Azərbaycan səfiri Gürcüstandakı Azərbaycandilli məktəblərin qayğıları ilə tanış olub

Azərbaycan səfiri Gürcüstandakı Azərbaycandilli məktəblərin qayğıları ilə tanış olub

Azərbaycanın Gürcüstandakı səfirliyində bu ölkədə fəaliyyət göstərən Azərbaycandilli məktəblərin direktor və müəllimləri ilə görüş keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşün təşkil olunmasında məqsəd yeni tədris ili ərəfəsində təhsil müəssisələrinin qayğıları ilə tanışlıq olub.

Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının təşkilatçılığı ilə baş tutan görüşdə Tbilisi, Rustavi şəhərləri, Marneuli, Qardabani, Bolnisi rayonlarında yerləşən məktəblərin 30-a yaxın direktor, direktor müavini və müəllimi iştirak edib.

İttifaqın sədri Səadət Zeynalqızı görüşə görə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənova minnətdarlığını bildirib. O, tədrisi Azərbaycan dilində olan məktəblərlə bağlı bir neçə təkliflər səsləndirib.

İttifaq sədri məktəblərdə idman komandalarının yaradılması və məktəblərarası yarışların keçirilməsini təklif edib. S.Zeynalqızı deyib ki, Azərbaycandilli məktəblər arasında bilik yarışları da təşkil oluna bilər: “Yarış “Azərbaycanı tanıyaq” mövzusunda keçirilə və qaliblərin Azərbaycana səfəri təşkil oluna bilər”.

Sədr bildirib ki, ucqar kənd məktəblərinin şagirdlərinin Tbilisi daxil olmaqla Gürcüstan bölgələrinə səfərinin təşkil olunmasına da ehtiyac var.

M.F.Axundzadə adına 73 saylı məktəbinin müəllimi Qəhrəman Musayev məktəbin idman meydançasının yararsız olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunsa da, problem həllini tapmayıb.

Q.Musayev Azərbaycandilli məktəblərdə müəllimlər üçün metodiki vəsaitlərin kifayət etmədiyini bildirib. O deyib ki, Azərbaycanın Təhsil Nazirliyinin hər il Gürcüstana göndərdiyi metodik vəsaitlər bütün məktəblərə çatmır. Q.Musayev bu məsələnin həll olunmasında Azərbaycan səfirliyinin dəstək göstərməsini xahiş edib.

Qardabani rayonunun Muğanlı kənd məktəbinin direktor əvəzləyicisi Dilarə Abbasova məktəbin təmirə ehtiyacı olduğunu deyib. Onun sözlərinə görə, məktəbdə qapı-pəncərələr yenilənsə də, məktəbdə əsaslı təmir-bərpa işlərinə ehtiyac duyulur.

Görüşdə çıxış edən digər direktor və müəllimlər də çıxış edərək məktəblərdə kitabxanaların Azərbaycan dilində kitablarla təmin olunması, qazlaşdırma, kadr çatışmazlığı və digər problemlər barədə danışıblar.

Səfir Dursun Həsənov görüşdə səsləndirilən təklifləri diqqətdə saxlayacağını bildirib. O, problemli məsələlərin həlli üçün səlahiyyətləri çərçivəsində və Gürcüstanın müvafiq dövlət qurumları ilə birgə dəstək göstərəcəyini qeyd edib.

Mənbə: report.az