Aprelin 1-dən Bakı şəhəri, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regionları üzrə ixtisasartırma təlimlərinə başlanılır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, institutun təşkil etdiyi bu təlimlər sertifikatlaşmada təkrar iştirak edəcək təhsilverənlərə dəstək məqsədi daşıyır: "48 saatlıq ixtisasartırma təlimləri ibtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçiriləcək. Dəstək təlimləri müdavimlərin yaşayış yerləri nəzərə alınmaqla 53 təlim mərkəzində təşkil olunacaq".
Direktor söyləyib ki, 2 700-dən çox ibtidai sinif müəllimini əhatə edəcək bu təlimlərdə sertifikatlaşmada yüksək nəticə göstərən müəllimlərin də təlimçi kimi fəaliyyət göstərmələrinə şərait yaradılacaq.
Mənbə: report.az