Bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı yeni çadırlar gətiriləcək

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda keçiriləcək bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı yeni çadırlar gətiriləcək.

Bunu bu gün Aqrar Tədqiqatlar Mərkəzində yarmarkaya son hazırlıq işləri ilə bağlı mətbuat konfransında Trend-in sualına cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.

L.Məmmədova bildirib ki, əvvəlki illərdəki problemlərin qarşısını almaq üçün bir sıra tədbirlər görülüb:

“Ötən il güclü küləklə bağlı xoşagəlməz hadisə yaşanmışdı. Bu il isə həmin problemlərin təkrarlanmaması üçün xüsusi çadırlar gətiriləcək. Eyni zamanda soyuq günlərdə həm arıçılar, həm də alıcıların rahatlığını təmin etmək məqsədilə çadırlarda istilik sistemi quraşdırılacaq”.

Xatırladaq ki, ötən il güclü külək bal yarmarkası üçün quraşdırılmış çadırları uçurmuşdu.

Qeyd edək ki, bu 28 sentyabr-18 oktyabr tarixlərdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

Yarmarka Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) təşkil olunacaq.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Məşhur futbolçu xanımının görüntüləri – Foto

SONRAKI XƏBƏR

Akademik Musiqili Teatr dəvət edir: "Paris Notr-Dam kilsəsi"nin bu günü və bir günü