Azərbaycanda boşanmalar yenidən artmağa başlayıb - səbəb

Azərbaycanda boşanmalar yenidən artmağa başlayıb - səbəb<span class="qirmizi"></span>

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il yanvar-fevral ayı üçün 7500 nikah və 5118 boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə düşən nikahların sayı azalaraq 5.9-dan 4.6-ya düşüb. Göründüyü kimi, nikahların sayının azaldığı vaxtda, boşanmaların sayı artıb. Belə ki, ötən ilin müvafiq dövrünə nisbətən əhalinin hər min nəfərinə düşən boşanmaların sayı 1.5 dən 1.8-ə yüksəlib.

Ötən il Ədliyyə Nazirliyinin müvafiq qurumları 61939 nikah və 15938 boşanma qeydə almışdı. Bu da qurulan hər dörd ailədən birinin dağılması anlamına gəlir. Keçən ilin statistikasına əsasən əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə nikahların sayı 5,6-dan 6,1-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşmüşdü. Nikah səviyyəsi Qarabağ (7,1), Mil-Muğan və Şərqi Zəngəzur (6,9), Dağlıq Şirvan (6,8), Bakı şəhəri, Mərkəzi Aran və Şirvan-Salyan (6,4), Şəki-Zaqatala (6,3), Qazax-Tovuz və Quba-Xaçmaz (6,2) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olmuşdu.

Mütəxəssislər ötən il nikahların sayının artması, boşanmaların sayının azalmasını ölkədə mediasiya mərkəzlərinin yaranması ilə əlaqələndirirdi. Məlum olduğu kimi, Azərbaycanda 2019-cu il martın 29-da "Mediasiya haqqında" Qanun qəbul edilib, məcburi məhkəmə mediasiyasına dair müddəalar isə 2020-ci il iyulun 1-dən qüvvəyə minib. Beləliklə də artıq iki ildir ki, ölkədə iqtisadi və ailədaxili mübahisələri məhkəmələrdən əvvəl mediatorlar həll edir.

Mediasiya tətbiqinə əsasən şəxslər ailə və məişət məsələlərində məhkəməyə müraciət etdikdə onlardan mediator qəbulunda olub-olmamaları soruşulur. Cavab “xeyr” olduqda məhkəmə o işə baxmır və tərəflərə mediasiya institutuna müraciət etmək təklif olunur. Məhkəmə yalnız mediasiya prosesini keçmiş konfliktlər və ya mediasiya prosesində həllinə nail olunmamış problemlərə baxır. İki tərəf mediatorun köməyindən sonra razılığa gəlib sənəd imzaladıqda, bu, hüquq sənəd sayılır və məhkəməyə ehtiyac qalmır. Tərəflər mediasiya sessiyaları vasitəsilə məhkəmələrə nisbətdə daha az xərc çəkərək mübahisələrini arzu etdikləri zaman və formada həll edə bilərlər.

Qeyd edək ki, nikahın pozulması üçün qeydiyyat orqanlarına müraciət edən şəxslərə Ədliyyə Nazirliyinin təşəbbüsü ilə ailə münasibətlərinin qorunması məqsədilə ilk olaraq psixoloq xidmətləri təklif olunması da boşanmaların azalmasına təsir etmişdi.

Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimovanın sözlərinə görə, məhz bu xidmət sayəsində 2018-ci ildən bu yana ümumilikdə 7619 nikahın pozulması üçün müraciət edən şəxslərdən 1384 cütlük, yəni 2768 nəfər bu fikirdən daşınıb. Reyhanə Kərimova bu prosesin Bakıdan əlavə, bölgələrdə də həyata keçirməyi planlaşdırıldığını deyib.

Bəs boşanmalar niyə yenidən artmağa başlayıb? Bunun qarşısını almaq üçün daha hansı tədbirlər həyata keçirilməlidir?

Ədliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ilin göstəricilərinə əsasən, nikahın pozulma səbəbləri müxtəlif olub. Bu səbəblər arasında 12 min 74 sayla ən yüksək göstərici xasiyyətin tutmaması halı olub. Digər yüksək səbəblər üzrə isə uşağın olmaması, ailədaxili zorakılıq halları, xüsusən məişət zorakılığı, qısqanclıq, xəyanət və digərləridir. Nisbətən az səbəblərdən isə misal göstərə bilərik ki, sərxoşluq, narkomaniya, kənar müdaxilələr, maddi durumun aşağı olması, mənzil problemi və sairdir".

“Boşanmaların sayının artmasına sadələşdirilmiş boşanma prosesinə daha çox üstünlük verilməsi səbəb olur”.

Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda bu günlərdə keçirilən konfransda deyib.

O bildirib ki, bəzən bir tərəf razılıq vermir və məhkəmə barışıq üçün tərəflərə müəyyən müddət verir, lakin bu zaman bir tərəfin müraciəti əsasında da məhkəmə nikaha xitam verir: “Bu zaman nə uşağın, nə qadının, nə də kişinin mənafeyi nəzərə alına bilir. Barışıq üçün vaxt verilməsi müddətində məhkəmələr müəyyən tədbirlər görməlidir. Ailələrlə iş aparılmalıdır ki, imkan varsa, boşanmanın qarşısını almaq mümkün olsun”.

Bahar Muradova qeyd edib ki, 2021-ci ildə 56 314 nikah, 17 191 boşanma olmuşdusa, 2022-ci ildə 61 939 nikahdan 15 983-ü pozulub: “Orada cüzi olaraq müsbətə doğru dəyişiklik olsa da, boşanmaların cəmiyyətdə nə dərəcədə narahatlığa səbəb olduğu görünür. Bəzi hallarda boşanma prosesləri daha çox mülki məsələlər üzərində gedir və burada uşağın vəziyyəti nəzərə alınmır. Bu da uşağın gələcəyi ilə bağlı bir sıra problemlərə yol açır”.//musavat.com

Mənbə: press.az