Zahir Bağırovun döyüş yolu

Zahir Bağırovun döyüş yolu

Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın mənfur düşməndən qorunmasında canından keçərək şəhidlik zirvəsinə yüksələn Azərbaycan igidlərindən biri də Zahir Cəfər oğlu Bağırovdur.

Panorama.az xəbər verir ki, Zahir Bağırov 1975-ci ilin fevralın 25-də Daşkəsən rayonunda dünyaya göz açıb. O, 1982-1992-ci illərdə Daşkəsən rayonu İmaməddin Nəsimi adına 6 nömrəli orta məktəbdə təhsil alıb. 1992-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vasitəsilə sürücülük oxuması üçün Gəncəyə göndərilir. Sürücülük kursunu bitirdikdən sonra, Hacıqabul rayonuna həqiqi hərbi xidmətə çağırılır. Goranboy, Gədəbəy, Daşkəsən və Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edir. 1993-cu ildə Kəlbəcər uğrunda gedən döyüşlər zamanı əsgərlərimizin əllərini, ayaqlarını güclü şaxta vurduğu üçün Zahir onları Murov istiqamətindən Daşkəsənə aparır. Atası Cəfər Bağırov həmin əsgərlərin müalicə olunmalarında xüsusi səy göstərir. Zahir Bağırovun bacısı Mehriban Bağırovanın sözlərinə görə, Kəlbəcərdən gələn yaralı maroz vurmuş əsgərləri Daşkəsən rayon əhalisi evində saxlayaraq onlara baxıb, müalicə ediblər: "Hətta hər evdə ən azı 3 əsgər var idi”.

Bundan sonra 15 gün Gəncə hərbi hosbitalında müalicə aldıqdan sonra yenidən hərbi xidmətə qayıdırlar. 1995-ci il may ayının 24-dən 25-nə keçən gecə Kəlbəcərin "Zivlən" istiqamətində erməni kəşfiyyatçıları tərəfindən Zahirgilin postu mühasirəyə alınır. Zahir və on üç digər silahdaşı qəhrəmancasına vuruşur. Lakin silah sursat çatışmazlığından vəziyyət çətinləşir. Zahir əsgərlərə silah gətirən zaman şəhid olur. Onun nəşi bir gün neytral zonada qaldıqdan sonra, may ayının 26-sı atası Cəfər Bağırov nəşi çətinliklə də olsa təhvil alır. Şəhid Zahir Bağırov Daşkəsən rayon Şəhidlər xiyabanında dəfn olunub. Yuxarı Daşkəsən qəsəbə məktəbi hal-hazıda Zahir Bağırovun adını daşıyır.

Əzizə Qədirova

 

Mənbə: new.panorama.az