Qarabağ müharibəsinin azyaşlı şəhidi: Adı heç yerdə yoxdur – Anası danışdı

Qarabağ müharibəsinin azyaşlı şəhidi: Adı heç yerdə yoxdur – Anası danışdı<span class="qirmizi"></span>

Birinci Qarabağ Müharibəsinin 16 yaşlı şəhidi Niyazi Vaqif oğlu Paşayev. O, 1976-cı ildə sentyabrın 27-də Bərdə rayonunda doğulub. Azyaşlı olmasına baxmayaraq, 1992-ci ildə Tərtər rayonunun Şıxarx qəsəbəsinə (əvvəlki adı Marquşavan – red.) nəzarət uğrunda başladılan Marağa hərbi hücum əməliyyatına könüllü olaraq qatılır. Ailə üzvlərinə xəbər vermədən hərbi hissəyə yollanan Niyazini dəfələrlə valideynləri evə qaytarsa da, bir yolunu tapıb təkrar döyüş bölgəsinə qayıdır.

Teleqraf.com-un əməkdaşları şəhidin anası Şöhrət Paşayevanın evində olublar.

Şəhidin anası Şöhrət Paşayeva oğlu Niyazinin az yaşına sığdırdığı qəhrəmanlıqlar haqda geniş danışdı. Üç övlad anası deyir ki, Niyazi ailənin ən kiçiyi olub: “İki bacının bir qardaşı, sonbeşiyimdi... Oğlum 1992-ci ildə Tərtər rayonunun Şıxarx qəsəbəsinə nəzarət uğrunda başladılan Marağa hərbi hücum əməliyyatına qatıldı. Ailədə heç kəsə döyüşə gedəcəyi ilə bağlı məlumat verməmişdi. Heç adəti deyildi, bir gün evə gəlmədi. Xəbər saldıq, bəlkə görənlər olar, deyə. Sonra dostlarından biri onun könüllü hərbi xidmətə getdiyini dedi.

O dövrdə elələri vardı ki, çağırışçı olsa da, hərbdən yayınırdı. Niyazi çağırışçı olmasa da, könüllü olaraq hərbiyə yollanmışdı. Bəlkə də uşaqlıq etdi, bilmirəm... Dəfələrlə hərbi hissəyə gedib onu evə qaytarmışam. Atası da deyirdi ki, mən gedə bilmirəm, qoy, o getsin. Deyirdim ki, azyaşlıdır, onun hərbi xidmət vaxtı deyil. Atası isə “heç nə olmaz, silahları daşımağa kömək edəcək” deyirdi. Özü də məni “döyüşə getmirəm, arxa cəbhədəyəm”, deyib arxayın salmışdı. Bəzən özümü də bağışlaya bilmirəm...

Bir gün baldızımın oğluna dedim ki, məni Tərtərə aparsın. Rayona girirsən ki, zülmət qaranlıqdır, bir insan da yoxdur. Getdim hərbi hissənin qarşısında qışqırdım, onu çağırdım. Gəlib ağzımı tutub məni maşına salıb dedi ki, “səsini çıxarma, səninlə evə gedəcəm”. Elə də oldu. Səhəri gün dedi ki, səsini komandir eşitsəydi, məni bir də hərbi hissəyə buraxmayacaqdı. O, səhəri günü təkrar hərbi hissəyə qayıtdı”.

Yaralandığı gün

Şöhrət xanım Bərdə rayon xəstəxanasında tibb bacısı işləyirmiş. Oğlunun yaralandığını da çalışdığı xəstəxananın baş həkimindən eşidir: “Həmin gün – mayın 11-də xəstəxanaya gedəndə baş həkim “sənin də oğlunu gətiriblər, burdadır” dedi. Getdim gördüm ki, sifəti yaxşıdır, özü də gözünü açıb “qorxma, yaxşıyam” dedi. Amma həkimlər oğlumun ağır yaralandığını bildirdilər.

