“Dünyanın hər yerində Sabirlə bağlı məlumatları əldə etmək mümkün olacaq...”

“Bu virtual muzeyin yaradılmasında məqsəd ondan ibarətdir ki, bildiyiniz kimi Sabirin ev muzeyi adlanan həmin məkan Şamaxıda yerləşir və ümumiyyətlə Azərbaycandan kənarda olan Sabirsevərlər onunla bağlı olan məlumatlara tez və rahatlıqla çata bilmirdirlər”

Bunu Moderator.az-a açıqlamasında Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidenti, şairin nəvəsi Sevda Tahirli deyib. S.Tahirli virtual muzeydə M.Ə.Sabirlə bağlı olan materiallar üç dildə oxuculara təqdim edilib:

“Ən son işlərimizdən biri Mirzə Ələkbər Sabir Virtual Muzeyinin yaradılmasıdır. Bu virtual muzeyin yaradılmasında məqsəd ondan ibarətdir ki, bildiyiniz kimi Sabirin ev muzeyi adlanan həmin məkan Şamaxıda yerləşir və ümumiyyətlə Azərbaycandan kənarda olan Sabirsevərlər onunla bağlı olan məlumatlara tez və rahatlıqla çata bilmirdirlər. Sabirin Bakıda muzeyi yox idi və hər dəfə qonaqların Şamaxıya getməyə imkanları olmurdu. Bunları aradan qaldırmaq üçün biz virtual muzeyi yaratmağa qərar verdik. M.Ə.Sabirə aid olan bütün video materiallar, onun ilk nəşrindən bu günə qədər olan və əlimizə keçən bütün dillərdə olan nəşrlərini rəqəmsallaşdırılaraq həmin muzeydə yerləşdirilməsinə nail olduq. Bir sözlə Sabirlə bağlı bir arxiv yaradıldı. Həmin bu arxivə Sabirə aid olan özəl əşyalardan tutmuş, fotolar və atamın arxivində olan müxtəlif xarakterli məlumatları çalışmışıq ki, həmin virtual muzeydə yerləşdirək. Qeyd edim ki, muzey Azərbaycan, Rus və İngilis dilində təqdim olunub. İnsanlar ordan Sabirlə bağlı məlumatı dünyanın harasında olmasından asılı olmayaraq əldə etmək imkanına malik olurlar”.

S.Tahirli “Hophopmanə”nin də audio versiyasının hazırlandığını və burda səslənən şeirlər üçün gənc qiraətçilərə müraciət etdiklərini bildirib:

“Təqdim etdiyimiz yeni layihələrdən biri də Mirzə Ələkbər Sabir Fondunun “Art-motif” layihəsidir. Bunun mahiyyəti ondan ibarətdir ki, dünya klassiklərinin çox maraqlı fikirləri var və bunlara biz müxtəlif romanlarda, şeirlərdə və poemalarda rast gəlirik. Amma bəzən insan hansısa bir materialı oxumaq üçün ya vaxt tapa bilmir, ya da imkanı olmur. Bu məsələdə hər kəsin özünün arqumenti var. Biz bu problemin müəyyən mənada həll olunması üçün belə bir layihə işləyib onu təqdim etdik. Layihə ondan ibarətdir ki, dünya klassiklərinin bizim yaşam tərzimizə təsir edə biləcək, analitik düşünərək orda müəyyən şeylərə daha böyüdücü şüşəylə baxmağımıza səbəb olan materialları insanlar dinləyə bilsinlər. Bunlar motivasiya xarakterli materiallardır.

Bu gün insanların məlumatı qavrama qabiliyyəti müxtəlifdir. Bir sözlə informasiyanı qəbul etmək qabiliyyəti müxtəlif olduğu üçün biz bu “Art-motifi” işləməklə informasiyanı müxtəlif şəkildə qəbul edən insanların hər birisinin yaddaşına, düşüncəsinə bir “qapı döymək” istədik. Biz bunu təqdim etdikdən sonra belə qanaətə gəldik ki, yerində olmuş bir addım atmışıq. M.Ə.Sabir Fondunun üzərində işlədiyi və önəm verdiyi layihələrdən biri onun “Hophopnamə”sinin audio versiyasının hazırlanmasıdır. Bu layihəyə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə başlamışıq. Audio kitabda şeirlərin səslənməsi üçün gənc qiraətçilərimizi bu layihəyə dəvət edərək onlara bir səhnə vermişik ki, onlar da özlərini təqdim edə bilsinlər”.

Vasif Əlihüseyn

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Adnan Oktar türmədə də "dinc dayanmır"

SONRAKI XƏBƏR

Bəzi deputatlarımızın xaricdə iri biznesi barədə jurnalist araşdırmaları nədən reaksiyasız buraxılır...