845 qram çəkidə doğulan körpədən nə xəbər var? - FOTO

845 qram çəkidə doğulan körpədən nə xəbər var? - FOTO<span class="qirmizi"></span>

Bu günlər sosial şəbəkələrdən Respublika Perinatal Mərkəzində 845 qram çəkidə uşaq dünyaya gəlməsi və 80 gün müayinə və müalicədən sonra sağlam şəkildə evə buraxılması barədə xəbərlər hamıya bəllidir.

Bizim.Media-nın yerli bürosu ölkəmizdə nadir doğum hesab edilən bu hadisə ilə əlaqədar körpənin dünyaya gəldiyi Oğuzun Tərkeş kəndində yaşayan ailəsi ilə görüşüb.

Teymur və Nargilə Əzizovlar Oğuzun Tərkeş kəndində yaşayırlar. Sadə zəhmət ailəsinin birgə nikahlarından 4 uşaqları var. Ailənin üç ay əvvəl dünyaya gələn 845 qramlıq körpənin çəkisi hazırda bir kiloqram yarıma çatıb. Oğlan uşağının adını Hüseyn qoyublar.

Nargilə Əzizovanın sözlərinə görə, hamiləliyinin 28-ci həftəsində Respublika Perinatal Mərkəzinə müraciət edib. İlkin müayinələrdən sonra 38 yaşlı qadında kəskin bətndaxili hipoksiya, dölün bətndaxili inkişaf ləngiməsi, uşaqlıq üzərində çapıq, sağrı gəlişi, talassemiya daşıyıcısı diaqnozu aşkarlanıb.
“3 övladım var idi. İndi Hüseyn də dünyaya gəlib və dörd övladım var. Övladım Bakıda Perinetal Mərkəzdə dünyaya gəldi. 850 qramlıq çəkisi vardı. Həkimlərin səyi nəticəsində yaşayır. Çox çətinliklər oldu. İndi yaxşıdır, çox şükür. Burada öz rayonumuzun həkimləri onu yoxlayır, müayinə edirlər, tibbi bacısı da var burada” deyir.

Oğuz rayon mərkəzi xəstəxanasının ailə həkimi Sevda Həşimova bildirir ki, yeni doğulandan başqa ailədə daha bir neçə azyaşlı var və onlar da müxtəlif xəstəlikdən əziyyət çəkir. Bu baxımdan ailənin yeni doğulmuşu üçün ana qayğısı ilə yanaşı həm də həkim nəzarəti vacibdir.

Bu baxımdan Tərkeş kəndi üzrə həkim məntəqəsindən uşaq üçün xüsusi tibbi personal müəyyən edilib və onlar gün ərzində bir neçə dəfə ailəyə baş çəkir.

Digər ailə həkimi Səxavət Daşdəmirova onların iş təcrübəsində ilk dəfə azçəkili uşaq dünyaya gəldiyini deyir və əlavə edir ki, burada qorxulu heç nə yoxdur. Həkim anaya öz məsləhət və tövsiyyələrini bildirib.

“İndi uşağı müayinə elədim, baxıdm ki, uşağa vaxtlı-vaxtında həkim müayinəsi lazımdır. Qidalanması, yuxusu-yatması, hansı narahatlıığı varsa, həkimə gəlsin. Çəkisi az olduğuna görə tez-tez qidalandırmaq lazımdır. Tez-tez təmiz havaya çıxartmaq, çimdirmək, gigeyenasına fikir vermək lazımdır. Göbəyi vaxtında düşüb, yaxşıdır, təmizdir, qurudur. Kənd həkim məntəqəsinin həkimi nəzarətdə saxlayır. Yaxşı olar ki, ana mütəmadi bizimlə də məsləhətləşsin” deyir.

Qeyd edək ki, Perinatal Mərkəzdə pasiyent üzərində keysəriyyə kəsiyi əməliyyatı həyata keçirilib və çəkisi 845 qram, boyu 33 sm olan oğlan uşağı dünyaya gəılib. Körpə ilk olaraq Mərkəzin yenidoğulmuşların reanimasiya şöbəsinə, daha sonra isə Patologiya şöbəsinə yerləşdirilib. Körpənin müalicə müddətindəki xərclər icbari tibbi sığorta ilə qarşılanıb.
Oğuz rayon mərkəzi xəstəxanasından bildirilib ki, Əzizovların yeni doğulan körpəsini onların yerli həkim məntəqəsi ilə yanaşı ailə həkimləri də mütəmadi nəzarətdə saxlayacaq, lazım gəldikdə müayinə və müalicəsi həyata keçiriləcək.

 

Mənbə: bizim.media