Niyazi döyüş vaxtı yaralı bir əsgərə kömək edərkən boğazından güllə yarası almışdı. Onurğa beyni zədələnmişdi, ona görə də aşağı ətrafları işləmirdi, hissiyyatı yox idi. Bərdə rayon xəstəxanasında bir ay müalicə aldı. Açığını deyim, orada həkim yaxşı baxmırdı. İsrarla əməliyyat etmələrini deyirdim. Balam gözümün qarşısında çarəsiz yatırdı. Həkim əməliyyat etmirdi, səbəbini soruşanda mənə dedi ki, ondansa, get ağzına yastıq bas, ölsün. Dedim, bu nə danışıqdır mənimlə danışırsınız? Dedi, ona əməliyyat olmaz. Etirazımı bildirdim ki, normal deyin, əməliyyat olmaz da, yoxsa “get, onu öldür” nə deməkdir?!

Oradan oğlumu Mərkəzi Hərbi Klinik Hospitala gətirdik. Burada iki ay ərzində iki cərrahi əməliyyat keçirdi. Həkim dedi ki, həm mədəsi, həm də sidik kisəsi deşik-deşikdir. Hər iki orqanları qanaxma verirdi. Qərara gəldilər ki, ilk olaraq mədəsini əməliyyat edib, daxili qanaxmasını dayandırsınlar.

Əməliyyat gedən zaman həkimlərin ora-bura qaçdığını gördüm. Həmin vaxt mənə heç bir məlumat vermədilər. Sonra həkim narkoz veriləndə uşağın kliniki ölüm keçirdiyini, onu masaj edib çox çətinliklə həyata qaytara bildiklərini dedi.

Əməliyyatdan sonra qan lazım oldu. Oğlumun qan qrupu mənfi dörd idi. İndiki kimi deyildi, o vaxtı qan tapmaq çox çətin idi. Amma AzTV-nin axşam xəbərlərində elan verməklə, inanın, Bakıda rütbəsindən asılı olmayaraq hər kəs qan verməyə gəlmişdi. Hətta qan verməyənlər də onun görüşünə gəlmişdi, pul yardımı edənlər də oldu. Onda çox xəcalət çəkdim, ilahi, bizim insanlar nə qədər vətənpərvərdirlər...

Sonra sidik kisəsini də əməliyyat etdilər. Həkimlər qan üçün yenə elan verdilər. İnanırsınız, millət yenə axışıb gəlirdi. Üç aydan sonra Niyazinin böyrəkləri fəaliyyətini itirdi. Mənə dedi ki, “elə istəyərəm evi görəm”. Həkimin də razılığı ilə onu hospitaldan çıxarıb Bərdəyə apardıq. Avqustun 11-i dünyasını dəyişdi...”

Müsahibimiz deyir ki, oğlu Bərdə Şəhidlər Xiyabanında dəfn olunub: “Niyazi şəhid olanda icra strukturları dəfində iştirak etdilər, yardımlarını da etdilər. İtirmərəm bunları. Azyaşlı olduğuna görə bütün Bərdə onunla maraqlanıb, onu tanıyıb.

O vaxtı dövlət tərəfindən şəhid ailələrinə müəyyən məbləğdə pul verilirdi. Həmin pullar banka qoyulurdu, “qara bayram” ərəfəsində onu götürüb oğluma ehsan verdim”.

Niyazini qabağa verən “döyüş yoldaş”ları...

Şöhrət Paşayeva oğlunun döyüş yoldaşlarından da söhbət açır: “Niyazinin komandiri o dövrün tanınmışlarından olan Ələmşah Məmmədov idi. Oğlum yaralanandan bir müddət sonra Ələmşah həbs olundu. Baxmayaraq ki, oğlumun az yaşı vardı, amma komandiri haqqında çıxan xəbərlərin həqiqətə uyğun olmadığını deyirdi. Sonradan onun azadlığa buraxıldığını eşitdik...

