Səhiyyə işçiləri yanğın təhlükəsizliyi qaydaları barədə məlumatlandırılıb

Səhiyyə işçiləri yanğın təhlükəsizliyi qaydaları barədə məlumatlandırılıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin təşkilatçılığı, nazirliyin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının iştirakı ilə Xocavənd rayonu Tuğ kənd xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda “dəyirmi masa” keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbir səhiyyə işçilərinə fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə işi ilə bağlı vərdiş və biliklərin aşılanması məqsədilə təşkil edilib.

Tədbirdə FHN-in əməkdaşları “Zəlzələ”, “Dəm qazı”, “Sel və daşqın”,” Əyində geyim yanarkən davranış qaydaları”, “112 - qaynar xətti”nə müraciət qaydaları” və “Odsöndürən balonlardan istifadə qaydaları” mövzularında çıxışlar ediblər. Həmçinin videoçarxlar nümayiş olunub və iştirakçılara təbliğat materialları paylanıb.

Sonra səhiyyə müəssisəsinin təxliyə planının müvafiq qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarətin artırılmasının, müəssisənin ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi tibb işçilərinin diqqətinə çatdırılıb.

Mənbə: azertag.az