Bakıda sirli yer: Razinin xəzinəsi burda gizlədilib

Bakıda sirli yer: Razinin xəzinəsi burda gizlədilib

“Neftçilər” metrosundan Bakıxanov qəsəbəsinə gedən yolda, təxminən şəhər mərkəzindən 10-12 kilometr məsafədə yerli əhalinin “Razin dağı” adlandırdığı bir sirli yer var.

Əksər insan orada olub, hətta sovet dövründə burda may bayramı keçirilib, pikniklər təşkil edilib. Yerli mediada bu dağ haqqında kifayət qədər yazılar gedib və bu günə qədər də oranı Razinin adı ilə hallandırırlar.

Bəli, Rusiyanın ən məhşur quldurlarından biri Stepan Razin bir müddət bu dağda yaşayıb və oğurladığı qızıllar və digər sərvətlə yanaşı Salyan xanının qızı ilə burada həyat sürüb. Lakin Razinin inancına görə, quldurbaşı evil ola bilməzdi və Salyan xanının qızını əlləri ilə boğub, Xəzər dənizinə atıb.

Bura çox qeyri-adi bir yer olduğu üçün əldə etdiyi var-dövləti, külli miqdarda qızıl və ziynət əşyaları olan sandıqları xüsusi otaqda gizlədib, sonradan digər səfərlərə çıxıb. Bu gün də burada Razinin gizli xəzinəsi olması barədə fikirlər səslənir. Hətta sovet dövründə “qara arxeoloq” deyilən xəzinə ovçuları uzun illər burada axtarış ediblər, sovet təhlükəsizlik orqanları araşdırma aparıblar, kiçik bir xəzinədən və Razinin dəstəsinə aid əldə edilən XVII əsrə aid güllələr, ox və nizə ucluqları, odlu və soyuq silahların qalıqları, ziynət və bəzək əşyaları, geyim elementlərini gizlin surətdə Moskvaya daşıyıblar.

Mağara ilə üzbəüz həyət evlərindən birində “qara arxeoloq” yaşayırdı. Onun haqqında təxminən 2000-ci illərin əvvəllərində “Zerkalo” qəzetində məqalə dərc olunmuşdu. Aşkarladığı ox uclarını və tuneldə tapdığı metal hissələrini göstərdi. Qəfildən yoxa çıxdı, sonra məlum oldu ki, Rusiyaya “köçüb”.

İndi isə ətraflı:

Bu dağın adı qədim qaynaqlarda və əlyazmalarda “Kühül dağları” kimi keçir. Bu dağın üzərində birbürclü qala olub və ordan Mərdakan qalasına, İçərişəhərə və Bakının bir çox yerinə yeraltı yol varmış. (Bu barədə məlumat rus yazıçısı və səyyahı Pavel İvanoviç Oqorodnikovun 1878-ci ildə nəşr edilən “Persiya və onun Xəzəryanı vilayətlərinə gedən yolda” kitabında yer alıb).

Hətta inandırıcı olmasa da, bəzi qaynaqlar Qara dənizə qədər yolun olduğunu iddia edirlər. İndiki salamat qalan mağara isə əslində dekorativ bir formadır. Orijinal mağaradan birbaşa Xəzər dənizinə və yuxarıda qeyd etdiyim kimi bir neçə yerə çıxış var idi. Deyirlər ki, Makedoniyalı İsgəndər də bu mağaranın yeraltı keçidindən keçib vaxtilə. Əfsanələr çoxdur.

Tarixi məlumatlara görə, Çar Rusiyasında quldur Stepan Razin hələ 1667-ci ildə Xəzər dənizi vasitəsilə Abşerona gəlmiş, burada dağdakı mağarada düşərgə salaraq soyğunçuluq və qarət məqsədilə ətraf kəndlərə basqınlar etmişdi. Əfsanələrə görə, mağaranın bütün Abşeron yarımadasında geniş yeraltı keçid şəbəkəsi olması Stepan Razinə gözlənilmədən müxtəlif yerlərdə peyda olmağa və hətta Bakıdan qoşunların gəlməsinə qədər gözlənilmədən yoxa çıxmasına imkan verirdi.

