Modul tipli xəstəxanaların fəaliyyət istiqaməti nə zaman dəyişdiriləcək?

Modul tipli xəstəxanaların fəaliyyət istiqaməti nə zaman dəyişdiriləcək?<span class="qirmizi"></span>

COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan Modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"Yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb.

Pandemiya dönəmində 46 pandemiya tibb müəssisəsi fəaliyyət göstərirdi. Hazırda isə TƏBİB-in tabeliyində sadəcə Məhəmmədi Modul tipli xəstəxana fəaliyyətdədir.

Qeyd edək ki, bölgələrdə və Bakıda COVID-19-la mübarizəyə cəlb edilmiş xəstəxanalarda ənənəvi xidmət artıq uzun müddətdir ki, bərpa edilib. Həmin müəssisələrdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbələri yaradılıb, triaj sistemi qurulub və digər şöbələr xəstə qəbuluna tam hazır vəziyyətə gətirilib.

Bu yaxınlarda Saray, Bakı və Sumqayıt şəhərlərində, Abşeron və Xızı rayonlarında yaşayan əhaliyə vərəm əleyhinə göstərilən yardımın yaxşılaşdırılması məqsədilə dərmanlara həssas vərəmli xəstələrə stasionar yardım üçün 200 çarpayı fondu olan Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxana yaradılıb ki, bu xəstəxana fəaliyyəti dayandırılmış Saray Modul tipli Xəstəxana kompleksinin bazasında formalaşdırılıb.

Zərurət yarandığı təqdirdə modul tipli xəstəxanaların fəaliyyəti optimallaşdırılır", - deyə məlumatda qeyd edilib.

Milli.Az

Mənbə: news.milli.az