Kamran Əsədov: “Hazırda universitetlərin ərazisi, infrastrukturu normativ hüquqi aktlara görə bu qədər tələbəni qəbul etməyə uyğun deyil”
Son illərdə Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu planı artaraq 75000-ə çatıb. Ancaq orta məktəbi bitirən məktəblilərin sayı isə azalır. Öncəki illərlə müqayisədə Azərbaycanda tam orta məktəbləri bitirənlərin sayında azalma müşahidə edilir. 1990-cı ildə 96 min 422, 2021-ci ildə isə 83 in 497 məzun olub.
Mütəxəssislər deyirlər ki, iqtisadiyatımızın strukturu bu qədər kadrın məşğulluğunu təmin edə bilmək imkanına malik deyil. Ona görə də qəbul planının azaldılmasını təklif edənlər var.
“Düzgün planlaşdırılma və proqnozlaşdırılmanın aparılmaması ali təhsil müəssisələrinə mənfi təsir göstərir”
Təhsil üzrə ekspert Kamran Əsədov bildirdi ki, 2023-cü ildə ali təhsil müəssisələrinin bakalavr pilləsinə 60 min abituriyentin qəbulu proqnozlaşdırılır: "Bundan əlavə, ali məktəblərə 2024-cü ildə 63 000, 2025-ci ildə 68 000 və 2026-cı ildə isə 74 min tələbənin qəbul olacağı gözlənilir. Lakin orta məktəblərimizi illik olaraq 82-85 min şagird bitirir. Onların heç də hamısı ali məktəblərə qəbul imtahanlarında iştirak etmir. Həmçinin orta ixtisas təhsili müəssisələrinə, peşə təhsili müəssisələrinə və xarici ölkələrin universitetlərinə qəbul olan şagirdlərimiz də var. Düzgün planlaşdırılma və proqnozlaşdırılmanın aparılmaması ali təhsil müəssisələrinə mənfi təsir göstərir. Belə ki, onlar tədris ili üçün müəyyən olunmuş plan yerlərini doldurmayanda iqtisadi zərər çəkirlər".
Ekspert onu da əlavə etdi ki, 2011- cu ildə ali məktəblərin plan yeri 30 min idi, 12 il sonra isə 60 min proqnozlaşdırılıb: “Bu 12 ildə nə qədər yeni universitet açılıb və ya nə qədər yeni universitet binaları tikilib ki, plan yerlərində 100 faiz artım olub? Ümumiyyətlə, hazırda universitetlərin ərazisi, infrastrukturu normativ hüquqi aktlara görə bu qədər tələbəni qəbul etməyə uyğun deyil. Həmçinin, bu qədər tələbəyə dərs deyəcək elmi dərəcəli müəllim kontingenti də yoxdur.
I və IV ixtisas qrupu üzrə plan yerləri daha çox boş qalır. Hətta bu ixtisas qruplarında bəzi ixtisaslara 200 və daha aşağı balla dövlət sifarişi əsasında (pulsuz) qəbul olmaq mümkündür. Düşünürəm ki, kəmiyyəti qaldırmaq hesabına keyfiyyəti aşağı salmaq olmaz”.
Mənbə: www.baki-xeber.com