Razinin öldürülməsindən sonra onun xəzinəsini tapmaq üçün bir çox insan mağaranı axtarmağa başlayır. Hətta sovetlər Azərbaycanda hakimiyyət qurandan sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri olmuş Sergey Kirov görüşlərini bura salırdı ki, kimsə mağaraya yaxın dura bilməsin. Qızıl axtaranlar dəfələrlə mağaraya daxil olublar. Bəziləri sonradan ölü halda tapılıb. İndiki mağaranın girişi sonardan düzəlmədi, əslində buranın girişi yuxarı hissədən olub və ora düşmək üçün kəndirdən və taxta nərdivanlardan istifadə edilib.

Azərbaycanda 1930-cu illərdə Razinin xəzinəsini tapmaq üçün xüsusi ekspedisiya da ayrılır. Bu keçidlə getməyə çalışırlar, lakin orada artıq oksigen olmadığı üçün geri qayıtmağa məcbur olurlar. Qərara alınır ki, daha böyük bir araşdırma qrupu yaradılsın. Deyilənə görə, təhlükəsizlik xidmətinin əməkdaşları “bomj” qismində burda qalırdılar ki, kimsə ora gələndə dərhal xəbərləri olsun.

Sonra İkinci Dünya müharibəsi başlanır və mağarada zenit silahı quraşdırılır. Bunu etmək üçün mağaranın girişini daha böyük və hündür etmək lazım idi ki, silahı içəriyə yuvarlamaq daha rahat olsun. Buna görə də hazırkı mağaranın girişi yaradılır.

Müharibədən sonra axtarışlar yenidən aparılır, lakin nəticə əldə edilmədiyi üçün buranı partlatmaq qərarına gəlirlər. Mağara bir neçə dəfə partladılıb. İlk tıxanma təxminən qırxıncı illərin sonu - əllinci illərin əvvəlləri idi. Köhnə əfsanəyə görə, tunelin bir neçə məktəblinin itkin düşməsi səbəbindən partladılması elan edilir.

Maraqlı hadisələrdən biri də “V.İ.Lenin adına pioner təşkilatının 60 illiyi” adına meşə parkının salınması zamanı baş verir. Üç içməli su quyusu tapılır ki, birbaşa mağaraya çıxışı olur. Bu su quyuları mağarada gizlənələr üçün həyat mənbəsi olub. Moskvadan gələn əmrlər dərhal onları da məhv edirlər.

Əfsanələrə inansaq, bu mağarada olan xəzinənin dəyəri milyonlarla dollar qiymətindədir və ən əsası bunu tapan Bakının yeraltı yollarına girişi də tapa biləcək. Çünki bu yollar özündə çox sirləri saxlayır. Hətta Makedoniyalı İsgəndər və digər tarixi dövrlərə aid nadir arxeoloji tapıntılar əldə edilə bilər.

Deyilənlərə görə, Rusiya bu günün özündə də mağaraya nəzarət edir ki, kimsə xəzinəyə yol əldə edə bilməsin, bəlkə buna görə də orada tədqiqatlar aparılmır, aparılmasına izn verilmir.

Deyilənə görə, Aleksandr Dümanın "Qraf Monte Kristo" əsərinin qəhrəmanı Edmon Dantesin tapdığı xəzinənin yeri və həcmi də müəllifin Bakıda eşitdiyi Razinin xəzinəsindən yaranıb. Əsərində də məhz xəzinənin necə gizlədilməsini eşitdiyi kimi qələmə alıb.

Razinin xəzinəsinə gedən yol sirrini qoruyub saxlayır hamı üçün. Əlbəttə, sirr varsa, açarı da var.

Mənbə: axar.az