Uşağı evdə bağlı qapı arxasında qoyub getmək – Bakıda yeni problem…

Uşağı evdə bağlı qapı arxasında qoyub getmək – Bakıda yeni problem…

4 yaşlı qız hovuza düşüb öldü… Azyaşlı çirkab kanalına düşərək boğuldu... 3 yaşlı qız su nohurunda batdı... 3 yaşlı uşaq bağlı qapı arxasında qaldı…

Son vaxtlar informasiya lentlərində adi, kriminal xronikaya aid quru xəbər formasında verilən, əslində isə hər birinin arxasında dəhşətli faciə dayanan bu kimi xəbərlərə tez-tez rast gəlirik. Təəssüf ki, valideyn məsuliyyətsizliyi xoş olmayan hadisələrin yaşanmasına səbəb olur. Son zamanlar evdə köməksiz vəziyyətdə qalan uşaqlarla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə edilən müraciətlərin sayı artıb. Hətta bununla bağlı adıçəkilən nazirlik əhaliyə müraciət edib.

Müraciətdə deyilir: "Cari ilin iyul və avqust aylarında “qaynar xətt”ə köməksiz vəziyyətdə qalan azyaşlılar barədə bağlı qapı arxasında qalma 42, liftdə qalma hadisəsi üzrə isə 33 əməliyyat məlumatı daxil olub. Ümumilikdə, 75 əməliyyatda 89 azyaşlı təhlükədən xilas olunaraq ailə üzvlərinə və yaxınlarına təhvil verilib.

Bu kimi hadisələrin sayının çoxalmasını, mənzillərdə balacaların həyatına təhlükə törədə biləcək açıq elektrik naqilləri, elektrik plitəsi, qaz sobası, açıq eyvan və pəncərələr, düşə biləcək ağır əşyalar, kimyəvi maddələr və s. kimi amillərin mövcudluğunu nəzərə alaraq, valideynləri körpə və azyaşlılara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırırıq".

Danılmaz faktdır ki, valideynlər uşaqları evdə tək, nəzarətsiz qoyduqda yanğın və s. kimi təhlükəli hadisələr baş verə bilər. Bu kimi hadisələrin qarşısının alınması məqsədilə bir neçə il əvvəl Azərbaycanda evdə uşaqları nəzarətsiz qoyan valideynlərin qanunla məsuliyyətə cəlb edilməsi gündəmə gəlmişdi.

Könül Vaqifqızı: “2 yaşlı körpəni nəzarətsiz qoyub qaynar su qazanına düşməsinə, yaxud 3 yaşlı uşağı başlı-başına buraxıb su quyusuna düşməsinə və boğulmasına səbəb olmaq cinayət deyil, bəs nədir?”

Psixoloq Könül Vaqifqızı bildirdi ki, bu gün gənc anaların əksəriyyəti uşaqlarına lazımi diqqət göstərmir: “Bunun səbəbi valideynlərin daha çox sosial şəbəkəyə aludə olmasıdır. Təəssüf ki, bu gün bəzi valideynlər başları telefona qarışdıqları üçün uşaqlarının nə etdiklərindən xəbərsizdirlər. Azyaşlı uşaqların çoxmərtəbəli binadan yıxılma halları tez-tez qeydə alınır. Məlum olur ki, valideyn internetdə dostları ilə danışırmış, başı qarışıb. Uşaq isə pəncərəyə çıxaraq oradan yıxılıb. İndiyədək azyaşlıların açıq-aşkar məsuliyyətsizlik və laqeydlik üzündən həlak olması hallarına görə cəzalanan, demək olar, yoxdur. Belə hallar bədbəxt hadisə kimi qeydə alınır və valideynlər barədə cinayət işi qaldırılmır.

Doğrudur, çoxları deyə bilər ki, heç bir valideyn övladının ölümünü istəməz. Ancaq 2 yaşlı körpəni nəzarətsiz qoyub qaynar su qazanına düşməsinə, yaxud 3 yaşlı uşağı başlı-başına buraxıb su quyusuna düşməsinə və boğulmasına səbəb olmaq cinayət deyil, bəs nədir?

Bəzi valideynlər 1 saatlıq harasa gedən zaman evdə azyaşlı uşağını bağlı qapı arxasında saxlayırlar. Uşağı evdə tək qoyan valideyn onun başına nələrin gələcəyini düşünmür. Valideyn məsuliyyətsizliyi ilə bağlı cəzalar tətbiq olunmalıdır”.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com