Sakinlər təhlükə ilə üz-üzədirlər: “Binada evlərin altına mazut dolur” - FOTO

Sakinlər təhlükə ilə üz-üzədirlər: “Binada evlərin altına mazut dolur” - <span class="qirmizi">FOTO</span>

Bakıda yaşayış olan binada evlərin altına mazut dolur. Təhlükəli vəziyyətdə yaşadığından şikayət edən bina sakini Oxu.Az-ın redaksiyasına müraciət edib.

Şikayətçi çox çətin vəziyyətdə yaşadığını dilə gətirib:

“Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi, 25 ünvanında ikimərtəbəli yaşayış binasının sakinləri çətin vəziyyətdə yaşayırlar. Binaya bir neçə il öncə Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilib.

Binanın təməli suyun içindədir. Axıntı mazut suyudur. Rütubətdir. Alt mərtəbədəkilər rütubət içərisində yaşayırlar. Binada bəzi qonşuların evlərinin içərisindəki çatdan çöl görünür. Həmin çata kağız doldururlar. Bina bərbad gündədir. Kimin imkanı varsa, qapısının qarşısını düzəldir. Binada yaşamaq mümkün deyil. Qış aylarında vəziyyət daha da çətinləşir. Dəfələrlə baxış keçirilib. Lakin heç bir faydası olmayıb”.

Sakin qeyd edib ki, bina yaşamaq üçün təhlükəlidir, çıxış yolu yalnız sakinlərin köçürülməsidir:

“Bina çoxdandır bu vəziyyətdədir. Bu binadan çoxlu şikayət ünvanlamışıq. Dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı gəlib. Buradan camaatın köçürülməsi məsələsi də, hətta təsdiqlənib. Ondan sonra yenə baxmadılar. Elə qonşular var ki, yaşaması təhlükə altındadır. Binanın altı qara yağlı sudur. Az miqdar da deyil. Hər yerdən gəlib baxıblar.

İkimərtəbəli binadır. 30 mənzil var. Bina yaşamaq üçün təhlükəlidir. Hətta rəy belə verilib. Ancaq çıxış yolu sakinlərin köçürülməsidir. Birinci mərtəbədə yaşayanlar əziyyət çəkirlər. Rütubətdən xəstəlik tapanlar da az deyil. Bir il bundan öncə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı gəldi. Dedi ki, “Zabratda yeni bina tikilib”. Burada neçə kvadratdırsa, orada da ona uyğun ev veriləcək. Həmin binada da bir-iki otaq var idi. Heç kəsə sərf etmədi. Sakinlər mənzilin hər kvadratına pul verilməsini tələb etdilər. Ondan sonra gələn də, gedən də olmadı”.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq, bu barədə yaxın vaxtlarda məlumat veriləcək.

Mənbə: baku.ws