“Qadınların məscidə girərkən başlarını örtməsi saxtakarlıqdır” - İlahiyyatçı

“Qadınların məscidə girərkən başlarını örtməsi saxtakarlıqdır” -

Azərbaycanda müəyyən arzunun gerçəkləşməsi ümidi ilə pir və ziyarətgaha üz tutan qadınlardan məkana girişdə başlarını örtmək tələb olunur. Əhalisinin çox hissəsi müsəlmanlardan ibarət olan ölkəmizdə ibadət, dua etmək üçün məscidə gedən qadınlardan da baş örtüyündən istifadə etmələri istənilir.

Məscid və pirlərin, insanların müqəddəs hesab etdikləri şəxslərin məzarının girişində qadınların istifadəsi üçün örpəklər qoyulub. Hətta kilsələrin girişində də qadınlara müxtəlif ölçü və formada baş örtükləri təklif olunur. 

Maraqlıdır, islam dinində bu nəzərdə tutulubmu və buna riayət etməyən qadınlar günah edirlərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan məsələyə aydınlıq gətirib. O bildirib ki, ancaq müəyyən yerlərdə baş örtmək riyakarlıqdır:

“Qadınların başını örtməsi, qapalı geyinməsi İslamın qaydalarından biridir. Amma pirdə, məsciddə, müstəsna yerlərdə örtünmək deyə bir şey yoxdur. Dinin qanunu budur ki, qadın küçədə, yolda nisbətən örtülü olmalıdır. Bunun da bir çox səbəbləri var. Bizdə bəzi qadınlar çöldə, bayırda necə gəldi gəzir, məscidə, pirə gedəndə başını örtür. Bu, riyakarlıqdır. 

Belə çıxır ki, Allah ancaq məsciddə, pirdədir, başqa yerdə Allah yoxdur?! 

Bu, absurd məsələdir, qadınların məscidə, ziyarətgaha girərkən başlarını örtməsi saxtakarlıqdan başqa bir şey deyil. Məscidə gedəndə başı yox, digər yerləri örtmək lazımdır. Başdan xəta gəlməz, başı örtmək lazım deyil. Yəni həmin yerlərdə nisbətən qapalı geyinmək lazımdır. Bəzi yerlərdə kəlağayı, şal asıblar ki, içəri girəndə başını örtməlisən. Bunun dinimizdə heç bir əsası yoxdur. Heç ənənələrimizdə də bu yoxdur. Bu, sadəcə olaraq başqa yerlərdən bizə keçmiş, riyakar din xadimlərinin ötürdüyü saxta ənənədir”.

Günay Şahmar

Mənbə: bizim.media