2008-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmək üçün Bərdə rayon İcra Hakimiyyətinə arayış almağa getmişdim. Məni get-gələ saldılar. Oğlumun adı kitabda olduğu halda, deyirdilər ki, biz o sənədi verə bilmərik. Həmin vaxt Ələmşah Məmmədov icra hakimiyyətinə gəlib deyib ki, vicdanınız yoxdurmu? O uşağın necə şəhid olduğunu bütün Bərdə bilir.

Nəhayət, xəstəxanadan götürdüyüm epikrizi İcra Hakimiyyətinə təqdim edəndən sonra sənədi verdilər.

Oğlumla yaralanan vaxt tanış bir oğlan da ağır xəsarət almışdı. Amma onun yaralanması ilə Niyazinin yaralanması arasında fərq var idi. Onlar silah almaq adı ilə imkanlı şəxslərin evinə hücum çəkib pul istəyirmişlər. Həmin vaxt orada atışma düşür, imkanlı şəxsin uşağını öldürürlər. Onurğası zədələnən həmin oğlanı hospitala müharibədə yaralanmış kimi gətirmişdilər. Guya müharibə iştirakçısıdır, halbuki çirkli işlərlə məşğul olurmuş.

Bir dəfə anası onu arabaya qoyub Niyazinin yanına gətirəndə başını aşağı dikdi. Sonra oğlumdan bunun səbəbini soruşdum. Dedi ki, elə bizi qabağa verən onlar idi. O vaxtı orduda Niyazi kimi azyaşlı uşaqlar çox idi. Onları qabağa verib, özləri arxada başqa işlərlə məşğul imiş”.

“11 min manat bir yana, niyə oğluma hərbi şəhid statusu vermədilər?”

Şöhrət Paşayeva Vətənin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrinə verilən 11 min manat məbləğində birdəfəlik ödəmə almayıb. Aidiyyəti dövlət qurumları bunu Niyazi Paşayevin mülki şəhid statusunda olması ilə əlaqələndirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov Teleqraf.com-un sorğusuna cavab olaraq qeyd edib ki, müvafiq Fərmana əsasən həlak olan hərbi qulluqçuların ailəsinə 11 min manat ödəniş aparılması nəzərdə tutulub: “Azərbaycanda hərbi xidmətə çağırış yaşı 18 yaş müəyyən olunduğundan və müvafiq olaraq həlak olan şəxs hərbi qulluqçu olmadığından onun vərəsələrinə birdəfəlik ödəniş nəzərdə tutulmayıb. Bununla belə, düşmənin təcavüzü nəticəsində şəxs həlak olduğundan onun ailəsinə şəhid (mülki) statusu verilmiş, birdəfəlik ödənişdən başqa digər (hərbi və mülki) hüquqları bərabərdir”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən isə sorğumuza cavab olaraq bildirilib ki, Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin uçot sənədlərində Paşayev Niyazi Vaqif oğlunun hərbi xidmətə, hərbi toplanışa və ya səfərbərlik üzrə çağırılması, hərbi xidmət keçməsi barədə məlumat yoxdur: “Azərbaycan Prezidentinin 19.04.2018-ci il tarixli 1 №-li Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və polis orqanları əməkdaşlarının vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir.

Mövcud Fərmanının icrası ilə əlaqədar Dövlət Xidmətinin Aparatına hərbi idarəetmə orqanları tərəfindən göndərilmiş siyahılarda da mərhum Niyazi Paşayevin adı keçmir.

Odur ki, Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş, şəhid statusu verilmiş mülki vətəndaşlara bu Fərmanla nəzərdə tutulmuş sığorta məbləği şamil olunmur”.

Şöhrət Paşayeva isə dövlət qurumlarının əksinə olaraq, oğlunun hərbi şəhid statusunda olduğunu iddia edir: “Dəfələrlə televiziya və internet resurslarında 11 min manat birdəfəlik yardımı ala bilməməyimlə bağlı açıqlamalar verdim. Sonra bu işin başını buraxdım. Mənə elə gəlir ki, qanunda boşluqlar var. Oğlum azyaşlı olsa da, döyüşdə şəhid olub. Qanunu icra edənlər narazılıq yaradırlar. Vaxtı ilə verilən sənəd bir neçə il keçəndən sonra etibarsız hesab olunur. Haradan bilim ki, 30 il sonra hansı qərar veriləcək?! O vaxt sənəd belə verilib, möhür də vurulub, indi başqa söz deyilir. Bir şəhidlik deyil, başqa məsələlərdə də oxşar problem çoxdur.

