"Son illər din sahəsində məlumat azlığı bir çox problemlər gətirib"

"Son illər din sahəsində məlumat azlığı bir çox problemlər gətirib"<span class="qirmizi"></span>

Müasir dünya elm və texnologiyanın sürətli dövrünü yaşayır. Bu sürətli inkişafa baxmayaraq, din hələ də dünyada müzakirə və mübahisə obyekti olan mövzulardandır. Müstəqillik illərindəki arayışlardan biri ölkəmizdə din-dövlət münasibətlərinin necə tənzimlənməsi məsələsi və dini təhsil olmuşdur. Belə ki, bu mövzuda müxtəlif səpkili istər rəsmi, istərsə qeyri-rəsmi fikirlər səsləndirilmişdir. Dinin insan həyatında xüsusi yer tutması danılmaz bir həqiqətdir. Bu halda insanların yaşadıqları dövlətin bu sahədə müəyyən bir proqramının olması təbiidir. Dövlətlər var olduğundan indiyə qədər dinlər də bu və ya digər şəkildə dövlət və cəmiyyət həyatında öz təsirini göstərmişdir.

Dinin insan həyatındakı yerini və əhəmiyyətini nəzərə alsaq, belə bir nəticəyə gəlmək mümkündür ki, dövlət və insan var olduğu müddətdə din də öz varlığını və təsirini saxlayacaqdır. Azərbaycanda din-dövlət münasibətləri müstəvisində dini təhsil necə olmalıdır, mövzusuna keçmədən əvvəl, ölkəmizdə hazırkı dini vəziyyəti müəyyən etmək vacib məsələdir.

Türkiyə Respublikası Kırıkkale Dövlət Universitetinin İslami Elmlər fakültəsində Kəlam və Etiqadi İslam Məzhəbləri dosenti, professor Şahin Əhmədoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan cəmiyyyətinin böyük bir qismi İslam dininə mənsubdur. Ölkəmizdə müxtəlif məzhəblərə Şiə, Əhl-i Sünnət (Hənəfi, Şafii, Hənbəli) və digər İslam təriqət və camaatına mənsub müsəlmanlar var. Bununla birlikdə, din sahəsindəki ortaya çıxan bilgi boşluğunu xaricdən gələn müsəlman və digər missionerlər tərəfindən doldurulmağa çalışılmışdır.

Türkiyə Kırıkkale Universitetinin dosenti, professor Şahin Əhmədoğlu / Foto: Bizimyol.info

“Son illərdə din sahəsindəki məlumat azlığı özüylə bir çox problemləri gətirib. Belə ki, təriqət, camaat və missioner təşkilatların fəaliyyətinin artması cəmiyyət içində müxtəlif inancların ortaya çıxmasına və cəmiyyətə zərər verəcək dərəcədə qütbləşmələrə gətirib çıxarıb. Bunun üçün Azərbaycan cəmiyyətinin dini məlumatları haradan və necə əldə etdiyini aydınlaşdırmaq xüsusi əhəmiyyət kəsb edir”-deyə professor bildirib. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti dini məlumatları ilkin olaraq şifahi şəkildə əldə etmişdi. Bu, uzun əsrlərdən bəri dildən-dilə dolaşaraq dini hekayələr, rəvayətlər, bayatılar şəklində günümüzə qədər gələn məlumatlardır. Xüsusilə, Sovet dövründə qadağaların olduğu vaxtlarda daha çox hiss etdirmişdir. Bunlar həqiqi dindən daha çox insanların özlərinin dinlə qarışıq şəkildə, bəzən də dini həqiqətləri əks etdirməyən məlumatları əhatə etmişdir. Bu məlumatlar cəmiyyətin zehnində dərin izlər buraxmışdır.

Professorun sözlərinə görə, dini ədəbiyyat yolu ilə gələn məlumatlar Azərbaycandakı din adamlarının və mütəxəssislərin əsərləridir. Dini ədəbiyyatın ikinci qismi, tərcümələrdən meydana gələn materiallardır. Bunlar rus, ərəb, fars, ingilis və digər dillərdən tərcümə edilən və Türk dilindən uyğunlaşdırılanlardır.

“Buna bir də qloballaşan dünyanın mayakı olan interneti əlavə etmək lazımdır. Bu tərcümələr işığında Azərbaycandakı dini durumun istiqaməti Türkiyə yönümlü, İran yönümlü (Şiə məzhəbi), Səudiyyə Ərəbistanı yönümlü (Sələfilik-Vəhhabilik), Xristian yönümlü, Yəhudilik yönümlü, qeyri-ənənəvidir. (Bəhailik, Yehova şahidləri)”-deyən professor qeyd edib ki, ölkədə baptist, adventist, protestant, Alman-lüteran, Roma-katolik, Yeni həvari, Nehemiya missiyası, Məhəbbət kilsəsi icmaları fəaliyyət göstərir.

Professorun fikrincə, Azərbaycanda din-dövlət münasibətlərinin tənzimlənməsinə diqqət yetirmək lazımdır.

“Konstitusiyamızın 18-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır.

Konstitusiyamızın maddələrindən də başa düşüləcəyi kimi dövlət vətəndaşının hər cür inancına, yaşamına təminat verir. Bütün vətəndaşlar qanun qarşısında bərabər şəkildə məsuliyyət daşıyırlar”-deyə professor əlavə edib.

Şahin Əhmədoğlu qeyd edib ki, din-dövlət-cəmiyyət münasibətlərinin nizamlanması üçün “Dini Etiqad Haqqında Azərbaycan Respublikasının Qanunu” da mövcuddur. Bu Qanuna görə, hər bir kəs istədiyi dinə, məzhəbə və inanca etiqad edə bilər.

Dini tədris məsələsinə gəlincə, Qanuna görə “Dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs dini kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər.

İradə Cəlil

Mənbə: www.bizimyol.info