Bayramda hansı yeməklər qadağandır? - “Gündə 3 dəfə 4 saat aralıqla...”

Bayramda hansı yeməklər qadağandır? - “Gündə 3 dəfə 4 saat aralıqla...”

Bayram günlərində bir-birindən dadlı, ləzzətli milli yeməklər və şirniyyatlar süfrələri bəzəyəcək. Bir çox insan artıq Novruz bayramının ənənəvi təamlarından olan şirniyyatları hazırlamağa artıq start verib. Bayram günü isə plov, aş-qara, kabab, dolmalar və s. yeməklərə üstünlük veriləcək. Bu qidalar insanların gözünü, könlünü oxşayacaq qədər dadlı olsa da, bir o qədər yağlı və kalorilidir. Bəs necə qidalanmaq daha doğrudur?

Dietoloq Dürrə İsmayılova məsələ barədə “Yeni Sabah”a açıqlama verib. Bildirib ki, müəyyən ardıcıllıqla bütün yeməkləri dadmaq olar:

Fikrimcə, bayram günlərində heç bir qidaya, yeməyə məhdudiyyət qoyulmamalıdır. Bu səbəbdən gözəl bayramın ləzzətli təamlarından dadmağı qadağan etməyin tərəfdarı deyiləm. Hər hansı bir insan nəyisə yemək istəyirsə, ona bunu qadağan etmək olmaz. Uşaqlara hər hansı bir şeyi etməyə qadağa qoyanda onlar daha çox meyllənirlər. Orqanizmimiz də belədir. Sadəcə bəzi nüanslara diqqət etmək lazımdır. Plov, kabab yedikdə həmən sonra qoğal, şirniyyat yemək doğru deyil. Gündə 3 dəfə qidalanırıqsa, həmin bayram təamlarını da sıra-sıra qəbul etmək olar. Məsələn, səhər qoğal, günorta vaxtı əsas yeməklər, axşam isə şəkərbura, paxlava ilə qidalanmaq daha məsləhətlidir”.

Dietoloq hər qidalanmadan sonra 4 saat ara verməyin mütləq olduğunu da vurğulayıb:

“Bütün bu sadalanan yeməklərin arasında 4 saat vaxt qoyulmalıdır. Bu saat aralığı mədənin qəbul edilən qidaları həzm edə bilməsi təyin edilən vaxtdır. Həmin 4 saatın 2-sini su ilə qidalanaraq keçirmək məqsədəuyğundur. Su balansına mütləq şəkildə diqqət yetirmək lazımdır. Buna səbəb isə, bugünlərdə qəbul olunan qidalardakı karbohidratın həddən artıq olmasıdır. Yeməkdən 30 dəqiqə əvvəl su içmək də tövsiyəediləndir. Axşamlar 40 dəqiqə piyada gəzintiyə çıxmaq da həzm prosesini asanlaşdırmağa effektiv kömək edir”.

Mənbə: yenisabah.az