Qırmızı attestatlı şagirdlərin arasında 0-a yaxın bal toplayanlar da var…

Qırmızı attestatlı şagirdlərin arasında 0-a yaxın bal toplayanlar da var…<span class="qirmizi"></span>

Səbuhi Abdullayev: “Əksər şagirdlərin imtahanda topladığı bal məktəbdə aldığı qiymətləri əks etdirmir”

Orta məktəbi “5” qiymətlə bitirən məzunların heç də hamısı attestat qiymətlərini doğrulda bilmir. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. 2022-ci ildə məktəbləri qırmızı attestatla bitirən şagirdlərin bir qisminin imtahan nəticələri 0-200 bal arasında olub.

Gəncədə attestat qiymətləri əla olan şagirdlərin 16%-i: Gədəbəydə 15,34%, Goranboyda 23,5%, İmişlidə 18%, Qazaxda 12%, Lerikdə 29%, Lənkəranda 9%, Salyanda 13%, Sumqayıtda isə 5,6% 0-200 bal toplayıb.

“Vaxtının əsas hissəsini universitetə qəbul olmağa həsr edən şagird qəbulda yalnız öz hazırlaşdığı fənlərdən yüksək nəticə toplayır, nəticədə…

Mövzu ilə bağı fikir bildirən təhsil eksperti Səbuhi Abdullayev qeyd etdi ki, əksər şagirdlərin imtahanda topladığı bal məktəbdə aldığı qiymətləri əks etdirmir: “Bu statistikanın həqiqətə nə qədər uyğun olub-olmadığını yoxlamaq lazımdır. Bu məsələdə təsadüf və istisnalar ola bilər. Amma bu, kütləvi deyil. Orta məktəbi qırmızı attestatla bitirən şagirdlərin içərisində 200-dək bal toplayanların olduğu faktı doğru deyil. Məktəbi qırmızı attestatla bitirənlər içərisində kifayət qədər yüksək bal toplayanlar var. Digər tərəfdən, bununla bağlı rəsmi sorğu tərəfimizdən Dövlət İmtahan Mərkəzinə rəsmi olaraq yönləndirilib. Bu statistikanın həqiqətə uyğunluğunu araşdırmaq lazımdır. Bundan başqa, orta məktəbdə aparılan dərslərin keyfiyyəti valideynləri qane etmədiyi üçün övladlarını hazırlıqlara qoyurlar. Hazırlığa gedən uşaqlar məktəbdə digər fənlərə fikir vermir. Vaxtının əsas hissəsini universitetə qəbul olmağa həsr edən şagird qəbulda yalnız öz hazırlaşdığı fənlərdən yüksək nəticə toplayır. Nəticədə bu cür vəziyyət yaranır. Təsadüflər və istisna hallar ola bilər. Amma əlaçı uşaq adətən yüksək bal toplayır”.

Ekspert hesab edir ki, kurikulum sistemi müzakirə olunmalıdır: “Təhsil sistemi böyük və çoxtərəfli canlı bir orqanizmdir. Orda çevik hərəkət bəzən narazılıqlara səbəb ola bilir. Kurikulum ilə bağlı narazılıqlar həddindən artıq çoxdur. Ölkəmizdə kurikulum sistemi qalmaqdadır. Dünyanın əksər ölkələrində bu sistem qəbul olunmur və valideynlərin ciddi narazılığına səbəb olur. Düşünürəm ki, bu ictimailəşsə, bir müddət sonra ciddi müzakirələr olacaq”.

Leyla QARAXANLI

Mənbə: www.baki-xeber.com