230-240 min ziyalımız məhv edildi - Sabir Rüstəmxanlı söhbətləri - VİDEO

230-240 min ziyalımız məhv edildi - Sabir Rüstəmxanlı söhbətləri - VİDEO<span class="qirmizi"></span>

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı müəllifi olduğu verilişdə bu dəfə Azərbaycanın istiqlal ideyası, dövlət müstəqilliyimizin əldə olunması haqda danışıb.

105 il öncə Şərqdə ilk dəfə Azərbaycanda müstəqil və demokratik respublikanın qurulduğunu vurğulayan S.Rüstəmxanlı əslində dövlətçilik tariximizin 4-5 min il əvvələ aid olduğunu qeyd edib:

"Bəzən deyirlər ki, Azərbaycan dövlətinin 105 ili.. Bu, dövlətin 105 ili deyil. Azərbaycan dövlətlərinin tarixi bəlkə də 4-5 min ildir. Hər halda ən azı 4 min il əvvəl mövcud olan dövlətlərin adları, yerləri bilinir. Yəni, dövlətlərimiz çox olub, imperatorluq səviyyəsində, bu bölgənin hakimi olan, yüz illərlə bölgəyə başçılıq edən böyük sülalə dövlətlərimiz olub. Bu mənada 28 may müstəqil bir dövlətin yubileyidir, ildönümdür və bunu yaddan çıxarmaq olmaz. Çünki o vaxta qədər Azərbaycanda bir mərkəzdənqaçma meyli vardı. Türk mərkəzçiliyi pozulmuşdu. Bu, Azərbaycan türklərini 20 xanlığa bölünməyə məcbur etmişdi".

S.Rüstəmxanlının sözlərinə görə, Çar Rusiyası ilə Qacar dövləti arasında savaş Azərbaycan xanlıqlarının vahid dövlətdə birləşməsinin qarşısını almaqla yanaşı, ölkəmizin iki hissəyə - Güney və Quzey Azərbaycana parçalanmasına səbəb olub.

1918-ci ildə müstəqilliyin elan olunması ilə Azərbaycanda yeni bir eranın başlandığını diqqətə çəkən millət vəkili o dövrdə milli kadrların az olduğunu, bolşevik-daşnak qüvvlərinin Azərbaycan xalqına qarşı misli görünməmiş soyqırımı törətdiyini xatırladıb:

"Təkcə 1921-ci ildə Azərbaycanda 230-240 min ziyalı və tanınmış ailələrin başçıları məhv edildi. Repressiya illərində də xeyli ziyalı güllələndi. İkinci Dünya Müharibəsi zamanı hər dörd əsgərimizindən biri şəhid oldu. Bütün bunlardan sonra əgər Azərbaycan 1988-ci ildə özünə gəlib meydanlara çıxır, 1991-ci ildə öz müstəqilliyini bərpa edə bilirsə, bu, xalqın böyük qələbəsidir".

S.Rüstəmxanlının Müstəqillik Günü ilə bağlı maraqlı fikirləri ilə aşağıdakı videoda daha ətraflı tanış ola bilərsiniz

Mənbə: www.bakupost.az