Sonradan bildim ki, Niyazi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin uçotunda olmayıb. Buna görə Bərdədə çox əsəbləşdirdilər məni. Halbuki onların kitablarında Niyazinin adı, ölüm səbəbi haqda məlumatlar var. Səfərbərlik xidməti deyir ki, Niyazi Paşayevin hərbi xidmət keçməsi barədə məlumat onlarda yoxdur. Axı, bu uşağın adı məktəbdə var, 9-cu sinifdən çağırışçı kimi Səfərbərlik Xidməti də qeydiyyata almalı idi. Bir şəhid anası kimi bu məsələ məni incidir, amma nə edim?! Onlar sanki uşağı tanımırmış kimi danışırdılar.

11 min manat bir yana, niyə oğluma hərbi şəhid statusu vermədilər? Burada istisna hallar olmalıydı. Xəstəxanadan verilən epikrizdə yazılıb ki, Niyazi Tərtər zonasında gedən döyüşdə yaralanıb. Mülki şəhid odur ki, oturduğun yerdə evinə raket düşə. Amma Niyazi döyüş şəraitində həlak olub”.

“Sənəd arxasınca düşüb haralarasa getməmişəm”

Şöhrət Paşayeva şəhid anası olaraq yararlandığı imtiyazlara da toxunub. O hesab edir ki, şəhid ailələrinə dövlət qayğısı indi daha yüksəkdir: “Şəhid anası statusu mənə elə 1992-ci ildən verildi. 2007-ci ilə qədər şəhid ailələrinə kommunal xərclər üçün nəzərdə tutulan az miqdarda aylıq müavinət xüsusi vəsiqələrə köçürülürdü. Sonra o vəsiqələr ləğv edildi, həmin vəsait də pensiyama əlavə olundu. Hələ də o vəsait pensiyama əlavə olunur.

Daha sonra Prezidentin Fərmanı ilə şəhid ailələrinə 100 manat sosial müavinət təyin olundu. 2007-ci ilin yanvarından təsis edilən “Şəhid ailəsi üçün Prezident təqaüd”ü elə həmin vaxtdan bizə də təyin olundu. Hazırda bu təqaüdün məbləği 600 manatdır. Özüm də 2003-cü ildən yaşa görə 500 manat əmək pensiyası alıram.

O vaxtı hansısa imtiyazlar üçün sənəd arxasınca düşüb haralarasa getməmişəm. Hamısını icra hakimiyyəti hazırlayıb gətirirdi.

2021-ci ildə Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri evlə təmin olunanda mənə də birotaqlı ev verildi. Şəhidin bir damla qanının əvəzi deyil, amma bu, bir diqqətdir.

Hər ay dövlət tərəfindən 1000 manata yaxın təqaüd verilir. Özüm özəl bir şirkətdə çalışıram. Təkəbbürlülük kimi çıxmasın, yaşayışım pis deyil. Gedib kiməsə “mənə kömək et” demərəm. Əvvəllər də imkanımız aşıb-daşmasa da, normal yaşamışıq”.

Şöhrət Paşayeva Niyazinin şəhadətindən sonra 1994-cü ildə həyat yoldaşını da itirir. Tək qalan şəhid anası 1996-cı ildən Bakıda qızı ilə bir yerdə yaşayır: “Oğlumdan geriyə qalanlar orta məktəbdə çəkilmiş “vinetka” şəkilləridir. Niyazi ordu sıralarına qoşulan vaxtı mobil telefon da olmayıb ki, iştirak etdiyin döyüş əməliyyatlarını və ya şəkillərini çəkələr.

İndi oğlumun adını nəvəm Niyazi daşıyır”.

Mənbə: teleqraf.com