgər örüş problemi həll olunarsa, yem məhsullarının qiyməti azalarsa, bu ət və ət məhsullarının qiymətini sabit saxlamağa səbəb ola bilər. Yoxsa bahalıq davam edəcək”.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

Mənbə: bizim.media