Zirə və Şüvəlanda qanunsuz tikililər sökülüb

Zirə və Şüvəlanda qanunsuz tikililər sökülüb

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

APA xəbər verir, bu çərçivədə Bakı şəhəri, Xəzər rayonu, Zirə və Şüvəlan qəsəbələri ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Xəzərə rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.

FHN-in Tikintidə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin İnzibati xətalar, tikintiyə nəzarət sektorunun müdiri Kərim Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, hər gün qanunsuz tikintilərə qarşı müvafiq reydlər keçirilir: "Bildiyimiz kimi Şəhərsalma və tikinti məcəlləsinin müvafiq maddələrinə və qərarlarına uyğun olaraq tikintidə dövlət nəzarəti, dayandırma və söküntü qaydaları birbaşa Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir. Qanunsuz tikintilərə qarşı demək olar ki, hər gün biz tərəfdən və Şəhərsalma və Arxitektura Komitəsi, rayon icra hakimiyyətləri, polis tərəfindən müvafiq reydlər keçirilir və qanunsuz tikintilərə qarşı mübarizə aparılır. Hazırda biz Xəzər rayonu Zirə qəsəbəsində qanunsuz tikinti ilə bağlı verilmiş qərarın icrasını yerinə yetiririk. Avqust ayında bu tikintinin sökülməsinə qərar verilmişdi. Tikinti bir neçə dəfə sökülsə də, sahibkar tərəfindən yenidən tikintiyə cəhd göstərilib. Bu gün yenidən qanunsuz tikintililərin sökülməsinə başlanıb. Bu torpaq kənd təsərrüfatı təyinatlıdır. Tikintiyə icazə sənədi yoxdur. Müəyyən hissə də qanunsuz zəbt olunub".

 

Mənbə: apa.az